Sosial xidmət müəssisələrində yaşayan 32 nəfər doğma ailələrinə qayıdıb

Sosial xidmət müəssisələrində yaşayan 32 nəfər doğma ailələrinə qayıdıb
Bu ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrində yaşayaraq stasionar şəraitdə sosial xidmətlərlə təmin olunanların sayı 1182 nəfər təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Bu uşaqlar müvafiq olaraq ƏƏSMN-in Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar. Qalan 18 yaşdan yuxarı şəxslər isə aidiyyəti üzrə digər sosial xidmət müəssisələrində daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunur, eyni zamanda, sosial reabilitasiya tədbirlərinə cəlb edilirlər.
Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki sosial xidmət müəssisəsində uşaqların yaşayışı, hərtərəfli təminatı, reabilitasiyası üçün nümunəvi şərait yaradılıb, eləcə də ƏƏSMN-in Bakının Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində, Müharibə və Əmək Əlilləri üçün Pansionatında yaşayış şəraiti müasir tələblərə uyğun qurulub.
Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması, de-institusionalizasiya tədbirlərinə də xüsusi önəm verilir. Bu tədbirlərin müsbət nəticəsi kimi cari ilin 6 ayında sosial xidmət müəssisələrində yaşayanlardan 32 nəfəri doğma ailələrinə qayıdıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 nəfər və ya 2,4 dəfə çoxdur.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az