"Türk Tanrının əsgəridir və Türk Göydən gəlib"

"Türk Tanrının əsgəridir və Türk Göydən gəlib"

Nurəddin Mehdixanlı: Hər kəs ortalığa MİLLİ ƏXLAQ qoymalıdır

Müsahibimiz Nurəddin Mehdixanlıdır

-Nurəddin bəy, bir türkçü kimliyilə seçilən ən dəyərli sənət xadimlərimizdənsiniz. Bizə türkün kimliyi anlayışını  izah edərsinizmi?
 -Biz Türk qövmü içərisində Azərbaycan türkləriyik və bu bir elmi, tarixi həqiqətdir və bunu kimsə inkar edə bilməz. Türk Tanrının əsgəridir və Türk Göydən gəlib! Buna kimsənin şübhəsi olmasın. Yüzillər keçəcək bu, daha aydın bir şəkildə sübut olunacaq. Çünki, artıq Yer üzünə həyatın göydən gəlməyini deməyin özü çox şey deyir. Siz mənə başqa bir xalq göstərin ki, işğal elədiyi yerdə o millətin dilinə, dininə, əxlaqına toxunmayıb? Talayıblar, dilini dəyişib, dininə təcavüz ediblər, yeganə Türk millətidir ki, dünyanın sahibi olub, amma heç bir millətin dil-din bir yana, adət örfünə belə toxunmayıb. Basdığı yerləri uçurmayıb, qurub, yaradıb. Körpü salıb, məktəb, mədrəsə tikib. Təlim mərkəzləri tikib, mədəniyyət ocaqları açıb, kəhrizlər, hamamlar düzəldib, insanları təmizliyə aparan. İş yerləri açıb. XVI əsrdə ilk Türk sultanı İnsan haqqında Bəyannaməni-hansı ki, Bolqarıstanda kilsə divarında bu gün də durur, yaradıb. Avropa indi insan haqlarından dəm vurur. Türk millətindən başqa bir milləti göstərə bilməzsiz ki, getdiyi, olduğu, idarə etdiyi o böyük dünyada hansısa bir millətin yox olmasına səbəb olsun. Amma siz baxın, həmin Avropadan başlayan dünya müharibələrində soyqırımlar törədiblər, özlərinə böyük mədəni ali irq deyənlər bir millətin  yox olmasına fərman veriblər.
-Nurəddin bəy, sənətin fəlsəfəsi varmı?
-Sənət adamları xüsusi missiya sahibləridir, o istedad onlara Allahdan verilib. Sənət insanları anlamadıqları, görmədikləri dünyaya aparmaqdır. Necə məscid, sinaqoq, kilsə dua yeridirsə, Yaradanla qalmaq və dərdlərini pıçıldamaq yeridirsə, teatr da insanlar üçün eynilə. Zalda insanlar, bir-birini görmədən bir nöqtəyə baxırlar. Bunu hansı sənət növündə görmüsüz? İnsanı özündən çıxarıb aparır başqa aləmə. Başqa bir misal çəkim: Şəbeh teatrlarını xatırlayırsızmı? Əgər bu, şeytani bir peşə olsaydı, nədən bizim müqəddəslərimizin həyatını, Kərbəla müsibətini və ya digər müsibətləri teatrallaşmış şəkildə oynayırlar? Nədən insanların duyğularına, düşüncələrinə təsir edirdilər o müsibəti unutmamaq üçün? Deyin mənə, İmam Hüseynin, Əbülfəzl Abbasın müsibətini, Yezidin vəhşiliyini canlandırmaq şeytan əməlidirmi? İnsanlar çox asanlıqla elədiyi günahların altından qaçmaq üçün “Allah şeytana lənət eləsin!” deyirlər. Ay bu sözü deyən, Allah sənə lənət eləsin! Sən nəfsinə sahib çıxa bilmirsənsə şeytanın günahı nədir? Şeytan da, mələk də insanın içindədir. Yaxşı əməllər düşünəndə, içərisində Allah sevgisi olanda insan mələkləşir. Amma Allahını tanımayanda şeytanlaşır. Heç bir peşə insanı şeytaniliyə aparmaz, insanı şeytaniliyə NƏFS aparar. Bu cür insan insanlığın üz qarasıdır və bütün günahlar ondan doğar. At oğurluğu edər, nəfsinə sahib çıxa bilməz əxlaqsızlıq edər, insana yaraşmayan hərəkətlər edər. Bu mənada teatr, kino sənəti ideoloji bir silahdır. Sovet hökuməti kino-teatr, ədəbiyyatdan ideoloji silah kimi istifadə eləməyin hesabına ayaqda durmuşdu. Nə zaman onlar sistemin əleyhinə işlədi, o zaman dağıldı. Bizdə çox təəssüf ki, teatr, kino haqqında ucuz təsəvvür yaranıb. Buna şübhə eləmirəm, çünki bu gün bəzi televiziya kanallarından bu millətin başına əxlaqsızlıq, iyrənclik, rəzalət tökülürsə, heç bir dinə, insanlığa yaraşmayan əməlləri bizim evlərimizin içərisinə tökməyə çalışırlarsa, buna niyə təəccüblənək ki? Bu düşüncə bu halda təbiidir. Amma Sovet bundan yaxşı istifadə edirdi. O dövrdə filmlərdə çəkilən xarakterlər bizim qəhrəmanlarımıza çevrilmişdi. Biz Həsən Məmmədovun Bəxtiyarını sevirdik, azmı “Əsgər haqqında ballada”ya baxıb ağlamışıq? polkovnik İsayevin oynadığı “Baharın on yeddinci anı”nda Ştillis obrazındakı aktyoru, Tixinovu,  kim sevməyib? Nəyi demək istəyirəm? Əgər bu sənət və bu peşə sahibləri insanlara müəyyən məqamlarda doğru yol göstərə bilirlərsə, Vətəni sevməyi, Vətən, Torpaq, Allah uğrunda ölməyi, vuruşmağı, ğüldürməyi və son anda ölməyi öyrədirsə, bu sənət ilahi bir sənətdir. Bu sənətdən bir çox xalqlar çox güclü şəkildə istifadə ediblər. Rusiya boyda bir imperiya Çeçenistanda çökdü, bir ovuc çeçenin qarşısında. Ruslar sınma sindromundan xilas olmaq üçün serilallar çəkdilər, orda məğlub olan rus əsgərini burda qalib kimi göstərməyə başladılar və rus xalqının savaş ruhunu yenidən oyatdılar. Oyatdılar və gəlib Çeçenistanı sındırıb oldular sahib. Sənət budur! İkinci Dünya müharibəsində də bu varıydı, burdan sənətçilər gedib əsgərin içini doldururdular, ruhunu oyadırdılar.
-Axı bunları təşkil edən dövlət idi. Bu gün müstəqilik, Qarabağ boyda dərdimiz var, bəs indi dövlətin əlini nə tutur? Niyə kütləvi təbliğat dövlət tərəfindən aparılmır?
-O sualın ünvanı mən deyiləm. Mən bu gün üstümə düşən işi görürəm. Mənim teatrımın repertuarında Qarabağ hadisələrilə bağlı iki böyük əsər var. “Xəcalət” tamaşası Yaltada ən yüksək aktyor ustalığı nominasiyasında mükafat aldı. O festivalın da bir ənənəsi var, hansı ölkə qalib olursa, o teatrın binasında həmin ölkənin bayrağı bir il dalğalanır. Bu gün Azərbaycanın bayrağı Yaltada Çexov teatrının binası üstündə dalğalanır. Oktyabra qədər. Belqrada, Serbiyaya getdik, ən yaxşı tamaşa mükafatı ilə geri döndük. Biz teatr olaraq boynumuza düşən işi görürük. Amma elə işlər var ki, onu artıq başqa strukturlar görməlidir. Ona görə də o suala cavabı mən verə bilmərəm.
-Razıyam sizinlə. Amma bu halda da Azərbaycan tamaşaçısı öz qəhrəmanını digər ölkələrin tamaşalarında, filmlərində axtarır...
-Yenə də gəlib çıxırıq o yerə ki, dövlət əlində çəkic sənin başının üstündə dayanmamalıdır ki, get, vətənpərvərlik haqqında bir film çək. Bu gün qərar verilib. Bilmirəm, mövzular nə olacaq, nə çəkəcəklər. Bəli, mən də arzu edərdim ki, vətənpərvərlik ruhunda tərbiyə edəcək seriallar çəkilsin. Bir misal çəkim: Kimdir Polad Aləmdar Mübariz İbrahimovun yanında?! O təxəyyülün yaratdığı obrazdır, fantaziyadır, Mübarizsə real qəhrəmandır. Eləcə də Fərid, Əlif Hacıyev, adlarını saya bilmədiyimiz neçələri. Bunları çəkmək üçün zamanın keçməyi lazım deyil. İkinci Dünya müharibəsi gedə-gedə müharibədən filmlər çəkildi, bu filmlər bir təbliğat vasitəsinə çevrilmişdi. Biz də gəncləri savaşa, ancaq savaşa hazırlamaq üçün, bilirsiz, biz sülhlə bağlı hər addımları atırıq amma ora getmir, bizim qarşımızdakılar əxlaqsız bir mövqe tutub. Nəticə etibarilə Azərbaycan artıq torpaqları savaşla almaq zorunda qalacaq. Onun üçün gəncliyi, “SÜLH istəyirsən, SAVAŞA hazır ol!”. Bizim gənclərimizi millətilə, əsgərilə fəxr edəcək hala gətirən filmlər çəkilsin. Bu gün Azərbaycan cəmiyyətində təbliğatımız elə qurulmalıdır ki, əsgər cəmiyyətin ən yuxarıda dayanan insanına çevrilməlidir. Bütün imtiyazlara layiq bir adama çevirməliyik, bizim sərhəddimizdə dayanıb, bizim rahatlığımızı, övladımızı ən əsası bizim ŞƏRƏFimizi, BAYRAĞımızı, DÖVLƏTimizi qoruyan həmin o əsgərdir! Ancaq bu halda qələbə bizim ola bilər. Başqa yolu yoxdur. Hər insan özü bir dövlətdir. Hər insan özünü bu torpağın sahibi hiss eləyəndə onda bizim həll edə bilməyəcəyimiz heç bir problem qalmayacaq. Siyasətçisi, iş adamı, sənətçisi – hər kəs ortalığa bir MİLLİ ƏXLAQ qoymalıdır. Qarabağın işğalda olması bizim üz qaramızdır. Bundan xilas olmağın yolu bir yumruğa çevrilib Dağlıq Qarabağı Azərbaycanın sərhəddləri arasına almaqdır. Bu da ancaq savaşla mümkündür!

Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az