"Hər zaman demişəm ki, nəsr insanın həyatı, poeziya taleyidir" - Müsahibə

"Hər zaman demişəm ki, nəsr insanın həyatı, poeziya taleyidir" -  Müsahibə

Nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlu olduğu kimi.

Bu gün sizi sanki, ədəbiyyatdan bir qədər çəkilmiş kimi görürük, bu nəylə əlaqədardır?

-Yox, ədəbiyyatdan çəkilməmişəm. Sadəcə olaraq yaradıcılıq yolumu bir qədər dəyişmişəm və öz işimlə məşğul oluram. Mənim böyük bir hobbim var: mahnı mətnləri yazmaq. Çünki bu sahə həm pul gətirir, həm də şöhrət. Bu gün çox adam çox söz deyir, amma nəticə ortadadır ki, ədəbiyyat oxunmur. Ciddi ədəbiyyat heç oxunmur. Görsəm ki, ədəbiyyata bizim şövqlə yazıb yaratdığımız illərdəki qədər maraq var, hamıdan yaxşı yazaram. Bədii yaradıcılığımın 90 faizi nəsr əsərləridir. Bəzən məni sırf nəğməkar şair kimi təqdim edirlər. Bu səhv təqdimatdır. Sadəcə gördüm ki, millət ciddi ədəbiyyatın kitabını bağlayıb bir kənara qoyub, bir vaxtlar əsərlərimi oxuyan insanlar artıq həyatda yoxdurlar, qalanlar da oxucudan, dinləyiciyə və tamaşaçıya çevrilib, onda anladım ki, mahnı mətnləri yazmaq lazımdır. Çünki bu gün insanların oxumaqla arası yoxdur. Bəzən nikbin danışırlar, amma başa düşə bilmirəm. Yazdığım nəsr əsərləri ciddi ədəbiyyat nümunələridir, eləcə də Andrey Palatonov və başqa yazarlardan etdiyim tərcümələr. Tez-tez o vaxtlar deyib, keçmişi xatırlamaqdan da xoşu gələn adam deyiləm. Amma bir şeyi deməliyəm, o vaxt ciddi ədəbi mühit var idi. Əkrəm Əylisli “Azərbaycan” jurnalının baş redaktoru idi. Biz cavanları tərcümələrə həvəsləndirirdi, yəni hamı ədəbiyyatla nəfəs alırdı. Bu gün isə hər şey dəyişib. Bir sözlə, suların durulmasını gözləyirəm.

 - Bildiyimiz kimi şairlərin əksəriyyəti duyğusal olurlar, maraqlıdır ki, həyatda necə bir insandırlar?

 - Onu bildirim ki, mən həyatda tamam başqa insanam. Ənənəvi şair obrazı məndə yoxdur. Bəlkə də ona görə ki, özümü hər zaman ciddi nasir saymışam. Romantik şair obrazı mənə tamamilə yaddır. Məni zəmanə şair elədi. Hətta onu da deyə bilərəm ki, özümü buz nəsri təməlində formalaşmış bir ciddi nasir sayıram. Ən azından özümü pis ədəbiyyatçı hesab etmirəm. Bilirəm ki, əgər seçim qarşısında qalsam, təbii ki, ciddi nasirliyi seçərdim. Özümü ciddi nasirlik bölümündə görürəm. Şairlik demək olar ki, hamının müəyyən bir dövründə olur. Hər insanın içərisində bir şairlik qabilliyyəti olur. Sadəcə olaraq həmin şairi böyüdüb bəsləmək lazımdır. Və bunu da hamı eləmir. Kimsə həmin şairliyi öz içərisində dəfn edir. Mənə də elə gəlir ki, bir zamanlar da mən həmin şairi daxilimdə dəfn eləmişəm. 80-90-cı illərdə dimək olar ki, ciddi ədəbiyyat oxucusu öldü. Bax o zaman mən məcbur oldum ki, şairlik edim.

 - Sizcə bu oxucuların itməsinə səbəb nə idi?

 - Yəqin ki, bütün bunlar zamanla bağlıdır. Dəyərlərin itməsidə buna təsir göstərə bilər. Ciddi oxucu nə zaman ölə bilər? Oxucunun da marağı o zaman ölə bilər ki, ədəbiyyatın meyarları olmaya. Artıq ciddi ədəbiyyat istəyən yoxdur. Bunu fikirləşib 90-cı illərdə məhsuladar şəkildə mahnı yazmağa başladım. Çünki mənim ciddi saydığım oxucu sonralar dinləyiciyə və tamaşaçıya çevrildi. Buna görə də içimdəki şairi dirildib indiki tanıdığınız Baba Vəziroğlu oldum.

 - Mahnıdan şairliyə qayıtmaq çətin olmadı ki?

 - Belə baxanda şairliklə mahnı demək olar ki, eyni amildir. Əvvəlki ciddi oxucunun yenidən dirilməsi çox çətin məsələdir. İndiki zamanda əvvəlki ədibləri oxuyan gənc demək olar ki, yoxdur. Mən hələ rus klassiklərini demirəm. İnanıram ki, nə vaxtsa hər şey öz yoluna düşəcək. Hər zaman eşitmişik ki, bu xalq zəhmətkeş, vətənpərvər xalqdır. Bir gündə eşidəcəyik ki, bu xalq kitab oxuyan xalqdır. Dahi Nizami demişkən, bir insan digərindən yalnız elmlə fərqlənə bilər. Bax o zaman hər şey dəyişəcək. Nə vaxtsa dəyərlər tam şəkildə dəyişəcək, bax o zaman da daha ciddi ədəbiyyatla məşğul olacam.

 - Nasirlikdən söz düşmüşkən, bir müsahibədə oxumuşuqduq ki, sizə nasir deyilməsini bəyənmirsiniz, niyə?

 - Belə bir şey ola bilməz. Əksinə hər zaman demişəm ki, mən ciddi yazıçı və nasirəm. Yəqin bu jurnalistin texniki səhvi olub. Nasirlik mənim təməl prinsipimdir.

 - Övladlarınıza atasının şairlik istedadı keçibmi?

 - Onlar tamam başqa sahənin insanlarıdır. Onlar ingilis dilinə daha çox meyllidirlər. Onlarında öz fitri istedadları mövcuddur. Qızım ingilis dilini elə bilir ki, hətta Barak Obamadan yaxşı danışır.(gülür...)

 - Sizin daha çox sevgi mövzusunda yazdığınızı bilirik, maraqlıdır ki, belə şeirləriniz öz ünvanı olur, yoxsa istəyib də yazırsınız?

 - Hər zaman demişəm ki, nəsr insanın həyatı, poeziya isə insanın taleyidir. Burada ünvan ola bilməz, burada tale və həyat var. Bu mənada mənim bütün şeirlərim insan taleyidir. Mənim nəsrimdə də insanların bütün həyatları təfərrüatları ilə əks olunur. Bu məna ilə ünvan axtarmaq düzgün deyil. Məhəbbət şeirlərində də maraq axtarmaq düzgün deyil. Mənim poeziyamın vəsf ünvaları bu günahkar torpaqda yaşamaqdır. Mən şeirlərimin mövzusu konkret qadınlar deyil. Çünki poeziya ilahi varlıqları mədh edir. Sənin gərək poeziya qəhrəmanına əlin çatmasın. Hər zaman demişəm ki, mən səni sevirəm demək ədəbiyyat deyil, bu sadəcə bir informasiyadır. Ancaq mən səni necə sevirəm demək bax bu poeziyadır.

- Ömrünüzü bir nəğməyə bənzətsək həyatınızı misra- misra yoxsa bənd-bənd yaşayaradınız?

- Bəzən hətta cild- cilddə yaşamaq olar. Bəzi zamanlarda isə söz- söz, hərf hərf də yaşanır. İnsan olan kəs yalnız mənəviyyatır. Gün var əsrə bərabər. Elə yaşaya bilərsən ki, 1 günü 1 əsrə, ya da 1 əsri bir günə bərabər edərsən.

 - Mahnıda olduğumu kimi bu ömrün nəqarəti, bəndi, zil yeri və bəmi var. Sizdə hansı təbəqədir?

 - Zil yeri diyərdim ən çox cavanlıqda olub. (gülür...) Bu zaman zilə qalxırsan və zaman keçdikcə yavaş-yavaş bəmə düşürsən. Bəzən biz insanları çox zirvəyə qaldırırıq. İnsanları ilahiləşdirməklə heç də yaxşılıq etmirik.

 - Həyat sizin üçün hansı rənglərə boyanıb?

 - Maksimalist olduğuma görə parlaq rəngləri çox sevirəm. Ən çox da ağ qara rəngləri daha çox bəyənirəm. Mənim üçün bir şey ya var, ya da ki yoxdur. Hərdən kimisə də yola vermək üçün neytral sözlər demək olur. Ancaq daxilən orta həddi qəbul edə bilmirəm.

 - Həyatınızda elə bir an an olub ki, geriyə baxanda "kaş ki, bunu etməyəydim" deyəsiniz?

 - Bütün həyatımız elə kaş ki, bunu etməyəydik diməkdən ibarətdir. Bir çoxları həmişə keçmişinə baxdıqda peşmançılıq hissi ilə yaşayırlar. Ancaq iradəli insanlar isə bunu özlərinə rəva görmürlər. Özündə güc tapıb irəliyə gedə bilir. İndiyə qədər hələ elə bir insana rast gəlməmişəm ki, desin ki, keçmişimdən razıyam.

 - Bu dediklərinizi nəzərə alaraq Baba Vəziroğlu hazırki həyatında xoşbəxtdirmi?

- Hər zaman bunu deyirəm ki, xoşbəxtliyin reseptini mənə deyin məndə bilim. Bir sözlə xoşbəxtlik nə deməkdir? Dünyada yaşayan hər bir insanın özünün bir cürə xoşbəxtlik düsturu var. Bunları cəmləşdirib ümumi bir sxemə gətirmək mümkün deyil. Hər bir insan xoşbəxtliyi bir cür qəbul edir. Kimisi bir tikə çörəklə qarnını doyduranda, biri barmaqlıqlar arasından bir dəqiqəlik azadlığa çıxanda özünü xoşbəxt hesab edir.

 - Onda belə çıxır ki, xoşbəxtliyin düsturu hələ bəlli deyil?

 - Xoşbəxtliyin düsturu yoxdur. Sadəcə olaraq insanın özünü xoşbəxt hiss etdiyi məqamlar var.

 - Yaşadığımız bu dünya göz yaşına dəyərmi?

 - Əlbəttəki dəyməz. Ona görə dəyməz ki, bu qədər ki, dünyanı söyüb yamanlayırıq ki, sonra da həmin gileyləndiyimiz dünyadan vəfa umuruq. Uman yerdən hər zaman küsərlər. Əgər dünyadan bir şey ummuruqsa, o zaman ondan küsməyə dəyməz. Ona görə də şerilərimdən birində yazmışam ki, dünya onun üçün axıtdığın bir göz yaşına dəyməz. Çünki sənin göz yaşın dünyadan bahalıdır. Bütün bunlara görə də göz yaşı axıtmağa dəyməz.

 - Bir əsərinizdə olduğu kimi yaddan çıxan görüşünüz olubmu?

 - Belə bir an olmayıb. Çünki əsas görüşlər yaddan çıxmır. Ancaq əhəmiyyət şeylər yaddan çıxa bilər. Əsas iki görüş var ki, onlardan biri həyatla görüş, digəri isə ölümlə. Həyatla görüş hələki yaddan çıxmayıb, o birisinə isə hələ çox var.

 - Məndən sənə nə qalacaq? Bilmirəm. Səndən qalan xatirədir ayrılıq. Maraqlıdır ki, Baba Vəziroğludan bizlərə nə qalacaq?

 - Məndən sizlərə gözəl mahnılarım qalacaq. (gülür...) Hər zaman bizim mahnılarımızın başqa ölkələrin müğənniləri tərəfindən oxunmasına fəxr etmişik. Nəhayət ki, o an gəldi ki, artıq bizim mahnılarımızı məharətlə ifa edirlər. Nə xoş ki, həmin ifa olunan bəstələr içərisində mən və Kamal müəllimin yazdığı mahnılar olur. Bu da təbii ki, bir müəllif kimi məni çox sevindirir. Ən çox ona sevinirəm ki, Azərbaycan musiqisi ölkəmizdən kənarda ifa olunur. Bizim mədəniyyətimiz çox irəlidədir .

- Sizi son zamanlarda Kamal müəllimlə daha çox birgə görürük. Sizin iş birliyiniz digərlərinə nisbətən daha yaxşı alınır yoxsa necə?

- Mən cavan yaşlarımdan mahnılar yazmağa başlamışam. Dimək olar ki, Azərbaycandakı bütün bəstəkarlarla çalışmışam. Misal olaraq Emin Sabitoğlu, Ramiz Mirişli, Telman Hacıyev, Oqtay Rəcəbov və başqaları. Ancaq son zamanlar Kamal müəllimləri daha sıx çalışırıq. Onunla həmçinin bizim şəxsi dostluğumuzda var. Bu həm də iki yaradıcı insanın yaradıcı məhsuludur. Onunla birgə yazdığımız mahnıların bəhrəsini də artıq insanlar görür.

- Bir mahnını müğənniyə təqdim edəndə ona uyğun olmasına xüsusi önəm verirsiniz?

 - Onu qeyd edim ki, mahnı yaradıcılığı çox çətin bir prosesdir. Mahnı çox çirkli bir mətbəxtdə yaranır. İlk olaraq Kamal müəllim mahnıya musiqini yazanda artıq mövzunu bilirəm ve buna uyğunda mahnı yazıram.

- Elə müğənnilərimiz var ki səs diapazonları yüksəkdir ancaq istədikləri nəticəni əldə edə bilmirlər, eləsinin də səsi bəmdir lakin istədiyi nəticəni əldə edə bilir. Buna səbəb nədir?

 - Mahnıda səsin diapazonunun o qədər də önəmi yoxdur. Buna baxmayaraq ki, mahnının öz tembri olmalıdır. Diapazon mahnıda az rol aynayır. Böyük səs birinci şərt deyil. Çox nadir hallarda olur ki, həm diapazon, həm də səs güclü olur. Misal olaraq Alim Qasımovda olduğu kimi.

 - Sizə paxıllıq edənlər çoxdurmu?

 - Bəlkə də var, ancaq mən bilmirəm. Çünki paxıllıq edən mənim yanımda etməyəcək ki. O qədər olub ki, qulağıma çatıb, lakin çox üzə vurmuram.

 - Sizin nota alaraq kağızdaca dəfn etdiyiniz mahnı varmı?

 - Belə mahnılarım çox olub. Misal olaraq artıq həyatda olmayan bəstəkarla belə mahnılarım çox olub.

 - Gənclər bəstəkarlığa gələrkən bu sənətin məsuliyyətini dərk edə bilirlərmi?

 - Onlar bu sənətə gələrkən pulu və şöhrəti daha çox görürlər. Bu sənətə gəlmək üçün ən azından musiqi təhsilin olmalıdır. Hər istəyən bəstəkar ola bilməz.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az