Samir Vəliyev HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN

Samir Vəliyev    HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...

Toni Bleyer, 

Böyük Britaniyanın baş naziri

Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədilik özünə yer eləmiş Heydər Əlirza oğlu Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib. Heydər Əliyev ilk azərbaycanlıdır ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. İlk azərbaycanlıdır ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib. 1969-cu ilin 14 iyul günü Azərbaycan xalqının həyatında önəmli günlərdəndir. Həmin gün Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib. İşgüzarlığı, məqsədyön¬lülüyü, prinsipiallığı ilə seçilən rəhbərin qarşısında respublika iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə çevirmək, Bakını daha da gözəlləşdirib abadlaşdırmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq kimi məsələlər əsas vəzifələr kimi dururdu.

Heydər Əliyevin Az. KP MK-nin birinci katibi olduğu dövrdə təşkilatçılıq bacarığı sayəsində 1969-82-ci illərdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də inkişaf etmiş respublikalardan birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Qısa müddətdə mövcud neft maşınqayırması və neft emalı, həmçinin kimya müəssisələrinin yenidən qurulması prosesi başladı. 70-ci illərdə tamamilə müasirləşmiş və yenidən qurulmuş müəssisələr fəaliyyətə başladı. Bunlara misal olaraq Bakı elektrik maşınqayırma, Bakı məişət kondisionerləri zavodu, Bakı şampan şərabları zavodu, Bakı məişət soyuducuları zavodu, Elektron hesablayıcı maşınlar zavodu, Sumqayıt kompressor zavodu, Gəncə «Büllur» zavodu və digərləri belə müəssisələrdəndir.

Heydər Əliyev sənayenin inkişafına böyük əhəmiyyət verməklə yanaşı, kənd təsərrüfatının da çiçəklənməsinə xüsusi diqqətlə yanaşıb. 1969-1982-ci illərdə Heydər Əliyevin yeritdiyi məqsədyönlü kənd təsərrüfatı siyasəti nəticəsində Azərbaycanda bu sahədə yüksək göstəricilər əldə edilib, məhsuldarlığın səviyyəsi xeyli yüksəlib. Üzümçülük, pambıqçılıq özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdı. 1970-1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsul-darlığından taxıl üzrə 1,9 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvəçilik üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox olub. Bu dünyanın heç bir yerində görünməmiş inkişaf tempi olub.

Azərbaycanın inkişafı yolunda Heydər Əliyevin xüsusi fikir verdiyi məsələlərdən biri Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, incəsənətinin, bütövlükdə mədəniyyətinin inkişafı və dünyada tanıdılması idi. Azərbaycanın məşhur ədəbiyyat incəsənət nümayəndələrinin ölkədən kənarda keçirilən yubiley¬ləri, dahi Azərbaycan şair və mütəfəkkirləri Nizami Gəncəvi və Nəsiminin yubileyləri, 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyinin keçirilməsi, çoxlarının müqavimətinə baxmayaraq Azərbaycan dilinə dövlət statusunun veril¬məsi, repressiya qurbanı olaraq Sibir çöllərində vəfat edən Hüseyn Cavidin cənazəsinin qalıqlarının Bakıya gətirilməsi kimi mühüm hadisələr o dövr Azərbay¬can mədəniyyətinin əlamətdar hadisələrindən idi. Ümumiyyətlə, 1969-82-ci illərdə Azərbaycan mədəniyyəti özünün əsl intibah dövrünü yaşayıb. Həmin dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Heydər Əliyevin sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə – Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi və ölkəyə lazımlı ixtisaslar üzrə təhsil aldılar. SSRİ-də ilk dəfə məhz Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya, rüşvətxorluğa, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edildi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik dövrü kimi xarakterizə olunur.

Heydər Əliyev 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib və faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev səhiyyə, elm, maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, mədəniyyət, təhsil kimi bir çox vacib sahələrə rəhbərlik edirdi. Sovet rəhbərliyi ötən əsrin ən nəhəng tikililərindən olan Baykal-Amur Magistralının (BAM) çəkilişlərinə rəhbərlik etməyi Heydər Əliyevə tapşırmışdı. Heydər Əliyev prinsipial mövqeyi, dönməzliyi, işgüzarlığı nəticəsində ona verilən bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdi. Heydər Əliyev rəhbərlik etdiyi və yuxanda adları çəkilən bu sahələrin demək olar ki, hamısında dövlət proqramı qəbul olunub. 80-ci illərin sonunda sovet rəhbərliyinin apardığı yarıtmaz siyasət bir çox sahələrdə xaosa gətirib çıxarmışdı. Məhz bu səbəblərə görə 1987-ci ildə Heydər Əliyev sovet rəhbərliyinin yeritdiyi siyasətə etiraz edərək tutduğu vəzifələrdən istefa verdi.

Heydər Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq Moskvadakı Azərbaycan nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqıma qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Bir çox analitiklər Heydər Əliyevin bu bəyanatını cəsarətli addım saymaqla yanaşı, onun böyük siyasətə qayıdışı adlandırırlar. 1991-ci ilin iyulunda Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin vəziyyətlə əlaqədar SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı ilin iyulunda Azərbay¬cana qayıdan Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, həmçinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermə¬nis¬tanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Sözün həqiqi mənasında əsl hərc-mərclik var idi. Belə bir anda – 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə o vaxtkı hakimiyyət Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı dünyada tanıda bildi.

Heydər Əliyev Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu yolunu seçdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunlar qəbul edildi. 1998-ci il iyulun 14-də yaranan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya məhkəməsi olmaqla, Azərbaycan konstitusiyasının aliliyini, hər kəsin əsas hüquq və azadlıqlarını təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqları haqqında beynəlxalq hüquqi sənədlərin müddəalarına əsaslanır. Bu da öz növbəsində ona, konstitusiya əsasında işlərə baxarkən Avropa və dünya birliyi tərəfindən qəbul edilmiş demokratik norma və standartlara riayət etmək imkanı verir. Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarının təcəssümü idi.

1996-cı ildən başlayaraq, ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Heydər Əliyevin hakimiyyəti dövründə əmək haqlarının, aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilərək vətəndaşların təqaüd təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Demokratiyanın daha bir göstəricisi kimi 1999-cu ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına – bələdiyyə seçkiləri keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə bələdiyyə institutu yaradıldı, bələdiyyələrin iş mexanizmi, statusu vəzifə və səlahiyyətləri, inkişaf istiqamətləri müəyyən edildi. Bələdiyyələrin yaradılması və fəaliyyəti Azərbaycanın demokratiya yolunda addımlamasının ən bariz göstəricilərindən biri idi. Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdi: «Respublika iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik». 1993-cü ildə Heydər Əliyev prezident seçilərkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə baş verirdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-95-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Heydər Əliyevin həyata keçirdiyi islahatlar sistemində özəlləşdirmə siyasətinə də mühüm əhəmiyyət verilib. O, 1994-95-ci illərdə özəlləşdirmə proqramının hazırlanması ilə əlaqədar gərgin və səmərəli iş rejiminə rəhbərlik edib. Onun bilavasitə təşəbbüsü ilə «Azərbaycan Respublikasında 1995-98-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» hazırlanıb. Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən biri də torpaq və onunla bağlı münasibətlər sistemi oldu. 1996-cı ildə onun rəhbərliyi və qayğısı sayəsində ölkədə aqrar islahatlar və onun tərkib hissəsi olan torpaq islahatları aparıldı. Bununla əlaqədar olaraq torpaqlar pulsuz olaraq kəndliyə verildi və yeni torpaq-əkinçi münasibətlərinin yaradılması üçün real zəmin yaradıldı. Bu islahatlar nəticəsində həmçinin, torpaqlar vətəndaşlara ömürlük verildi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi, respublika ərazisində yaşayan vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində əsas yerlərdən birini tutub. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin, Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm hissəsini təşkil edib. Heydər Əliyev siyasi və iqtisadi problemlərin həlli ilə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirib. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan mədəniyyəti Heydər Əliyevin qayğı və diqqəti sayəsində möhtəşəm bir dövr yaşayıb. Müstəqillik dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrimizin, habelə ayrı-ayrı milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla keçirilib. Buna misal olaraq Azərbaycanın ən qədim yazılı abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin, həmçinin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin təntənəli şəkildə keçirilməsi haqqında imzaladığı sərəncamları göstərmək olar. Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürüb.

Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depressiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaranıb. Bu gün iftixarla demək olar ki, xalqımızı müstəqil inkişaf yoluna hazırlayan bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində qazanılan böyük nailiyyətlərdə də ümummilli lider missiyasını, aradakı kiçik fasilə istisna edilməklə, XX əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla üçüncü minilliyə daşımış böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri var. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür. Əminik ki, müasir Azərbaycan təhsili özünün zəngin tərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları başa çatdıraraq, təhsil islahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdə ana dilinə – Azərbaycan xalqının milli dilinə böyük əhəmiyyət vermiş, bu dilin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur. Ali məktəblər üçün yazılmış «Müasir Azərbaycan dili» dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırırdı. Məhz Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa çatdırıldı. Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümummilli liderin səhiyyə sahəsində gördüyü işlər onun Azərbaycana verdiyi ən böyük töhfələrdəndir. Belə ki, Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələ¬rinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdur. Səhiyyə tibb-ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil olunmuşdur. Bütün bunlarla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdir. 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-80-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı. Heydər Əliyevin memarı olduğu neft strategiyası da onun siyasi kursunun başlıca qollarından biri idi. Məhz onun vaxtilə dediyi: «Mən neft ölkəsi olan Azərbaycanın neftdən gələcək olan gəlirlərini təsəvvür etdikcə düşünürəm ki, məhz bu gəlirlərinin köməyi ilə ölkənin müxtəlif iqtisadi sektorlarını inkişaf etdirərək Azərbaycanı çox güclü bir dövlətə çevirmək olar…» ifadəsi də onun uzaqgörənliyinin və planlaşdırılan bu strategiyanın özünü doğruldacağını, bu gün də İlham Əliyev cənabları tərəfindən uğurla davam etdiriləcəyinin bir nişanəsi idi. Azərbaycanın neft strategiyası çərçivəsində imzalanan ilk saziş Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tutur. Həmin müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyuston şəhərlərində bir ildən çox davam etdirildi və müqavilə 1994-cü ilin sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə 30 il müddətinə adı çəkilən yataqlardakı enerji ehtiyatlarının dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə birgə işlənilməsini nəzərdə tutur. Sonralar həmin saziş «Əsrin müqaviləsi» adı ilə tarixə düşdü. Bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının və bugünkü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən biri kimi qiymətləndirərək deyib: «Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm».

Həmin müqavilə 20 sentyabr 1994-cü ildə Bakıda imzalandı və onun yenidən milli istiqlalını qazanan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında müstəsna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda «Neftçilər günü» kimi qeyd edilir. «Əsrin müqaviləsi» imzalanan zaman adları çəkilən üç yataqdakı enerji ehtiyatları 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilib. Lakin sonrakı dövrdə aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsində həmin yataqlarda çıxarıla bilən neft ehtiyatının təqribən bir milyard ton, qaz ehtiyatının isə 300 milyard kubmetrə yaxın olduğu təsdiqlənib. 1994-cü ildən bu günə kimi müqavilə çərçivəsində həyata keçirilən işlərə 18,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.

«Əsrin müqaviləsi»nə daxil olan yataqlardan 1997-ci ilin noyabrında ilkin neftin hasilatına başlanılıb. Bu günə kimi həmin müqavilə çərçivəsində 123 milyon tondan artıq neft, 26 milyard kubmetrdən artıq qaz hasil edilib. 1999-cu ildən başlayaraq Azərbaycan müqaviləyə uyğun mənfəət nefti əldə etməyə başlayıb. Bu vaxta qədər əldə edilən neft isə sərmayə qoyuluşlarının ödənilməsinə sərf edilib. 2008-ci ilin mayına qədər Azərbaycan dünya bazarlarında 26 milyon ton mənfəət nefti (217 tanker) satıb. Azərbaycanın neft strategiyası çərçivəsində neft hasilatına başlanan vaxtdan bəri ölkədə hasilat prosesi sürətlə artmağa başlayıb. Məsələn, əgər 1997-ci ildə ölkədə 9 milyon ton neft hasil edilmişdisə, 2005-ci ildə 22,2 milyon ton, 2006-cı ildə isə əvvəlki rekord göstəricini keçərək (1941 – 23,5 milyon ton) 32,3 milyon ton, 2007-ci ildə isə 42,6 milyon ton neft hasil edilib. Ümumilikdə beynəlxalq ekspertlər Azərbaycanın proqnoz neft ehtiyatlarının həcminin 6 milyard ton olduğunu təsdiq edirlər. Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər 1999-cu ilin dekabrında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır. Fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilmə¬sini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamnamə sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərdə tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılıb. Burada həm icraedici, həm qanunverici hakimiyyətin, həm də ictimaiyyətin nümayəndələri təmsil olunur. 2008-ci il aprelin 1-ə olan məlumata görə, fondun sərəncamında 3 milyard 336 milyon ABŞ dolları həcmində sərbəst vəsait toplanıb və 4 milyard ABŞ dollarından bir qədər artıq vəsait isə ötən illərdə müxtəlif strateji layihələrin icrasına yönəldilib.

«Əsrin müqaviləsi» imzalandıqdan dərhal sonra Heydər Əliyev tərəfindən Bakıda beynəlxalq nüfuza malik «Xəzərneftqaz» sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyuldu. Bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi. 2008-ci ildə 15 illik yubileyi qeyd edilən sərgi-konfransda bu illər ərzində dünyanın yüzlərlə ən qabaqcıl neft şirkətləri təmsil olunub. Sərgi-konfransın Azərbaycan neft strategiyasının həyata keçirilməsində böyük rolu olub.

«Əsrin müqaviləsi» Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıtdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng «Şahdəniz» qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi. 2007-ci ildə geoloqların elan etdiyi kəşfiyyat-axtarış işlərinin yekunlarına görə, yataq bir trilyon kubmetr qaz ehtiyatına malikdir. 1996-cı ildə imzalanan «Şahdəniz» yatağının birgə işlənilməsi müqaviləsi bu gün Azərbaycanın neft strategiyası çərçivəsində «Əsrin müqaviləsi»ndən sonra icrasına başlanan və real nəticələri olan ikinci iri layihədir. 2006-cı ilin dekabrında yatağın genişmiqyaslı mənimsənilməsinə başlanılıb. Hal-hazırda yataqda orta gündəlik hasilat 19 milyon kubmetr qaz və 4,5 min ton kondensatdır. 2005-ci ildə «Şahdəniz» qaz yatağının zəngin ehtiyatlarının dünya bazarına ixracını təmin edən digər miqyaslı layihənin – Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə start verilib və 2007-ci ilin əvvəllərindən kəmərin istismarına başlanıldı. Bu kəmərin ümumi uzunluğu 971 km, diametri 1066 mm (42 düymə), keçirmə qabiliyyəti 20 milyard kubmetrə qədərdir. İstismara verildiyi gündən bu günə kimi, həmin kəmər vasitəsilə Gürcüstana 383 milyon kubmetr və Türkiyəyə (2007-ci il iyul ayından) 2,8 milyard kubmetr qaz verilib.

Mərkəzi Asiya neftinin və təbii qazının Avropaya nəqli üçün Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən iri layihələr, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Transxəzər və Nabukko kimi genişmiqyaslı layihələrin meydana çıxmasına əsas səbəb kimi göstərilir. Bunlar isə öz növbəsində Azərbaycan üçün tranzit ölkə kimi həm siyasi, həm də iqtisadi baxımdan əlverişli faktlardır. Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir. Bütün bu deyilənləri əvvəlcədən görən Azərbaycan Prezidenti Heydər Əliyev «Əsrin müqaviləsi»nin imzalanması mərasimində söylədiyi tarixi nitqində deyib: «Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər».

«Əsrin müqaviləsi» ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Heydər Əliyev verdiyi müsahibələrin birində «Əsrin müqaviləsi» haqqında danışarkən onun «dar və təhlükəli cığırla» keçərək ərsəyə gəldiyini bildirib. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluna çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının perspektivinə qiymət verərkən dediyi bu fikir yerinə düşür: «Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir». Heydər Əliyevin Azərbaycana bəxş etdiyi ən böyük töhfə isə Zati-Aliləri İlham Əliyev cənablarının bir siyasi lider kimi formalaşdırılması idi. Vaxtilə dahi Ümummilli lider öz uzaqgörənliyi ilə onun potensialını görmüş və demişdir: «Mən bir seçici olsaydım, şübhəsiz ki, İlham Əliyevə səs verərdim....».

Məhz Heydər Əliyev İlham Əliyev cənablarının bir siyasi lider kimi formalaşdırılmasında ona öz oğlu prizmasından deyil, idarəetmə qabiliyyətinin olması prizmasından baxmışdır. Belə ki, qısa bir zaman ərzində onun Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti vəzifələrinə seçilməsi, xalqın rəğbətini qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olması yenə də Heydər Əliyevin uzaqgörənliyinin bir isbatıdır. Çünki məhz müxtəlif sahələrdə gərgin fəaliyyətlər – ölkə idarəçiliyinin yeganə açandır.

Nəticədə, 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı səs çoxluğu ilə hakimiyyətə gəlmiş cənab İlham Əliyev zəngin beynəlxalq təcrübəyə, yüksək milli və Avropa mədəniyyətinə malikdir. Dahi Heydər Əliyevin qurduğu yeni Azərbaycan dövləti məhz İlham Əliyevin səyləri sayəsində daha da müasirləşmişdir. Sevindirici haldır ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirərək ölkənin işıqlı gələcəyi, dünyada nüfuzunun artması naminə yorulmadan çalışır. Azərbaycan dövlətinin başçısının bu fəaliyyəti beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev respublikada sabitliyi və apardığı balanslaşdırılmış siyasətlə regionda sülhü qoruyub saxlayır, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışır. Daxili siyasətə gəldikdə isə, Azərbaycan dövlətinin başçısı ölkəni irəliyə doğru aparır. Asiya və Avropa arasında, Rusiya, İran və Türkiyə kimi nəhəng dövlətlərin əhatəsində İlham Əliyevin diqqətəlayiq siyasət yürütməsi Prezidentin geniş dünyagörüşündən və böyük təcrübə əldə etməsindən xəbər verir. Zati-Aliləri İlham Əliyevin apardığı uğurlu iqtisadi və maliyyə siyasəti nəticəsində Azərbaycan dünyanı bürümüş böhrandan az əziyyət çəkən və minimum itkilərlə çıxan ölkələrdən biridir. Son illər ölkənin iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycanda ümumi daxili məhsulun həcmi sürətlə artmaqdadır. Böhranlı 2009-cu ildə ölkədə məhsul istehsalının həcmi 9,3 faiz artmışdır. Halbuki istər MDB ölkələri, istərsə də dünyanın inkişaf etmiş dövlətləri arasında belə yüksək göstərici əldə edilməmişdir. İnflyasiya lap aşağı səviyyədə (1,5 faiz) olmuşdur. Ölkədə nəhəng infrastruktur layihələri həyata keçirilir. Yeni yollar çəkilir, əhalinin elektrik enerjisi və ekoloji cəhətdən təmiz içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün mühüm işlər görülür. Azərbaycan son illərdə maliyyə ehtiyatlarını zənginləşdirərək borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Belə möhtəşəm uğurları postsovet məkanındakı ölkələrin heç birində müşahidə etmək mümkün deyildir. Beləliklə, Heydər Əliyev fenomeninin bir qismini əhatə edən bu məqalədə onun Azərbaycan üçün etdikləri, təməli qurduğu və bu gün də Zati-Aliləri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kursu haqqında bəhs etdik. Bu dahi şəxsiyyətin ölkəmizə verdiyi töhfələr bu gün də öz bəhrəsini verir. Məhz bu gün Azərbaycan dünya siyasi və iqtisadi arenasında uğurla addımlayıb öz sözünü deyə bilirsə, bu da Ümummilli Liderimizin vaxtilə sərf etdiyi gərgin əməyinin nəticəsindədir. Tarixdə dahilər əbədi olaraq yaşayır və onları yaşadan, xatırladan öz xalqlarıdır. Bizim də bir Azərbaycan xalqı kimi öz öhdəmizə düşən ən ümdə vəzifə – Heydər Əliyev fenomenini əbədiyaşar etməkdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az