“Quba hadisələrinə görə həbs olunan Yeni Azərbaycan Partiyasının üzvü, hakim-inspektor Akif Əliyev özünü günahkar saymır”. “Vətəninfo”nun məlumatına görə, Vəkil Əsabəli Mustafayev “Media forum” saytına belə deyib. Əsabəli Mustafayevin sözlərinə görə, aprelin 13-də Bakı İstintaq Təcridxanasında Akif Əliyevlə görüşüb: “Onun qardaşı ilə on gün əvvəl müqavilə imzalamağıma və orderi götürüb Baş Prokurorluğa təqdim etməyimə baxmayaraq görüşə imkan vermirdilər. Nəhayət, bu gün görüşə bildim. Akif Əliyev dedi ki, ömrü boyu idmanla məşğul olub, onlarla orden-medalı var. YAP-ın üzvü olsa da, aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. Eyni zamanda heç bir siyasi qruplaşmanın üzvü deyil, Qubada kimin icra başçısı olması onun üçün əhəmiyyət kəsb etmir, bu işlərlə maraqlanmayıb. O, martın 1-də Quba Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən aksiyada iştirakına aydınlıq gətirdi. Bildirdi ki, icra başçısının çıxış edəcəyini eşidib. YAP-ın üzvü olduğuna görə rayonun siyasi rəhbərinin iştirak və çıxış edəcəyi mitinqə qatılmağı özünə borc bilib. Amma heç kimə daş atmayıb, nəyəsə ziyan vurmayıb, bununla bağlı heç kimə göstəriş verməyib. Ona görə də özünü günahkar bilmir”. Əsabəli Mustafayev bildirib ki, onun iştirakı olmadan Akif Əliyevi bir necə dəfə dindiriblər, Quba hadisələrinə görə günahlandırılan digər şəxslərlə üzləşdiriblər. Akif Əliyev martın 27-də həbs olunub. Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın kütləvi pozulmasını təşkil etmə və iştirak etmə) və 186.1-ci (özgəsinin əmlakına ziyan vurma) maddələri ilə ittiham irəli sürülüb. Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.