“Uşaqlarınızla öz yaşınıza görə deyil, onların yaşına görə davranın”
Son illər respublikada təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynamaqdadır. Yeni metodların tədris işindəki tətbiqi, İKT-dan istifadə yeniləşmənin əsasıdır. Müşahidələr göstərir ki, sürətli yeniləşmə daha çox bilik və bacarıqların inkişaf etdirilməsində özünü qabarıq şəkildə göstərir.
TQDK-ın imtahan tələbləri daha çox informasiya, məlumat üzərində qurulduğundan məsələnin mənəvi tərəfi sanki ikinci plana keçir. Yəni tərbiyə amili kölgələnir, mənəvi dəyərlər unudulur. Mənəvi aşınmalar klassik anlamda olan ailə, məktəb və cəmiyyətin tərbiyə işindəki vəhdətinə təsirini göstərməkdədir. Uşaq gənc ailədə, məktəbdə və cəmiyyətdə özünə münasibətdə müxtəlif yanaşma görərkən hansı nəticəyə gəlməlidir? Bəlkə elə bu məsələdən qaynaqlanır cəmiyyətdə statistikası artan eybəcərliklərin (artan cinayətlər, çoxalan boşanmalar, doğmalar arasındakı bıçaqlanmalar, şərəf və namusla bağlı olan problemlərin gündəmə gəlməsi və s.) sayı?
Otuz ildən çoxdur ki, kimya müəllimi işləyirəm. İşim, sənətim kimya elminin sirlərini şagirdlərə öyrətmək olub. Eyni zamanda şagirdləri xalqa, vətənə yararlı vətəndaş kimi tərbiyə etməyə çalışmışam. Axı təhsil təlim və tərbiyənin vəhdətidir. Çoxillik təcrübəyə əsasən bu nəticəyə gəlirəm ki, klassik anlamdakı (ailə, məktəb, cəmiyyət) tərbiyə işində problemlər var. Uşaqlara münasibətdə pedaqoji, psixoloji tələblərdən çox danışılsa da, əslində ona əməl olunmur. Məktəb tədris proqramları uşaqları yaşına uyğun olmayan materialla yükləyir. Valideynlər də uşaqları əlavə məşğələlərə (idman, musiqi və s.) cəlb etməklə “daha bilikli” görmək istəyir. Nəticədə, uşaq oxumaqdan, öyrənməkdən bezir, yaşının, uşaqlığının şirinliyini itirir, uşaqlığın şirin çağlarını vaxtından əvvəl “xərcləyir”. Stresin, əsəbiliyin “möhkəm özülü” qoyulur. İmam Əlinin sözünü xatırldamaq yerinə düşər: “Uşaqlarınızla öz yaşınıza görə deyil, onların yaşına görə davranın”.
XVIII əsr fransız maarifçisi J.J.Russo isə valideyn və tərbiyəçilərə müraciətlə demişdir: “Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz”.
Bu gün əksər yaşlılar gənclərdən, onların davranışından, ətrafdakılara münasibətindən gileylənirlər, onlara saysız-hesabsız iradlar tuturlar (açıq-saçıqlıqlarına, geyimlərinə, demokratiya adı ilə pərdələnən sərbəstliklərinə, milli adət-ənənələrə olan biganəliklərinə və s.). Mənə elə gəlir ki, bütövlükdə tərbiyə işi xüsusi dövlət nəzarətinə götürülməlidir. Çünki H.Əliyevin dediyi kimi, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir”. Əgər bu fikirləri nəzərə alıb tərbiyə işindəki fəaliyyətimizdə dönüş yaratmasaq, dövrün gənclərindən gileyimiz daha da artacaq.
Cəmiyyətin tərbiyə-mənəvi problemləri özünü insanlarda ədalət hissinin itirilməsində, biganəlikdə, fərdiyyətçiliyin güclənməsində, mülkiyyətçilik hissinin zor və zülmə yol açmasında, özgə malına göz tikməkdə göstərir. Məhkəmə atatistikası arzuolunmaz faktları ortaya qoymaqdadır. Mal-mülk davaları ənənəvi ailə bağlarını məhv etməkdədir. Bəzən ata, ana övladlara, övladlar da valideynlərə qənim kəsilməkdədir. İstərdim ki, belə faktları qabartmaqla tamaşaçı auditoriyasını genişləndirmək istəyən verilişlərə TV-lərdə qadağalar qoyulsun. Çünki müsbət müsbət nümunəyə, mənfi isə mənfi nümunəyə yol açır.
Deyirlər ki, elm dinə söykənməsə şarlatanlığa, din elmə söykənməsə xurafata yol açar. Gəlin, elmimizi də, insani dəyərlərimizin açarı olan dinimizi də lazımınca dəyərləndirək. Elə dəyərləndirək ki, sonradan təəssüflənməyək.
Ofelya Babayeva,
Xəzər rayon 117 saylı tam orta məktəbin kimya müəllimi