"Sərkisyan beynəlxalq siyasəti dərk etməyən, primitiv bir siyasətçidir"
Sərkisyanın hakimiyyəti, iqtidarda qalması ölkəmizin maraqları baxımından daha uyğundur. Çünki Sərkisyan beynəlxalq siyasəti dərk etməyən, primitiv bir siyasətçidir.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Sərkisyan hakimiyyətini qiymətləndirərkən deyib. Millət vəkili düşünür ki, tez-tez səsləndirilən "Demokratlar savaşmır, onlar müharibə aparmır” formulu Ermənistanda özünün doğrultmur:
"Yəni orada platformasından, daşıdığı siyasi ideologiyadan asılı olmayaraq, əksər qüvvələr Qarabağ məsələsində hakimiyyəti dəstəkləməyə üstünlük verirlər. Hətta 1997-ci ildən sonra xeyli dərəcədə beynəlxalq və regional reallıqları dərk edən keçmiş prezident Levon Ter-Petrosyan belə Azərbaycan ərazilərinin işğalında iştirak etmişdi. Qətiyyən onu Sərkisyan və ya Köçəryanla müqayisə edib sülh göyərçininə, Azərbaycan üçün sərfəli siyasi fiqura çevirmək olmaz. Əksinə, bəzən müəyyən savadı, dünyagörüşü olan siyasilər daha çox təhlükə törədirlər. Bu baxımdan Sərkisyanın hakimiyyəti, iqtidarda qalması ölkəmizin maraqları baxımından daha uyğundur. Ermənistanın işğal səbəbindən özünü izolyasiyada saxlayıb və bu onlara iqtisadi, siyasi, sosial problemlər yaradır. Digər tərəfdən, Sərkisyan beynəlxalq siyasəti dərk etməyən, primitiv bir siyasətçidir”.
Zahid Orucun fikrincə, Sərkisyan erməni xalqının milli-strateji inkişafına mənfi təsir göstərməklə də bu xalqı Azərbaycanın arzu etdiyi səviyyədə saxlamağa davam edir:
"O, erməni lobbisini Ermənistan ətrafında birləşdirə bilmir. Bu gün erməni mətbuatında "Qarabağa müstəqillik lazımdırmı” başlığı ilə yazılan yazılar əslində milli fikri ifadə edən mövqelərdir. Onlar deyirlər ki, Ermənistanın da öz müstəqilliyini itirib başqa bir dövlətin vassalına çevirən hökumət, Qarabağ üçün də bunu vəd edirsə, bunun onlara nə faydası olacaq? Bütün bunlar sübut edir ki, ermənilər dövlət formalaşdıra bilməyiblər. Ermənistan nə qədər ki, bölgədə Türkiyə və Azərbaycanla münasibətlərini düzəltməyəcək, o zaman nəinki Qarabağda, Ermənistanda belə dövlətçiliyi bərqərar etmək mümkün olmayacaq. Biz müharibə vəziyyətində olduğumuzdan müəyyən qədər emosional yanaşırıq, ancaq Qərb ekspertləri deyirlər ki, bu vəziyyətdə Ermənistanın dövlət qurması mümkün deyil. Son hadisələr fonunda Ermənistanda vəziyyət daha da gərginləşib və bu gərginlik artmaqda davam edəcək. Məlum məğlubiyyətin ciddi siyasi nəticələri olacaq. Ola bilər ki, bu ölkədəki siyasi qüvvələr Sərkisyan hakimiyyətini sıxışdırıb, qarşıdakı parlament seçkilərində daha çox səs toplaya bilsinlər. Ancaq həqiqət budur ki, bütün digər qüvvələr də Rusiyadan asılıdırlar. Ermənistanda elə bir qərbpərəst qüvvə mövcud deyil ki, cəmiyyətdə nüfuz qazanmış olsun. Ancaq Sərkisyan kimi yetərsiz şəxsin onlara başçı olması bizə bu xalqla problemimizi çözməyə imkan verir. Bu cür zəif rəhbərliklə biz daha asan şəkildə Dağlıq Qarabağ problemini çözə biləcəyik”.
Miq.az