Hər bir əsrin həqiqətini tapmaq, tarixi problemlərini araşdıraraq həll etmək üçün, ilk növbədə, o dövrün insanlarına məxsus milli, dini, hətta psixoloji vəziyyət nəzərə alınmalı, əqidə, hisslər və düşüncə əsas götürülməlidir.
Üzərində 500 il keçən bir tarixi dövrü bugünkü əqidə, təfəkkür, yaxud da milli təəssüblə mühakimə etmək yalnış təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Məhz buna görə də XVI əsrin əvvəlində Şərqin ən qüdrətli dövlətlərindən olan, bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstanın bir hissəsi, Türkmənistanın cənubu və Şərqi Anadolunu öz sərhədlərində birləşdirən Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin şəxsiyyəti, dövlət quruculuğu, ümumiyyətlə, dövlətin təşəkkülündə Azərbaycan türklərinin rolu, ictimai-siyasi, dini, mədəniyyət problemlərinin uzun illər tədqiq edilməsinə baxmayaraq, bu sahədə hələ də müəyyən boşluqlar, bir-birinə zidd müxtəlif fikirlər, mülahizələr mövcuddur. Təəssüflə qeyd etmək lazımdır ki, bu dövlətin quruluşu və inkişafı haqqında, onun trixinin araşdırılması sahəsində bir sıra yanlış nəzəriyyə və mülahizələr, baxış və nəticələr əsərlərdən-əsərlərə köçürülmüşdür.
Xalqımızın böyük oğlu I Şah İsmayılın qurduğu dövlətin Azərbaycan (türk) dövləti olması baxışı müasir tarix elmində tədricən özünə yol tapdığı halda, bəzi Avropa və İran müəllifləri bu problemə dünya tarixi elminin baxış və mülahizələrini nəzərə almadan qeyri-obyektiv müddəalarla yanaşmaqdadır. Belə ki, İran tarixçilərinin də əksəriyyəti ənənəvi olaraq bu dövlətin “İran milli dövləti” kimi qələmə verməklə, Azərbaycan türklərinin Səfəvilər dövlətində rolunu və mövqeyini inkar edir, heçə endirir. Qərb tarixçilərinin də bir qismi indiki İranın tərkibində olan Azərbaycanı İranın bir vilayəti kimi qəbul edərək burada baş verən tarixi hadisələri İranın tarixinə aid edirlər. Bununla da Azərbaycanın Arazdan etibarən Şimal və Cənubunda yaşayan əhalisinin birliyi, Azərbaycan türklərinin müstəqil tarixi inkar edilir, hətta onun varlığı belə şübhə altına alınır.
Qərb və İran müəlliflərinin mülahizələrinə görə, Səfəvilər Sasanilərin süqutundan sonra İrana gələn ərəblərin, türklərin və moğolların, xülasə, əcnəbilərin hakimiyyətinə son qoymuş və yerli İran dövlətini təsis etmişlər. Heç bir ciddi əsası olmayan bu fikirlərin necə meydana gəlməsi, haradan qaynaqlanması və az qala aksioma çevrilməsi tarix elmində təəssüf doğuracaq və çətin izah olunacaq bir hadisədir. Əfsus ki, belə saxta və qondarma nəzəriyyələrə son dövrlər yerli mətbuatda dərc olunan bir qism azərbaycanlı müəlliflərin məqalələrində, həvəskar yazılarında, polemikalarda rast gəlinir.
Səfəvilər dövlətinin yaranması və inkişafında xalqımızın aparıcı rolunun aşkarlanması Azərbaycan tarixçilərinin böyük nailiyyəti və xidməti kimi dəyərləndirildiyi halda, bəzən düşünülməmiş, bəzən isə hansısa məqsədlərlə ortaya atılmış yazılar keçmiş tariximizin bu şanlı səhifəsinə ehtiramsızlıqdır. Elmdən kənar belə mülahizələr tək dövlət başçısı olaraq deyil, irfan işığıyla işıqlandırılmış, zəngin mənəvi-ruhani irsimizi də özündə əks etdirən, Azərbaycan türkcəsində yazılan “Divan” müəllifi şair Xətainin şəxsiyyətinin böyüklüyünə kölgə salmaq məramından xəbər verir.
Bütün sadalananlara rəğmən, son illərdə türk xalqlarının tarixinin araşdırılması sahəsində müəyyən canlanma, yenilik nəzərə çarpır. Bu cəhət Səfəvi dövlətinin quruluşu və inkişafına dair yeni nəzəriyyələr, azərbaycanlıların öz tarixi keçmişini, mentalitetini dərk etməsilə bağlıdır.
İlk növbədə qeyd edilməlidir ki, Səfəvilər tarixi üçün əvəzsiz mənbə 1560-1634-cü illərdə yaşamış, əslən azərbaycanlı olan müəllif İskəndər bəy Münşinin “Tarixi-Aləmarayi-Abbasi” (Dünyanı bəzəyən Abbasın tarixi) əsəridir. İskəndər bəy Şah Abbasın sarayında xidmət etmiş və əsərini fars dilində qələmə almışdır. Dünyanın tanınmış şərqşünaslarının dönə-dönə istinad etdikləri bu mənbədə Azərbaycan dilində bəzi misra və beytlər vardır. Əsərin, demək olar, hər yerində göstərilir ki, etnik baxımdan xalqın dili məhz doğma Azərbaycan dilidir.
İskəndər bəy Münşi yüzillərlə paytaxt olmuş Təbriz şəhəri barədə, bütövlükdə Azərbaycan haqqında çox qiymətli məlumatlar verir. O qeyd edir ki, Təbriz “uzun müddət fərman verən padşahların səltənət mərkəzi olmuşdur” (Dünyanı bəzəyən Abbasın tarixi, səh.560, “Şərq-Qərb” nəşr evi, 2010).
Əsərin digər hissəsində müəllif yazır: “Təbrizin abadlığı və əhalisinin sayı elə bir həddə çatmışdı ki, bütün İslam şəhərləri arasında onun kimi əzəmətli, əhalisi çox olan və abad yer yox idi” (yenə orada, səh.561).
Müəllif bütün əsər boyu Səfəvilər dövlətinin təşəkkülü və inkişafında qızılbaş türk tayfalarının rolunu xüsusi vurğulayır. İskəndər bəy Münşiyə görə, Səfəvi dövlətinin qurucusu Şah İsmayıl və onun sələflərinin həyat və fəaliyyətləri doğma yurdları Azərbaycan – Ərdəbil, Qarabağ, eyni zamanda, qonşu vilayətlərlə bağlıdır. Əsərdə göstərir ki, 1510-cu ildə Şərqi İran və Xorasanın işğalından sonra böyük imperiyaya çevrilən bu dövləti quranların hansı etnikə məxsus olmasının cavabı bir mənalı olaraq budur: Azərbaycan türkləri.
Sonralar bu mənbəyə əsaslanan avropalı tədqiqatçılar qızılbaşları (Şamlu, Rumlu, Ustaclu, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq, Qaradağlı) türkmən tayfalarına daxil edirlər. Müxtəlif ölkələrin tədqiqatçıları bunları haqlı olaraq Azərbaycan türkləri adlandırırlar. Çünki həmin tayfaların ana dili böyük Azərbaycan şairi Şah İsmayılın dili idi.
Orta əsr müəllifinin əsərində göstərildiyi kimi yeni dövlətin qurucuları - Azərbaycan türk sülaləsi və qızılbaş tayfası əmirləri hakimiyyəti tam olaraq əllərində saxlamış, imperiyanın bütün vilayətlərində Azərbaycan türk əmirləri hakim bəylərbəyi olmuşlar. Bu mənada tarixçilərimiz haqlı olaraq XVI yüzillik Səfəvi-Qızılbaş dövlətini Azərbaycan türk dövləti adlandırmışlar.
Beləliklə, ictimai-iqtisadi mərkəzi Azərbaycan, rəsmi dövlət dili Azərbaycan türkcəsi olan Səfəvi dövlətinin inkişafında türklərin rolunu hər cür vasitə ilə kiçiltməyə, kölgədə qoymağa çalışan Qərb və İran tədqiqatçıları dövlətin farslaşdığı məsələsini ortaya atmışlar. Məsələn, B.Haynza görə, Ağqoyunlu dövlətinin paytaxtının Diyarbəkirdən Təbrizə köçürülməsi ilə (1468), guya Ağqoyunlu dövlətinin iranlılaşması başlamış və bu hadisə “İran milli dövləti olan Səfəvi dövlətinin təşəkkülünə zəmin yaratmışdır” (Haynz B., “Uzun Həsən və Şüyx Cüneyd”, Ankara-1948, səh.56). Eyni fikri “Kembric İran Tarixi”nin VI cildində H.Remer təkrarlayaraq göstərir ki, iranlaşmanın ikinci mərhələsi Səfəvi paytaxtının Təbrizdən Qəzvinə köçməsi ilə başlanmışdır.
Son dövrdə çap olunan kitabında iranlı müəllif Əli Əkbər Vilayəti yazır: “İranın ətrafındakı ölkələrin Avropanın siyasəti və tarixinə qatıldığı bir vəziyyətdə Avropanın siyasi müvazinətinin hifz olunub saxlanılmasında İran regionunun həssas və müstəqil rolu aşkar görünürdü. Buna görə də bu qapalı dairədə şiələr düşmənin təzyiqindən nicat tapmaq üçün bir-birinə yaxınlaşmağa məcbur idilər. Onların həyat məsələsi ilə bağlı olan bu həssas qüvvə Səfəvilərin hakimiyyəti dövründə şiəliyin və irançılığın qaynayıb-qarışmasının əsas amillərindən biri hesab olunur. Bu amillərin tərkib hissələrini tədqiq və təhlil etdikdə aydın olur ki, şiəlik, milliyyət və nəhayət, ümumi tayfa əlaqələri yenidən formalaşmış İran millətini təcəssüm etdirən amilləri təşkil edirdi... Din, milliyyət birliyi və mövcud amillərdən istifadə məmləkətin siyasi müstəqilliyini təmin etməyə imkan verdi...” (Əli Əkbər Vilayəti, “I Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi”, Bakı-1998, səh.18).
Müəllif bu dövrə dair bir sıra dünya səfəvişünaslarının fikirlərini nəzərə almır. Əsər daha çox Əli Əkbər Vilayətinin milli təəssübkeşlik mövqeyini əks etdirməkdədir.
Müəllif fikrini davam etdirərək yazır: “İranın müstəqilliyinin üç tərəfdən həmlə və təhdid təhlükəsi altında olduğu belə nizamsız və qorxulu vəziyyətdə Şeyx Səfiəddin Ərdəbili məktəbinin davamçılarından olan I Şah İsmayıl Səfəvi yadelli əmirlərə və xarici təcavüzlərə qarşı İranın tarixi zərurətləri və təsirli ictimai amilləri içərisindən sıyrılıb çıxdı, parçalanmış məmləkətə birlik bəxş etdi: elə bir birlik ki, şiə məzhəbinin rəsmiləşməsi ilə mənəvi cəhətdən silahlandı, xaricilərin həmlələri ölkənin müdafiə qüdrətini möhkəmləndirdi və bu, İranın tarixi istiqlaliyyətinə və varlığına yeni xüsusiyyət bəxş etdi” (yenə orada., səh.19).
Beləliklə, İran tarixşünaslığının da Azərbaycan türklərinin siyasi fəaliyyətinin nəticəsi olan Səfəvilər dövlətinin yaranması və inkişafı yolunda qızılbaş-türk tayfalarının tarixi addımına subyektiv-milliyyətçi münasibəti göz qabağındadır. Bir-birinə əsaslanan, bu kimi əsl elmi tədqiqatlardan kənarda dayanan, bir növ, mülahizə xarakteri daşıyan bir faktı da nəzərə çatdırmaq yerinə düşərdi. İran tədqiqatçısı Ehsan Yarşater yazır: “907-ci ildən (1502-ci il) sonra Azərbaycan Səfəvi şahları üçün əsl səngərgaha (sığınacaq) çevrildi... Səfəvilər Ərdəbildən idilər və əvvəldən məhəlli İran ləhcəsində danışırdılar” (İran və İslam Ensiklopediyası, Ehsan Yarşater, Tehran-1354, I cild, “Azərbaycan” məqaləsi, səh. 49).
Lakin İran tarixşünaslığının bəzi görkəmli nümayəndələri salnamələrin və tarixi sənədlərin dövr haqqında verdiyi aşkar faktlarla hesablaşmaq məcburiyyətində qalır, türklərin (azərbaycanlıların) bu dövlətin meydana gəlməsində oynadığı müstəsna rolu qeyd edirlər. Məsələn, İran tarixçisi Nəsrullah Fəlsəfi I Şah Abbasa həsr etdiyi çoxcildliyində yazır: “I Şah İsmayıl ata tərəfdən özünü seyid, Əli nəslindən sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi...
Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi. Taxta çıxdıqdan sonra belə, o, İran mənşəyinə və dilinə - millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Şirin fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbi dil olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə bu yad dil Səfəvilər sarayında elə geniş yayıldı ki, sülalənin hakimiyyətinin sonunadək, hətta onun hakimiyyətindən sonra da sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini qarşısına məqsəd qoymaması şübhəsizdir” (N.Fəlsəfi, “Zindeqaniye Şah Abbase-əvvəl, cilde I, çapi Keyhan, Esfəndmah-1334, səh.3).
Buradan bir daha aydın görünür ki, sonrakı tarixçilər, xüsusilə də adını çəkdiyimiz müəllif Əli Əkbər Vilayəti böyük İran tarixçisi N.Fəlsəfinin Şah İsmayılın vahid İran dövləti yaratmaq qəsdində olmaması fikrinə etinasız yanaşmışdır. Göründüyü kimi, İran alimi istər-istəməz I Şah İsmayılın türk, Ağqoyunlu türk sülaləsinin banisi, tərəfdarlarının da əksəriyyətinin türk tayfalarından olmasına, İran əhalisini türklərin (qızılbaşların) hakimiyyəti altına salmasını etiraf edir, Azərbaycan türkcəsini sarayın rəsmi dili kimi Səfəvi dövlətinin bütün ərazisində geniş yayılmasını təsdiqləyir.
Əsərin digər hissəsində müəllif göstərir: “Səfəvi dövlətinin meydana çıxması ilə qədim İranın böyük bir hissəsi vahid dövlətin hakimiyyəti altına keçdi və Şah Abbasın zamanında mərkəzi də Sasani imperiyasının sərhədlərinə yaxınlaşmış ərazilər tamamilə vahid İran dövlətinə birləşdi” (yenə orada, səh.5).
Lakin Səfəvilər dövlətinin tarixinin tədqiqinə həsr olunmuş bu əsərdə alimin baxışlarında məntiqi ardıcıllığın pozulmasının, bir sıra hallarda isə ziddiyyətli məqamların üzə çıxmasının şahidi oluruq. Ənənəvi konsepsiyadan kənara çıxa bilməyən müəllif bir tərəfdən I Şah İsmayılı Sasanilər dövründən bəri itirilmiş “İranın milli istiqlalının” bərpaçısı kimi təqdim edir, digər tərəfdən isə yazır: “I Şah İsmayılın və onun tərəfdarlarının ölkənin ərazilərini genişləndirmək, türk əsilli sultanların (Osmanlı sultanları nəzərdə tutulur-müəllif) əlini İrandan kəsmək və Səfəvi dövlətini yaratmağa təhrik edən nə idi? Desək ki, onları buna sövq edən milli hisslər, İranın qədim qüdrət və əzəmətini bərpa etmək, əsası İran olan vahid dövlət qurmaq idi, qəti səhvə yol vermiş olarıq, hisslərimizə və dil təəssübkeşliyimizə qapanaraq düz və savab yoldan çəkilmiş olarıq” (yenə orada, səh. 5).
Alim bir tərəfdən I Şah İsmayılın vahid İran dövləti yaratmaq məqsədi güdməməsindən bəhs etdiyi halda, digər tərəfdən öz fikrinin əksini sübut etməyə çalışır.
Tarixi mənbələr, o dövrün salnamələri, rəsmi sənədləri bizim əsas məlumat mənbəyimizdir. Səfəvilər dövrü haqqında mənbələrin məhdud olması bəzi problemlərlə bağlı qəti fikir söyləməyə imkan vermir. Ona görə də N.Fəlsəfinin bu xüsusda öz şübhələrini bir-birinə zidd olsa da, qeyd etməsi onun məsuliyyətli və ciddi aliml olmasına dəlalət edir.
Şiəlik mövzusuna toxunan müəllif qeyd edir: “Onun (I Şah İsmayılın) seyidlik iddiasının möhkəm əsası yox idi, lakin işlərinin irəliləyişində, qüdrətinin artmasında, şiə məzhəbinin yayılmasında bu iddianın böyük təsiri oldu. Və bunu düzgün başa düşsək, naçar qəbul etməliyik ki, onun vücudunda iranlı qanı az, əhəmiyyətsiz idi” (yenə orada, səh.6).
Dövlətin “Qızılbaş dövləti” (Məmləkəti-Qezelbaş) adlandırıldığını qeyd edən alim əsərin başqa bir hissəsində növbəti ziddiyyətli fikrini irəli sürür. O, şiəliyin İranda yayılmasıvə bərqərar olmasından bəhs edərək yazır: “Bu tarixdən (Şah İsmayıl) cəddi-əqrəbası və atasının hökmranlıq edəcəyi səltənəti mənəvi səltənətə çevirmək arzusunu reallaşdırdı və şiə məzhəbini qılınc gücünə İranın rəsmi dininə çevirdi” (yenə orada, səh.14). Paralel olaraq müəllif qeyd edir ki, “neçə əsr türk və tatar hökmdarlarının hökmranlığına dözən Çingizin, Teymurun və canişinlərinin qan tökməsindən, istilalarından cana gəlmiş İran əhalisi I Şah İsmayılı ümid, razılıq və rəğbətlə qarşıladı” (yenə orada, səh.14).
Qızılbaşlığın vahid idealogiyası olan şiəliklə bağlı İranlı alim bir tərəfdən onun İrana yad olmadığını və rəğbətlə qarşılandığını, digər tərəfdən isə zor gücünə qəbul etdirildiyini iddia edir.
Bu tarixi dövr N.Fəlsəfinin “Çənd Məqale (Bir neçə məqalə), Cəngi Çaldıran (Çaldıran döyüşü)” və “Siyasəte Xariciye İran dər dövre Səfəvi” (Səfəvilər dövründə İranın xarici siyasəti) adlı digər əsərlərində də geniş əksini tapmışdır.
Çaldıran döyüşünə həsr olunmuş məqalələr toplusunda müəllif 1514-cü il avqustun 23-də Şah İsmayılla I Sultan Səlim arasında Maku yaxınlığında baş vermiş döyüş haqqında geniş məlumat verir. N.Fəlsəfi hər iki dövlət başçısı arasında məktublara və dövrün mənbələrinə əsaslanaraq döyüşün gedişatı, tərəflərin qoşunlarının sayı və tutduğu mövqelərdən bütün təfərrüatı ilə bəhs edir və şərhini verir. Məqalənin maraqlı cəhəti ondadır ki, alim ilk dəfə olaraq Firudin bəy Tövqinin “Münşəatüssəlatin”indən əlavə İranda saxlanılan “İnqilabül İslam” adlı əlyazmadan istifadə etmiş və ilk dəfə Sultan II Bəyazidin Şah İsmayıla məktubunun mətnini vermişdir. Bunun Səfəvi-Osmanlı münasibətlərinin öyrənilməsində böyük əhəmiyyəti var və münasibətlərin maraqlı məqamlarını aydınlaşdırır. Səfəvi qoşunlarının tərkibindən danışarkən o yazır ki, Çaldıran döyüşündə iştirak edən Səfəvi qoşunları 20 min qorxmaz, döyüşkən türkmən və qızılbaşlardan ibarət olub.
Buradan belə bir nəticəyə gəlirik ki, Səfəvi ordusu türk tayfalarından ibarət olub, əslində, Azərbaycan dövlətinin ordusu idi.
Səfəvilər dövləti və onun banisi I Şah İsmayıl Xətainin şəxsiyyəti, daxili və xarici siyasətindən bəhs edən ziddiyyətli fikirlərinə baxmayaraq, qeyd etməliyik ki, N. Fəlsəfi İran tarixşünaslığının bu dövrə nisbətən obyektiv baxışları ilə fərqlənən nümayəndəsidir.
İmperiyanı quran Azərbaycan türkləri təbii ki, sadəcə qızılbaş tayfalarına güvənməmişlər. Çoxmillətli dövləti idarə etmək üçün Səfəvilər yerli xalqların təmsilçilərini də hakimiyyətə gətirmək məcburiyyətində idilər. Azərbaycan türklərindən olan əmirləri yüksək və gəlirli vəzifələri özlərinin toxunulmaz imtiyazları sayırdılar.
İskəndər bəy Münşi bu vəziyyəti belə təsvir edir: “Sarayda taciklər təbəqəsinə mənsub bir zümrə mövcud idi ki, onlar xidmət göstərməyə çalışırdılar. Heç bir əhəmiyyətli vəzifə tutmağa müvəffəq olmadılar, amma ali məclislərdə müşavir kimi iştirak edirdilər” (yenə orada, səh.163-168).
Venesiya elçisi Aleksandr bu xüsusda belə yazır: “Müşavirlərin Dövlət şurasında səsi yoxdur. Şah onlara şəxsən müraciət etmədiyi kimi, onların da bir kəlmə deməyə haqqı yoxdur. Zadəgan olmalarına rəğmən, onlar nə sultan rütbəsinə yüksəlməyə, nə də hərbi xidmətə aid təlimat almağa nail olurlar” (yenə orada, səh.163-168).
Qaynaqların açıq ifadələri Səfəvi dövlətinin azərbaycanlı və anadolulu köçəri və kəndli Azərbaycan türkləri tərəfindən qurulduğunu, onların hakim mövqedə olduğunu tam şəkildə ortaya qoymaqdadır.
Bəzən fars dilinin rəsmi sənəd və dəftərxana dili olması Səfəvilər dövlətinin türk dövləti olmadığına əsas kimi göstərilir. Lakin bu dəlil ola bilməz. Çünki fars dili səlcuqilərdən başlamış Orta Asiya, Anadolu və Hindistandakı müsəlman dövlətlərdə rəsmi dil kimi istifadə olunmuşdur, amma Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi istifadəsi Səfəvilər dövrünə aiddir.
B.Minorskinin qənaətinə görə, “İranda Səfəvilər dövründə və ondan sonra türkmanlər (Qızılbaşlar, Azərbaycan türkləri) və farslar yağ və su kimi asanlıqla qarışmır” (yenə orada, səh. 221-222).
Həqiqətən də bu gün İrandakı etnik vəziyyət buna gözəl misaldır. Azərbaycan türklərinin Azərbaycandan başqa İranın müxtəlif yerlərində kütlə halında yaşaması, burada əhalisi Azərbaycan dilində danışan və farslar tərəfindən “tork”, “kezelbaş”, “şahsevən” olaraq adlandırılan qəsəbə və kəndlərin mövcud olması, Qacar, Əfşar və bir çox türk tayfalarının varlığı Səfəvi dövrünün xatirəsidir.
Burada iftixar hissi doğuran bir məsələni də qeyd etmək yerinə düşər ki, Osmanlı imperiyasının başçısı I Sultan Səlim özünün şeirlər külliyyatı olan “Divan”ını fars dilində qələmə aldığı halda, Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi, adlı-sanlı sərkərdə, şair olan Şah İsmayıl Xətai bədii yaradıcılığını əks etdirən “Divan”ını Azərbaycan türkcəsində yazıb-yaratmışdır. Onun şeirləri ilə, müdrik kəlamlarıyla tanış olduqca bu böyük şəxsiyyətin həm də zəngin şair ruhlu təbiəti haqqında maraqlı təəssürat yaranır.
Buradan belə bir qənaətə gəlmək olur ki, tarixin nadir şəxsiyyətlərindən olan Şah İsmayıl hələ yeniyetməlik çağlarından başlayaraq vahid Azərbaycan dövləti yaratmaq uğrunda 24 illik daxili və xarici mübarizəsi müddətində şiəlik məzhəbindən təkcə bir idealogiya olaraq istifadə etməmişdir. Bəlkə şiəlik hər zaman elm və fəzilət sahiblərini, alimləri, şairləri, tədqiqatçıları, sənət adamlarını uca tutan, Azərbaycan türkcəsi ilə şeirlər yazan, “etibarlı şəxs və kamil mürşid” hesab edilən, gözəl sufiyanə şeirlər müəllifi Şah Xətainin əqidəsi, həyatı boyu məqsədi, məramı və mətləbi idi.
Uçmaqda tuti quşuyam,
Ağır ləşkər ər başıyam,
Mən sufilər yoldaşıyam,
Qazilər deyən şah mənəm.
Xətayiyəm, al atlıyam,
Sözü şəkərdən datlıyam.
Murtuza Əli zatlıyam,
Qazilər deyən şah mənəm.
Ümumiyyətlə, demək olar ki, şair-filosofun poeziyasındakı təsəvvüf onun əqidəsindən qaynaqlanır:
Gah Hüseynlən belə pustumu soydu qazilər,
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim.
Girdim adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.
Həmin dövrün alim və fəqihlərinin müəyyən təbəqəsi elə addım atmışdı ki, onların nəzəri və məfkurəvi fikirləri, irfani cəhətləri, müridin mürşidə olan eşqinə söykənən təsəvvüf məktəbi tədricən güclənmişdi. Sufilər öz fikir və əqidələri ilə yüksək məqam və mərtəbələrə çatmışdılar.
Şah İsmayılın hakimiyyəti dövründə əhəmiyyətli tarixi hadisə olan Çaldıran döyüşünə gəldikdə isə bu haqda bəzi məsələləri bir daha nəzərə çatdırmaq məqsədəuyğun sayılardı. Bu böyük hökmdar əvvəlki döyüşlərini intiqam almaq, Azərbaycan torpaqlarını birləşdirmək, vahid dövlət yaratmaq və bu dövləti işğalçı düşmənlərdən qorumaq məqsədilə aparırdısa, Sultan Səlimlə müharibə etmək - Çaldıran döyüşü onun arzu və məqsədi deyildi. Bu müharibəyə o, Sultan Səlimin dözülməz həqarətli məktubları ilə təhrik olunmuşdu. Osmanlı hökmdarının məqsədi təbii olaraq Şah İsmayılla müharibəyə başlamaq idi. Səfəvi hökmdarı Osmanlı sultanının əvvəlki iki məktubuna cavab verməmiş, nəhayət Sultan Səlim özünün növbəti məktubu ilə birlikdə Şah İsmayıla xirqə, əsa, kəşkül və təsbeh göndərmişdi ki, onu qorxaqlıqda ittiham etsin. Göndərdiyi əşyalarla Sultan demək istəyirdi ki, yaxşı olar ki, Səfəvi şahı qılınc götürmək əvəzinə əyninə xirqə geyib, əlinə kəşkül alaraq öz babaları kimi dərvişlik və sufiliklə məşğul olsun.
Şah İsmayıl Sultan Səlimin həqarətlə yazdığı məktublarının əksinə olaraq, ona mülayim, təmkinli və ehtiramla cavab vermiş, Osmanlı sultanının ata-babasına tənə etməsinin müqabilində belə yazmışdı: “Ədəbi tərk etmək Sultanların şəninə yaraşmır və ədəbsiz məktublar yəqin ki, Sultanın özü tərəfindən göndərilməmişdir. Görünür ki, bu onun tiryək çəkən münşilərinin (katiblərinin) işidir. Buna görə də bir xurcun məcun göndərildi ki, bəlkə kara gəldi”. Şah İsmayıl məktubla birlikdə Sultan Səlimə tiryəklə doldurulmuş qızıl xurcun göndərmişdi.
Azərbaycan tarixçilərinin qənaətinə görə, əsasən, müxtəlif Qərb dövlətlərinin təhriki ilə Osmalı İmperiyası və müxtəlif Azərbaycan dövlətləri arasında XV-XVI əsrlərdə baş verən qanlı münaqişə və ixtilaflar olmasaydı, həmçinin bu dövlətlər arasında qarşılıqlı münasibətlər düzgün istiqamətə yönəldilsəydi, bəlkə də dünyanın bugünkü xəritəsi başqa cür olardı.
Bu xüsusda tarixçi-alim, professor Yaqub Mahmudov yazır: “Çaldıran döyüşü tarixdə ən qanlı qardaş qırğını törədən bir savaş olmuşdur”.
Səfəvilər dövləti Azərbaycanın Şərqdə ən qüdrətli birləşmiş vahid dövlət modeli, onun banisi görkəmli sərkərdə, gözəl şair Şah İsmayıl Xətai isə tariximizin özünəməxsus yeri olan şəxsiyyətidir.
Afaq Əbdülqizi