“Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanov dünən İtaliyada əməliyyat olunub. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib.
Hazırda paytaxt Romada olan Əmircanov özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, yaşıl meydanlara qayıdışı təxminən 1 ay vaxt alacaq: “Sol dizimin piy toxumalarında “kista” var idi. Ağrıya-ağrıya məşq edirdim. Buna görə də, zədə məndən əl çəkmirmiş. İtaliyalı professor deyir ki, narahat olma, yaxşı olacaq. Bir aya tam sıraya dönüb, futbol oynaya biləcəm”.
Hələ Bakıya qayıtmağı düşünməyən Ruslan daha bir müddət Romada qalacaq: “Qəbələ” rəhbərliyi sağ olsun, məni bura göndərdi. Həqiqətən də, dünyanın ən güclü həkimləri məhz əməliyyat olunduğum klinikada çalışırlar. Daha iki həftə Romada qalacam. Əməliyyatdan sonra reabilitasiya prosedurları olmalıdı. İstəyirəm ki, onları da burda keçim. Reabilitasiya keçəndən sonra Bakıya rahat qayıda bilərəm”.
Əmircanovun “Qəbələ” ilə müqaviləsi mövsümün sonunda başa çatır. Zədəsinə görə uzun müddət oynamayan futbolçu ilə klub rəhbərliyi hələ ki, yeni müqavilə barədə söhbət etməyib. “Qəbələ”də qalmaq arzusunda olan Ruslan hazırkı komandasında hətta pulsuz oynamağa da hazırdı: “Mən “Qəbələ”yə kömək etmək üçün keçmişdim. Amma bəxtim gətirmədi. Cəmi 2 ay oynadıqdan sonra zədələndim. Hələ rəhbərlik tərəfindən yeni müqavilə təklif olunmayıb. Saxlasalar, qalaram. Lazım olsa, pulsuz oynamağa da hazıram. Çünki “Qəbələ” rəhbərliyi mən zədəli olub, oynamadığım vaxtlarda da həmişə pulumu verib. Onların bu yaxşılığını unutmaram”.
Vətəninfo.az