"Ermənistan ordusu dinc əhalini həmsədrlərin sifarişi əsasında qətlə yetirib”
Ermənistan ordusunu bu axşam Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutması nəticəsinə qadının və körpə uşağı həlak olması Rusiya mətbuatında öz əksini tapıb.
İstiPress-in məlumatına görə, Rusiyanın tanınmış "Vestnik Kavkaza” portalının "Qarabağı işğal edənlər Alxanlıda qadın və körpə öldürdülər” sərlövhəli məqaləsində iyulun 4-də saat 20:40 radələrində baş vermiş hadisə barəd deyilir:
"Azərbaycanın dinc sakinlərinin atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetiriliblər. 1967-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb və xəstəxanaya yerləşdirilib. Atəş Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə susdurulub. Beynəlxalq qurumlar işğalçıların dinc əhaliyə qarşı cinayəti barədə məlumatlandırılıb”.
Ermənistan tərəfi dinc yaşayış məntəqəsini vurmasının, 18 aylıq körpəni və nənəsini qətlə yetirməsinin səbəbini izah edə bilmir, Alxanlıda Azərbaycan ordusuna məxsus TR-107 reaktiv yaylım atəş sistemini susdurduqlarını iddia edirlər. Buna sübut kimi kənd camaatının telefon danışıqlarının səs yazısını və bəhs etdikləri TR-107-in sisteminin reaktiv yaylım atəşi görüntüsü olduğunu iddia etdikləri videonu da yerləşdiriblər.
Ermənistan Müdafiə Nazirliyinin montaj etdiyi video
Amma videonun saxta olduğu görünür, çünki hadisə gün batandan sonra, yəni saat 20:40-da baş verdiyi halda, videoda gündüz vaxt təsvir edilir, həm də TR-107-ə aid etdikləri atəş kənddən çox aralı - qoşunların təmas xəttində müşahidə edilir ki, yaş yarımlıq körpənin orda olması heç cür mümkün deyil. Həm də Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi səs yazısında aydın deyilir ki, Ermənistan ordusu kəndin yaşayış məhəlləsini vurub. Yəni Xocalı soyqırımında olduğu kimi Ermənistan tərəfi dolayısı ilə olsa da, həyasız şəkildə dinc əhalini atəşə tutduğunu gizlətmir.
Ermənistan Müfafiə Nazirliyinin təqdim etdiyi səs yazısı
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində Ermənistan tərəfinin bu cür həyasızlığının bir neçə səbəbi olduğunu bildirir:
"Mən Alxanlıda briqada komandirinin müavini olmuşam. Orada kənd qoşunların təmas xəttindən, həmçinin atəş nöqtələrindən bir neçə kilometr arxada yerləşir. Ermənilərin məhz kəndi 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutmasının səbəbi var. Əhalini qorxudaraq Cocuq Mərcanlıya köçün qarşısını almaq istəyirlər”.
Üzeyir Cəfərovun fikrincə, dinc yaşayış məntəqəsini atəşə tutan Ermənistan ordusu həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinin qeyri-rəsmi sifarişini yerinə yetirib: "Bir neçə gündən sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü olacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri bununla vəziyyəti gərginləşdirmək istəyirlər ki, öz vacibliklərini vurğulasınlar. Biz onlardan məsələyə reaksiya verməyi tələb etməliyik. Necə olur ki, biz hansısa "Osa” ZRK-nı vuranda ATƏT-in Minsk qrupunun həmsədrləri xüsusi bəyanatla çıxış edirlər. Amma Ermənistan ordusu dincə əhalini qıranda ATƏT susqun qalır”.
Polkovnik-leytenantın fikrincə, Azərbaycan bu məsələyə görə, Ermənistanı sərt cəzalandırmalıdır ki, Sarkisyan rejimi bir daha Xocalı həyasızlığını təkrarlamaq fikrinə düşməsin.