Prezident İlham Əliyev Əziz Əliyevin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
VİZUAL.az xəbər verir ki, sərəncamla Əziz Cəmil oğlu Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib.
Əziz Əliyev kimdir?
Tibb elmləri doktoru, professor Əliyev Əziz Cəmil oğlu 16 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib.
1992-ci ildə Nyu-York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 1999-cu ilin iyul ayından 2002-ci ilin iyul ayınadək Pittsburg Tibb Universitetində (ABŞ) rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.
Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib.
2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb. 2008-ci ilin martında "Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər" («Гормоны и молекулярно-биологические маркеры при раке и предопухолевых процессах слизистой оболочки полости рта») mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.
Əziz Əliyev 2011-ci ildən 2013-cü ilədək Barmherzigen Schwestern (Lints, Avstriya) klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində calışıb.
2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışır.
2013-cü ildən Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində əvəzçilik üzrə çalışır. Evlidir, iki övladı var.
Əziz Əliyev Cəmil Əliyevin oğlu, Əziz Əliyevin nəvəsidir.
