Ramiz Novruz: "Qalmaqal hesabına məşhur olmaq istəyirlər"
Vətəninfo.az Akademik Milli Dram Teatrının aktyoru, Prezident təqaüdçüsü, xalq artisti Ramiz Novruzun Movqe.az saytının müsahibəsin təqdim edir:
-Ramiz müəllim, Azərbaycan incəsənətində gənc aktyorlara daha çox yer verilməsinin səbəbini nədə görürsünüz?
-Ümumiyyətlə
sənəti yaşlı və gənc təbəqəyə bölmürlər. Mən özüm də gənc aktyorlardan
biriyəm. Ola bilər ki, bu təbəqələşmə rollara görə bölünsün. Əgər rol
gənc nəsil tələb edirsə, aydın məsələdir ki, orada gənclərə daha çox yer
verilir. Bunu həmçinin də yaşlı nəsilə aid etmək olar. Onu da qeyd
etmək lazımdır ki, yaradıcı, daxili gözəl olan aktyorlarda yaşlanmaq
yox, köhnəlmək kimi xüsusiyyətlər olur. Əsas odur ki, sənətini sevib,
ona bağlanmağı bacarasan. Bu zaman aktyor özünü köhnəlmiş kimi deyil,
daima gənc hiss edir. Mənə daha çox təcrübəsiz olan gənclərin bu sənətdə
yer tutması maraqlı gəlir. Hərdən fikirləşirəm ki, onlar yaradıcı
heyəti necə inandıra biliblər ki, onlara etibar edirlər.
- Gənclərin peşəkarlığı hansı səviyyədədir? Tanınmış aktyor kimi nəticələrdən razısınız?
-
Mən hər zaman qeyd etmişəm ki, Azərbaycan incəsənətində istedadlı,
bacarıqlı gənc aktyorlar olduqca çoxdur. Sadəcə həmin aktyorları düzgün
istiqamətləndirməyi bacarmayan rejissorlar var. Yalandan rejissor adını
mənimsəmiş insanlar çoxdur. Həmin insanlar da bu sənətdə durğunluq
yaradır. Məsələn, çəkildiyim " Pərvanələrin rəqsi" adlı serialda onlarla
tanınmayan, lakin istedadlı gənclər də mənimlə bir yerdə işləyirdi.
Hal-hazırda "Bacanaqlar", "Qız atası", "Bozbash Pictures" kimi seriallar
çəkilir və qeyd edə bilərəm ki, oradakı gənc aktyorlar olduqca
bacarıqlı insanlardır. Əgər bir il ərzində bir-iki serialımız uğur
qazansa, bu bizim üçün böyük nəticədir. Çünki, şedevr əsərlər hər zaman
olmur.
- Artıq neçə illərdir ki, bu sənətdəsiniz. Sizə lazımınca qiymət verilirmi?
-
Hesab edirəm ki, lazımınca dəyər verilir. Bəziləri kimi hansısa
nailiyyət, dəyər arxasınca qaçan olmamışam. Çalışmışam ki, başımı aşağı
salıb, öz işimlə məşğul olum. Səmimi olaraq deyə bilərəm ki, heç bir
zaman gözləməmişəm ki, nə zamansa, mənə də "Xalq artisti" və yaxud da
"Prezident təqaüdçüsü" adı verilsin. Çünki, səbr etmək və doğru zamanı
gözləmək ən gözəl üsuldur. (gülür)
- Korifey sənətkarlarımızı itirdikdən sonra Azərbaycan incəsənətində durğunluq yarandı?
-Dünən
gecə həmin sənətkarlardan biri, Xalq artisti İlham Əsgərovu itirdik.
Aldığım bu xəbər məni çox məyus etdi. Allahdan ona rəhmət, yaxınlarına
səbr diləyirəm. Durğunluğa gəldikdə isə, o nəinki həmin sənətkarları
itirdikdən sonra, həmçinin onların zamanında və onlardan əvvəl də baş
verirdi. Məsələn, komediya janrından bəhs etsək, deyə bilərəm ki, indiki
gənc aktyorlar bacarıq cəhətdən qocaman aktyorlardan heç də geri
qalmır. Sadəcə keçmiş nəsillə indiki nəsil arasında ideologiya fərqi
var. Bizim tamaşaçılarda olan pis xasiyyətlərdən biri də odur ki, daima
keçmiş aktyorları nümunə kimi göstərirlər. Mən bunu düzgün
qiymətləndirmirəm. Gənc nəsili də müəyyən dərəcədə ruhlandırmaq
lazımdır. Yadıma gəlir, o zamanda indi korifey dediyimiz sənətkarlara
deyirdilər ki, bundan sonra nə kino çəkəcəyik. Amma zaman gəldi həmin
sənətkarlar Azərbaycan kinosunun inciləri oldu. Bəlkə indiki gənclər də
gələcək nəsil üçün korifey olacaq. Ona görə əməyə qiymət verməyi
bacarmalıyıq. ( kövrəlir)
- Səhnədə hansı səhvləri gördükdə sizi məyus edir?
-
Ən böyük səhvlərdən biri odur ki, nəyin hesabına olursa, olsun populyar
olmağa cəhd edirlər. Düşünmürlər ki, ilk növbədə sənətini sevməli, ona
qiymət verməyi bacarmalıdır. Bu zaman sənin izləyicilərin də səni
sevəcək və hörmət edəcək. Çox zaman qalmaqal hesabına bu sənətdə öz
yerini göstərmək istəyən insanlar peyda olur. Bu da məni məyus edən
hallardan biridir. Mən heç bir zaman qalmaqal hesabına məşhur olmaq
istəməmişəm. Buna görə də Allah hər zaman özü mənim mükafatımı göndərir.
(gülür)
- Hansı rolu oynayarkən özünüzü sanki o rolun prototipi hesab edirsiniz?
-
Sevdiyim rollar olduqca çoxdur. Mən konkret olaraq bir janrda oynayan
aktyor deyiləm. "Yaşlı xanımın gəlişi", "Xəcalət" tamaşaları mənim ən
sevdiyim tamaşalar sırasındadır. O rolları oynayarkən sanki özümü
tapıram. Ümumiyyətlə desək sevdiyim rollar kimi sevmədiyim rollar da
çoxdur.
- Bəs, özünüzü bənzətdiyiniz aktyor var?
- Özümü bənzətdiyim konkret aktor yoxdur. Amma məni daha çox SSRİ xalq artisti Mixail Ulyanova bənzədirlər. (gülür)
- Film və serialllarda çatışmayan cəhətlər hansılardır?
-
Çatışmayan cəhətlərdən ən başlıcası qeyri-peşəkar rejissorlardır.
Çünki, onlar aktyorları düzgün istiqamətləndirməyi bacarmır.