Qurban Məsimov: “İnsanları valeh eləməkdən ləzzət alıram”

Qurban Məsimov: “İnsanları valeh eləməkdən ləzzət alıram”

Müsahibimiz “Aramızda qalsın”ın Mehmanı, Pantomimonun “Nəm-nəm”i Qurban Məsimovdur (eksklüziv)

-Sizi teatra gətirən səbəb nə idi?

-Bu istək uşaqlıqdan var idi, bura qədər də gətirdi. Orta məktəbdə fərqlənirdim, kimyadan başım çıxmadığı halda gözbağlayıcılıqlar edirdim, uşaq vaxtı Artek düşərgəsində ən çox ödül iki ədəd olduğu halda, mən səkkiz ödüllə qayıtmışdım. Əsgərlikdə də eynilə. Parodiya edirdim, konsertlər verirdim, ləqəbim “artist” idi. Düşdüm hərbi rəqs ansamblına, aparıcı kimi çıxış edirdim, zaman-zaman müəyyən tədbirlərə quruluş verməyə başladım. Sonra gördülər səsim də var. Ordan da konservatoriyaya, Mürsəl Bədirovun yanına yönəltdilər, başladım əsgərlikdən icazə alıb məşqlərə gəlməyə. Mürsəl müəllim dinləmişdi və təəccüblə lirik-bariton səsim olduğunu demişdi. Səsim var idi deyə, Xuraman Qasımova, Fərhad Bədəlbəyli konservatoriyada ikinci təhsilimi pulsuz almağım üçün məktublar yazdı. Təkcə getdim nazirin qəbuluna və oturub danışdıq. Dil-boğaza qoymadım, ərizəmin üstünü yazdı ki, get, oxu. Diplom aldım, musiqili teatr aktyoru, eyni vaxtda Musiqi Akademiyasının vokal şöbəsini bitirdim.. Bu, mənə musiqili teatr aktroyunun necə olmağını öyrətdi. Yaradıcı baxımdan silahlandım.

-Özünüzün oynadığınız hansı rol sizi daha çox ifadə edib?

-Heç bir rolumu elə düşünmürəm, verilən rol, oynadığı obraz aktyora tamaşaçıya söz demək imkanını verir. O halda ki, bir insan kimi, yaradıcı şəxs kimi bu adam doludur, xarakter sahibidir, onu narahat edən problemlər var, zaman-zaman şəxsiyyətə çevrilir, yalnız bu halda söz demək hüququ var. Aktyor var ki, hansısa obrazda olmağı arzu edir və ya əksinə. Mən bu barədə heç düşünmədən mənə verilən rolun öhdəsindən gəlməyə çalışmışam. Olub ki, bir qısametrajlı filmdə 20-dən artıq rejissor olub, hərəsi də dörd kadr çəkməlidir. Baxa bilərsiz, internetdə var, bu, alman rejissoru Vayt Helmerin layihəsi idi və o 20 rejissor tələbəsi ilə gəlmişdi. Aydın məsələdir ki, hər rejissorun da öz dünyası var. Mən o 20 nəfəri dinləyib öz bildiyimi elədim. Təbii ki, mənim götürdüyüm xəttdə onların istəyi mütləq idi. Şükürlər olsun ki, bu doqquz dəqiqəlik qısametrajlı film Almaniyanın şəhərlərindən birində ən gözəl onluğa düşdü. Hətta pul mükafatı da aldım. Moskvada beşinci kinofestivalda da nümayiş etdirildi. Azərbaycanda isə o qədər səs salmadı. Ancaq mətbuat və kino aləmini izləyənlər xəbər tutdular. Adı belə gedirdi “Xəzər gözəli”. Olduğum işdə mən varamsa bütövlükdə o iş alınmalıdır. Mənim işim deyil deyib kənara çəkilə bilmərəm.

-Aktyor içindəki yaradıcılıq eşqini nə cür qoruyub-saxlayır? Gənclərdə bu, özünü necə göstərir?

-Bəxtiyar Xanızadənin bizə verdiyi istiqamətin nəticəsiydi ki, biz o yaradıcılığı saxlayırıq. Biz o vaxt əsas ideyanı üstün tuturduq ki, olmayan bir şeyi yaradaq. İndiki gənclər də bazar iqtisadiyyatının qaydalarına və sosial mühitin tələblərinə uyğun olaraq hərəkət edirlər. Əgər onun müraciət elədiyi teatrda maddi təminat varsa orda qalır, yoxdursa o maddi təminat olan tərəfə üz tutur. Əgər reklam dizayneri işində onun maddi təminatı bərpa olunursa içərisindəki yaradıcı adamı öldürür və gedir o istiqamətə. Bura olan enerjisini ora sərf edir. Orda da uğur qazanacaq, əgər məşğul olduğu iş yaradıcı işdirsə. Amma deyilsə içərisindəki o yaradıcı adamın yerini bir kədər, biz hüzn qaplayır. 

-Teatrlarımız arzuolunan səviyyəyə yaxınlaşırmı?

-Hələ yox. Bizə zaman lazımdır. Hesab edirəm ki, Azərbaycan teatrının yeniləşməsi, inkişafı ilə əlaqədar olan şəxslər bu barədə düşünürlər. Mən ayrı-ayrı teatrlarda bunu real olaraq görürəm. Kadr dəyişikliyi var, ayrı-ayrı modellərin sınanması var, xarici rejissorları dəvət edilir. 

-Teatrda cılızlıqlar varmı? 

-O qədər. Hər bir aktyorun rol üzərində işləyəndə özünə məxsus silahı olur. Nəzəriyyəni öyrənəndən sonra özününkünü kəşf edir. Olub ki, hansısa aktyor yeddi-səkkiz saat məşq edir. Dəfələrlə paltar dəyişir. Mənsə küncdə oturub onu seyr edirəm. İş bitir, tamaşa oynanır, onun oyununa əl çalırlar, mənə isə “bravo” sədaları aləmi götürür. Və mən anlayıram ki, oturduğum halda öz nömrəmi detallı şəkildə məşq edirmişəm. Eyni zamanda bədən yaddaşı da var. Aktyor üçün özülündə silahları itiləmək bacarığı olmalıdır. Səs, bədən, başqalaşma, yaşama-döyüşə düşəndə artıq sən bunları işə salmalısan. Əgər bunu etmirsənsə və ya oynamağa ara verib bir müddət kənara çəkilirsənsə geriyə qayıtmağın daha çox çətin olur. Aktyor işin içində qalmaq naminə daima oynamalıdır. Mənim hər hansı boşluqlarım, rəsm çəkməklə, şeir yazmaqla doldurulub. Sonra oldum Fotoqraflar Birliyinin üzvü, uğurlu işlərim oldu. Muzeylərdə sərgisi keçirildi. Yəni, özüm hiss elədim ki, valeh eləməkdən ləzzət alıram. 

Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az