“Qanunsuz tikililərin sökülməsindən Azərbaycana qarşı istifadə olunur”

“Qanunsuz tikililərin sökülməsindən Azərbaycana qarşı istifadə olunur”

İlham Əliyev:“Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir, hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir”

“İndi vaxtilə bəzi hallarda qanunsuz tikilmiş binaların köçürülməsi prosesi gedir. Bu məsələyə də toxunmaq istəyirəm. Çünki bəzi hallarda bu məsələ ilə bağlı spekulyasiyalara yol verilir”. Bunu prezident İlham Əliyev ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Onun sözlərinə görə, belə spekulyasiyalara xüsusilə xarici mətbuatda rast gəlinir: “Bu da Azərbaycana qarşı bir növ qaralama kampaniyasının tərkib hissəsidir. Yalan məlumatlar verilir, böhtanlar yayılır. Təəssüf edirəm ki, özünü hörmətli mətbu orqan sayan telekanallar, yaxud da ki, qəzetlər bu təxribata qarışırlar. Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Amma təxribatçı qüvvələr vardır ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər. Bu, şəhərimizin ümumi abadlaşma prosesini hansısa tədbirlərlə bağlamaq istəyirlər”. 

“Bizim ümumi xəttimiz, siyasətimiz, şəhərsalma proqramlarımız vardır. Bakının inkişafı hansı istiqamətlərdə gedəcəkdir?! Bu barədə biz dəfələrlə danışmışıq, yığışmışıq. Mən Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etmişəm. Bütün bu məsələlərə özüm baxmışam. Ona görə yenilik, quruculuq və köçürmə prosesləri artıq əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparılır. Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur. Biz nə qədər mümkündür hər yerdə parklar, yaşıllıq zolaqları salırıq. Şəhərin mərkəzindən köçürülən ərazilərdə avtomobil dayanacaqları, yeraltı avtomobil dayanacaqları yaradılır. Buna böyük ehtiyac vardır. Onun üstündə gözəl yaşıllıq zolaqları, parklar, ictimai yerlər tikilir və biz bu siyasəti davam etdirəcəyik”, - prezident bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az