Arxaik barbarlıqla ölümünə mübarizə aparan Suriyada son illər yaşanan insan dramlarına həftələrdir ki, daha biri qoşulub. Ancaq bu barədə dünya mətbuatı və çeşidli telekanallar nə yazır, nə də göstərir. Mövzu dikursa daxil deyil.
Suriyada döyüşçülər yeni Brestin, yeni “Pavlov evi”nin tarixçəsini yazırlar. Ehtimal böyükdür ki, nəticə də analoji olacaq. Yəni məğlubiyyət. Ancaq ümidsizlərin qətiyyəti, yorğunların barışmazlığı, çarəsizlərin baş əyməməsi insanı riqqətə gətirir. “Vatan” xəstəxanasında ötən ayın sonlarında başlayan və bu gün də davam edən müqavimət epopeyası tarixdə qalacaq. Barəsində nə qədər susmağa çalışsalar da.
Nə deyim, hər gün mütləq dəfələrlə “Vatan” döyüşçülərinin müqavimətinin artıq qırıldığını, yoxsa hələ də davam etdiyini öyrənmək üçün saytları ələk-vələk edirəm. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin hərtərəfli yardımı, ABŞ-ın xeyir-duası ilə “Nüsra Cəbhəsi”nin əksəriyyəti əcnəbi olan (ümumiyyətlə, Suriyadakı “inqilabçılar”ın 70 faizi müxtəlif ölkələrdən buraya toplaşmış şəxslərdir) başkəsənləri aprelin 25-də işğal etdikləri Cisr əş-Şuqur şəhərinin cənub-qərbindəki hərbi xəstəxanaya fasiləsiz hücumlar edir, ancaq hələ də müqaviməti qıra bilmirlər. Hər gün xəstəxana divarları önündə kamikadzelər partladıcı dolu hərbi maşınları havaya uçurur, itkilərin sayı minə yaxınlaşır, ancaq xəstəxanada mövqe tutmuş ac, yorğun, ümidsiz, yuxusuz, ətraf aləmdən təcrid olunmuş döyüşçülərin axırına çıxa bilmirlər.
Suriyada barbarların ordası ilə savaşlar başlayana qədər çox olsa bir neçə şəhərin adı geniş kütləyə bəlli idi: qədim Şam, Nəsiminin edam olunduğu Hələb, 1982-ci il üsyanının mərkəzi Hama... İndi isə xəbər lentlərindən Homs, Latakiya, Kalamun, Qəsab, İdlib, Cobar, Deyr-əz-Zorun adları düşmür. Kobanidə kürdlər yeni Stalinqradın tarixini yazdı (Nahaq yerə bu şəhəri “Kobaniqrad” adlandırmırlar).
Bu fonda dörd tərəfdən mühasirədə olan “Vatan” hospitalında baş verənlərin işıqlandırılmaması ədalətsizlikdir. Ekzistensialistlər üçün hazır roman mövzusu olan bu hadisələrin hansı faciəvi sonluqla bitəcəyindən asılı olmayaraq, o döyüşçülər artıq “Vətəni necə qoruyurlar” mövzusu üçün əyani tarixi nümunə ola bilərlər.
Bütün hadisələr Türkiyənin logistik və canlı qüvvə ilə yardımı hesabına apreldə İdlib şəhərinin işğalından başladı. Ardınca yaxınlıqdakı Cisr əş-Şuqur şəhəri itirildi. Bu şəhər “Suriya baharı”nın ilk “qaranquş”larından olmuşdu - 3 il əvvəl islamçılar 120 polisi qətlə yetirərəndən və qisasdan qorxan yerli əhali elliklə Türkiyəyə qaçandan bəri şəhər Əsəd qoşunlarının nəzarətindəydi. Onun strateji əhəmiyyəti birbaşa Latakiya şəhərinə yol açmağıdadır, Latakiya isə Əsəd rejimi üçün Dəməşq qədər əhəmiyyəti şəhərdir.
Aprelin 25-də şəhərin çöküşündən sonra (“Nüsrə Cəbhəsi”nin qələbəsində kamikadzelərdən bol-bol istifadə də əhəmiyyətli rol oynadı) Suriya hərbçilərinin əlində yalnız xəstəxana kompleksinin ərazisi qaldı. Bu möhkəmliyi ilə ad çıxaran binanın hansı strateji əhəmiyyət daşıdığına dair çoxsaylı şayiə və fərziyyələr var. Deyilənə görə, onun yerin altında yerləşən iki mərtəbəsi Suriyanın şimal cəbhəsinin əməliyyat qərargahıdır.
Digər fərziyyəyə görə, mühasirədə olanlar arasında Bəşər Əsədin qardaşı Mahir Əsəd, bir neçə “”Hizbullah” komandiri, İran generalı, hətta rus hərbi məsləhətçisi də var. Belədirmi? Sübut da, təkzib də yoxdur.
Ancaq o faktdır ki, ilkin sayı 300-350 nəfər arasında tərəddüd edən (hazırda onların heç olmasa 100-ü həlak olub) döyüşçülərlə yanaşı, binada zabitlərin ailə üzvləri də var. Üstəlik, binanın əhəmiyyətini xeyli vaxtdır xalqın arasında görünməyən və nəhayət mayın 7-də həlak olmuş əsgərlərin övladları ilə görüşən Bəşər Əsədin açıqlaması da təsdiqləyir. Çıxışında Bəşər mühasirədə olanları xilas etmək üçün əlindən gələni edəcəklərini, bölgəyə yeni hərbi qüvvənin göndərildiyini açıqlayır. Həmçinin islamçılara mane olmaq üçün Suriya HHQ-nin təyyarələri düşmənin mövqelərini hər gün bombalamaqdadır.
Göndərilən hərbçilər xəstəxananın 2 kilometrliyindən irəli gedə bilmirlər, təyyarələr isə hava şəraitinin əlverişsizliyi ucbatından olur ki günlərlə bombalaya bilmir (islamçıları binadan elə qısa məsafə ayırır ki, bombalar xəstəxanaya düşə bilər). Nəticədə müqavimət göstərənlər hər gün islamçıların şiddətli hücum dalğalarını yatırmalı olur. Mayın 1-də islamçılar bina yaxınlığında iki dəfə, mayın 2-də 3 dəfə, mayın 10-da yenə 3 dəfə kamikadzelərin idarə etdiyi “BMP” partladıb. Onların silah-sursat və canlı qüvvə sarıdan kasadlığı yoxdur - hamısı Türkiyədən gəlir. Vəziyyət o dərəcədə ümidsizləşib ki, mayın 8-də binadakı döyüşçülər radioefirə çıxaraq hökumət qüvvələrindən birbaşa xəstəxananı bombalamağı təkid ediblər. Yəni, söhbət təsim olmaqdan gedə bilməz, əllərində silah ööz bombalarından ölməyə isə onlar hazırdırlar.
Bu fakt həm də Əsəd rejiminin daxildə dayaqdan məhrumluğuna dair təbliğat məqsədli permanent şayiələri təkzib edir. Əslində bu “qara piar” 4 il ərzində hər gün təkzib olunmaqdadır. Ancaq nə edəsən ki, Göbbelsin xələfləri öz təbliğatlarını davam etdirir?!
Suriya ordusu isə inkvizisiya ilə çarpışır. Hələ Alber Kamyu yazırdı: “Din siyasətlə birləşəndə inkvizisiya yaranır”.
Əlbəttə, Cisr əş-Şuqurdakı dirənişi Maksim Qorkinin məşhur “cəsurların dəlisovluğu” ifadəsi ilə xarakterizə edərək məğlubiyyətin qaçılmazlığına dərin təəssüf hissi keçirmək qalır. Necə ki, hazırda təkcə “Vatan” xəstəxanasının yox, ümumilikdə Bəşər Əsədin kübar hakimiyyətinin çökməsi ehtimalı heç vaxt olmadığı qədər realdır. Ancaq bu, bir ovuc qəhrəmanın mətinliyini görməzdən gəlməyə haqq vermir. Necə ki, əfsanəvi Brest qalasının müdafiəsinin sonluğu ümumilikdə o hadisələrin dəyərini azaltmır.
Müqavimət isə hələlik davam edir. Nə vaxtsa onun barəsində tarixçilər, yazıçılar və psixoloqlar cild-cild kitablar yazacaq. Bizə isə bu tarixçəni özümüzün yaxın keçmişi ilə müqayisə etmək və cavabını bilmək istəmədiyimiz sualları yenidən aktuallaşdırmaq qalır. Xüsusən də 8 may ilə 15 may arasında...
virtualaz.org