Novruz Novruzlu: “Mən elə təpədən-dırnağa türkəm və bu, mənim öz ruhumdur!”
Saytımızın qonağı “Savalan” Mistik Musiqili Qrupun rəhbəri Novruz Novruzludur.
- Gəlin, oxucuları sizin dünyaya götürək...
-Əslində, o dünya qapalı qalsa daha gözəldir. O dünya dediyimiz elə hamının dünyasıdır. Və gəlişdəki məqsəd bütün bu yaşadığımız mühitdə, bütün bu surətdə, səs-küydə sənətindən, peşəsindən, pul-parasından, yoxsulluğundan asılı olmayaraq, təbii, bunlar da şərtdir, özünü axtarmaqdır. Bizim dünyamız da bir az ora yaxın olduğundan fərqli görünür, Mövlana həzrətləri deyir-Musiqi Allaha ən yaxın yoldur. Çünki, gözəl niyyətlə, gözəl düşüncəylə oxuyanda o anda istər-istəməz özün-özündə olursan, özün özündə olmağın fərqində olursan. Yəni, bizim dünya musiqimizdən keçən dünyadır həm də o dünyada musiqi ilə bərabər çalışırıq ki, özümüz də paklaşaq.
- O dünya ilə bu dünyada yaşamaq çoxmu çətindir?
- Çətin də deyil, çünki Allah nəyi yaradıbsa gözəl yaradıb. Baxılan yer önəmlidir. İnsan hardan baxır, hardan qəbul edir, bu mühüm məqamdır. Yunus İmrə necə deyir:
Dərdimə dərman arardım,
Dərdim mənə dərman imiş...
- Novruz bəy, necə oldu ki, “Savalan” yarandı? Axı, siz vokal ifaçısısınız...
- Bəli, vokal təhsili almışam. “Savalan” qrupuna qədər “Əsgəri”, “Sərvəri” oynamışam, italyan, ispan musiqisi oxumuşam. İtalyan musiqisindən oxuduqlarım mənim tələbə vaxtımın repertuarıdır. Baxmayaraq ki, gözəl musiqilərdir amma ruhumuzu doyurmurdu. Ki, “Savalan” da məhz bu ehtiyacdan yarandı.
- Qrupda işlər necə gedir?
-Təbii ki, fəaliyyətimizə davam edirik amma müəyyən səbəblərə görə işlər bir az ləng gedir. Bildiyiniz kimi, qrup üzvləri bir neçə yerdə çalışır və istər-istəməz vaxt məhdudluğu yaranır. İnsanların bu işlə məğul olmaları üçün öncə məişət qaqyğılarından azad olması gərəkir ki, ürəklərinin götürdükləri yerə gedə bilsinlər. Bütün ruhunu, mənəviyyatını, düşüncəsini o işə yönəldə bilsinlər. Bu baxımdan, biz “Savalan”a istədiyimiz kimi yanaşa bilmirik.
- Necə düşünürsüz, sizin musiqi janrı niyə ağır irəliləyir? Sanki kütlə üçün deyil də ancaq seçilmişlər üçün ifa edirsiz...
- Xeyr, elə deyil. Bizim janr mistik musiqi janrıdır və elə bir zamanda yaşayırıq ki, bu zəmanədə mənəviyyat aşılanır. İnsanlar özlərinə hesab verməkdən ehtiyat edirlər. Başqa sözlə desək, biz özümüz özümüzdən çox uzaq düşmüşük. Bəlkə elə buna görədir ki, bəzən özümüzü anlamağa çalışmırıq, bəlkə də qorxuruq özümüzü anlamaqdan. Axı, məsafə çox uzaqdır. Mistik musiqi də elə bir musiqidir ki, sırf insanın mənəviyyatına, ruhuna, daxili aləminə söykənir. İncəsənət adamının işi onun ruh halını ifadə edir. Siz bir rəssamlara fikir verin, bir rəsm əsərini işləyəndə rənglərin təzahürü rəssamın o andakı halını göstərir. Musiqi, sənət də eləcə. Əgər insan tam anlamda özüylə təmasda deyilsə və burada səmimiyyət yoxdursa burada səs təsirini itirir. Bu gün müəyyən imkanlar hesabına, efirləri zəbt edən onlarla musiqiçi, müğənnilərin yadda qalmayan ifaları kimi. Çünki, İÇdə səmimiyyət yoxdur. Ən əsası özünü tapmaqdır. Necə deyərlər, ozünü bilən Allahını bilir. Özünü bilən insan bütün düşüncələrini nəzarətdə saxlayır. İçindən, ağlından, düşüncəsindən keçən hər bir şeydən xəbərdar olur və o məqamda özü-özünü təmizləyir, özünün kim olduğunu məhz orada axtarır. Bizim musiqilər insanın özünü tapmasına, bir də hüzura söykənir. Hüzur - mənim çox sevdiyim bir ifadə olmasına baxmayaraq, çox təəssüf ki, bizdə işlənmir. Eyni zamanda hüzurumuz da yoxdur. Elə buna görədir ki, biz oturub, rahat, sakit İÇ musiqisinə qulaq asa bilmirik.
- Sizin musiqidə mistika və Türk Musiqi Mədəniyyəti - hansı daha üstünlük təşkil edir və cəmiyyətdə bunun hansı tərəfi daha çox qəbul olunur?
- Bu günəcən bizi ruhumuz hara aparıbsa o tərəfədn oxumuşuq. Bizə elə gəlib ki, qarşımızda, ruhu olan insanlara bu mütləq təsir eləməlidir. Başqa bir tərəfdən isə mən axı türkəm. Hətta bu anlayışın olmadığı vaxtlardan belə mən özümü türk hesab edirəm. Qrupun lap yeni yarandığı dönəmlərdə müsahibələrimdən birində də bunu vurğulamışdım. Sual olunmuşdu ki, siz türkçülük ruhunda oxuyursuz, mən cavablamışdım ki, xeyr, mən elə təpədən-dırnağa türkəm və bu, mənim öz ruhumdur! Hətta bunun üstündə söz-söhbət də oldu. Bilirsiniz, türkmən deyir, mən türk deyiləm. Necə olur, axı adın özü belə türk-mən deməkdirsə, adın özü mənim türk olduğumu çağırırsa, mən özümü necə inkar edə bilərəm?!
Bu anlamda, mən düşünmürəm ki, bu, bizim ortaq mədəniyyətimizdir, xeyr. Aşıq Veysəl, Fizuli, Yunus Əmrə, Pirsultan Abdal, Mövlanə, Nəsimi, Nizami, bunlar Türk dünyasının mayakıdır - onlara baxıb, yolunu təyin edib getmək üçün.
Cəmiyyətə gəlincə, mistikadan yox, ritmik musiqiyə daha çox üstünlük verilir. Amma söhbət bizim dinləyicilərdən gedirsə burda vəziyyət dəyişir.
- Yeniliklər varmı?
- Əlbəttə ki, var. Çox dəyərli bir bacımızın şeirlərindən ibarət musiqilər hazırlamaqla məşğuluq. O şeirlərdə vətənə, torpağa bağlılıq var, səmimiyyət var. Düşünürəm ki, yaxşı alınacaq.
Söhbətləşdi Nigar İsfəndiyarqızı