"Həmişə qorxu içində olmuşuq. Rusa böyük qardaş deyib, boyun əymişik. Rus qırıcısına 10 dəfə xəbərdarlıq edildikdən sonra atəş açılması pislənməməlidir. Nəzərə almaq lazımdır ki, həmin təyyarənin bir pilotu dünyasını dəyişdi və o pilot ölməsəydi, neçə türkmən insanını qətlə yetirəcəkdi”.
Bunu Moderator.az-a açıqlamasında şair Faiq Balabəyli bildirib.
Millət vəkili Aqil Abbasın və "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Türkiyənin Rusiyadan üzr istəməsinin zəruriliyi barədə fikirlərinə münasibət bildirən Faiq Balabəyli deyib ki, bu cür mövqe ona pis təsir edib: "Rəşad Məcidin dediklərini bir qədər kənarda saxlayaq. Baxmayaraq ki o, "10 sentyabr" hekayəsində terrora qarşıdır. Lakin Aqil Abbası, bizim çox dəyərli yazarımızı, millət vəkilimizi, "Dolu" kimi romanın müəllifini, rusların işğalçılara birbaşa yardımı ilə ermənilərin yer üzərindən sildiyi Ağdam kimi şəhərin keçmiş sakinini başa düşmək olmur. Onun bu mövqeyi mənə çox pis təsir etdi. Axı Rusiya Aqil müəllimin bir çox əsərində işğalçının dostu kimi xarakterizə edilib. Axı Rusiya Azərbaycanın ərazi bütövlüyünü sözdə təqdir edib, əməldə isə Ermənistana silah-sursat, canlı qüvvə verib. İşğal edib və etdirib. İnanıram ki, Aqil müəllim türk təyyarəçisinin xəbərdarlığını və rus qırıcısının sərhədi pozmasını izləyib. Bəs nədən ərazisinə soxulan yadellini vuran ölkəni üzr istəməyə çağırır? "Dolu" romanında belə bir yer var. Oğlu şəhid olmuş ana türklərin harda olmasını, niyə gecikdiyini soruşur. Müəllif bununla türkün köməyinə ehtiyacımızın olduğunu demirdimi? Hər halda Türkiyənin köməyini gözləyirdik. Hansı ki, o köməyi bacardıqları qədər etdilər".