“Sovetksi”dən həkim şikayəti: “İş məhkəmədə ola-ola gəlib evimi sökdülər”

“Sovetksi”dən həkim şikayəti: “İş məhkəmədə ola-ola gəlib evimi sökdülər”

İki ilə yaxındır Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisi söküntü işləri gedir. "Sovetski"nin Mircəlala Əliyev küçəsi, dalan 9, ev 2 ünvanında 27 ildir  yaşayan Aygün Səfərova ona məxsus mənzilinin qanunsuz olaraq sökülməsindən şikayət edir.

Cebhe.info-ya danışan şikayətçinin sözlərinə görə, 4 aydır ki, iki övladı ilə qohumların evində yaşayır:

"Hazırda 33 saylı poliklinikada həkim- terapevt işləyirəm. 16 ildir ki, həyat yoldaşımı itirmişəm. Evimin sahəsi 18.5 kvadratmetr idi. Söküntüyə qərara verəndə sevindim ki, bizi təzə evə köçürəcəklər. Bu işlər Yasamal rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə həvalə olunub. Onlar tərəfdən görülən işlər çox plansız şəkildə aparılır. Bütün qonşuların evləri söküldü. Evin qiymətləndirilməsi zamanı mənə bildirdilər ki, mənzilimin dəyəri 29 min 50 manatdır. Məlumdur ki, bu pulla Yasamal rayonunda heç birotaqlı mənzil almaq mümkün deyil. Məni məcbur edirlər ki, bu pulu götürüm. Mən də deyirəm ki, heç olmasa birotaqlı evlə təmin edin ki, köçüb orda yaşaya bilim”.

Aygün Səfərova məsələ ilə əlaqədar məhkəməyə müraciət etdiyini də deyib:

"Birinci instansiya İcra Hakimiyyətinin xeyrinə qərar çıxartdı. Qərardan Apellyasiya Məhkəməsinə müraciət etdim. İş Apellyasiya Məhkəməsində ola-ola, mən işdə olduğum müddətdə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib evimi söküb. Apellyasiya Məhkəməsi də iyulun 18-də İcra Hakimiyyətinin xeyrinə qərara çıxardı. Bu qərardan da Ali Məhkəməyə şikayət etmişəm. Üçüncü instansiyada işə hələ baxılmayıb”.

Şikayətçinin sözlərinə görə, 26 ildir ki, həkim işləyir. O, bu illər ərzində bir kimsədən təmənna ummayıb:

"İndi çıxılmaz vəziyyətdə qalmışam. Belə olmaz axı. Əminəm ki, prezidentin bundan xəbəri yoxdur. O, belə qərara verməyib. Sökülən zona əgər dövlət əhəmiyyətli yerə düşübsə, onda ərazidə yaşayan əhalini razı salmaq lazımdır. Mən 100 min manat istəmirəm, 3 otaqlı ev istəmirəm, sadəcə birotaqlı evin ya pulunu, ya da ev versinlər ki, gedib yaşayım. Mən Azərbaycan vətəndaşıyam. Ermənilər Tərtəri atəşə tutanda prezident bir günün ərzində göstəriş verdi ki, dağılmış ərazini düzəltsinlər. Amma bunlar sökürlər, heç elə bil burda adam yaşamır.

Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin rəsmilərinin və maliyyə nazirinin qəbuluna getmişəm, məktublar yazmışam. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya məktubla müraciət etmişəm. Baş nazirin müavini Abid Şərifovun qəbuluna getmişəm, özü qəbul etməsə də Sahib Salamov qəbul edib. Prezident Aparatında olmuşam. Hamısı da aciz şəkildə deyir ki, siz düz deyirsiniz. Amma heç kim bu işə əncam edə bilmir. Bəs iş mənim xeyrimə ola-ola niyə çöldə qalmalıyam?”

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az