Azərbaycanda qeydiyyatsız yaşayan 100 minlərlə Gürcüstan vətəndaşı olan soydaşlarımız böyük bir problemlə yenidən qarşılaşıblar.
“Vətəninfo.az”ın məlumatına görə, Bu barədə Müstəqil İnformasiya Agentliyinə soydaşlarımız məlumat verib. Onların sözlərinə görə, son günlər Azərbaycanla Gürcüstan sərhədində olanlara problemlər yaradılır: «Sınıq-Körpü gömrük məntəqəsində əslən Borçalıdan olan, amma qeydiyyatı Gürcüstan respublikası olan camaata zülm edirlər. İndi də deyirlər ki, sən Azərbaycanda qanunla nəzərdə tutulduğu 3 aylıq vaxtdan çox qalmısan. Buna görə 300 manatdan 400 manatadək ya pul ödəməlisən, ya da geriyə qaytarırlar».
Soydaşlarımız deyir ki, bu problemi sərhədçilər deyil, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları yaradırlar: «Təxminən bir həftə əvvəl 4 nəfərlik ailəmlə Borçalıya – doğulduğumuz torpağımıza, ana vətənimizə gedirdik. Bizə dedilər ki, 4 nəfər üçün 2000 manat cərimə ödəməliyəm. Bu pulu verə bilmədiyimizə görə məcbur qalıb yenidən Bakıya qayıtdıq».
Təxminən iki il əvvəl Nazirlər Kabinetinin əcnəbi vətəndaşlarla bağlı 103 saylı qərar verdiyini xatırladan soydaşlarımız deyir ki, həmin qərarda nəzərdə tutulan tələblər Gürcüstanda yaşayan soydaşlarımıza şamil olunmurdu: «İndisə əvvəldən heç bir xəbərdarlıq etmədən başımıza oyun açırlar. Uşaqlarımız burada məktəbə gedirlər, ailəmiz və özümüz burada işləyir, çörək qazanırıq. Niyə bizləri bu günə qoyurlar? Bəyəm biz azərbaycanlı deyilik? Bir dövlət öz millətinə qarşı belə edərmi?».
Sonda soydaşımız deyib ki, məsələ ilə bağlı Gürcüstandan olan ağsaqqallar, nüfuzlu şəxslər məlumatlandırılıblar: Həminin ictimai-siyasi dairələrdə olanlara da məlumat vermişik. Yaxın iki-ü gündə bununla bağlı geniş tədbirlər də keçirilib, vəziyyətlə bağlı prezident İlham Əliyevə də müraciət edəcəyik».
Sonda şikayətçilər onu da deyiblər ki, qonşu Gürcüstanda analoji problemlər yoxdur.