Tariximizin qan yaddaşı 17 noyabr- "Qəbrimizi belə söyəcəklər..."
Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini
Tariximizin qan yaddaşı-17 noyabr! Bu millət "Azadlıq” meydanında vahid ordu kimi birləşdi. Kükrədi meydan, SSRİ-ni lərzəyə saldıq. Hamımız bir idik! Nə "yerevanlı” sözü, nə "gürcüstanlı” sözü, nə "qarabağlı” sözü, nə "şirvanlı” sözü”, nə "cənublu”, sözü, nə də "qazaxlı” sözü var idi! Onda bir SÖZ var idi- Hamı birdir!
O zaman hamı eyni vəziyyətdə idi. 17 gün davam etdi, Meydan mücadiləsi!!! 18-cü günə keçən gecə bu millət SSRİ tanklarının qabağına əliyalın yeridi. İlk şəhidlərimiz verildi. Sonra 1990-cı il gəldi. Qanlı il oldu. 20 yanvar faciəsi milləti daha da birləşdirdi. Millət qırx gün bir nöqtəyə zərbə vurdu. Sonra nələr, nələr oldu...Yenə də parçalandıq. Müstəqillik əldə etdik. Amma parçalandıq... Bu dəfə "yeraz”, "qıraz”, "naxçıvanlı”, "şirvanlı”, "lənkəranlı”, "qazaxlı” və sairə olduq. Düşdük tariximizdəki xanlıqlar səviyyəsinə...
Yarımçıq çıxdıq tarixin imtahanından...Düşmən bizi üz-üzə qoydu... Sonra da torpaqlarımız işğal etdi... Əsrin əvvəllərində olduğu kimi, bu dəfə də biz torpaq itirdik. İndi hansı vəziyyətdəyik? Bütöv Azərbaycandan balaca bir Azərbaycan qalıb bizə. Onun xilasını düşünmək əvəzinə, yalnız şəxsi maraqları düşünürük. O zaman "Azadlıq” meydanında eyni vəziyyətdə olanlar indi tamam fərqlidirlər. Bir qism çox varlanıbdır. O zamankı bir yerdə olduğu insanlara yuxarıdan-aşağı baxırlar. O zaman bir yerdə olanlardan bəzilərinin ən azı dörd villası, beş-altı maşını vardır. Amma onunla meydanda bir yerdə olub, Qarabağ savaşında şəhid olanın ailəsi qamışdan hörülmüş evdə pis vəziyyətdə yaşayır. O zaman bir yerdə mübarizə aparanlar indi bir-birinə nifrət edir. Bu bizim reallığımızdır!
İtirən isə VƏTƏNDİR! Bu VƏTƏN tariximizdə Azərbaycan Səfəvilər dövləti zamanı bütövləşdi. Şah babam Şah İsmayıl tarixin ona verdiyi imkandan istifadə edərək Bütöv Azərbaycan xəritəsini praktikada həyata keçirdi. Biz onun bu fəaliyyətini unudub, məzhəb baxımından başladıq tənqid etməyə.... Biz həyatını və ailəsini bizim yolumuzda qurban verən Məhəmməd Əmin Rəsulzadəni də torpaq vermə itkisi ilə ittiham etdik... Özümüzün vaxtında rayonlar getdi, torpaqlar getdi... Bəs bizləri ittiham edən olmayacaqmı? Olacaq, əlbəttə olacaqdır! Qəbrimizi belə söyəcəklər... Bundan xilas olmağın yolu milli ideologiya ətrafında toparlanmaqdır. Heç olmasa XXI əsrdə millət olmağımızı dünyaya sübut edək. Biz Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bütövlük proqramını sizlərin müzakirənizə verəcəyik. İnanın, bu imtahandan çıxa bilməsək, millət olaraq əriyib yox olacağıq. Düşmənlər də bunu istəyir. Onlar üçün Azərbaycanın yoxluğu Turanın yoxluğu deməkdir.
17 noyabr! Əziz gün! O gündən bu günə nə qədər dostları itirdik. Nə qədər dostlarımız şəhid oldu. Onların da xatirəsini yad edək. Bu bizim hamımızın bayramıdır!!! Bayramımız mübarək!!!
Miq.Az