Toxunmayın şairlərin qəlbinə...

Toxunmayın şairlərin qəlbinə...

Bayırda qar yağırdı... 

İçəridə çırtaçırtla yanan dağ odunlarının qoxusu dolan otaqda isə bir qız “Ərzurumun gədiyinə varır”dı...

Məmməd Aslan götürmüşdü onu buralara.

O qızı o kənd sobasının yanında o dadlı xəyallara daldıran şair Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” kitabı idi...

O qız böyüdü, böyüdü bu sətirləri qələmə ala biləcək yaşa gəldi. Və deyir ki, 

 Toxunmayın şairlərin qəlbinə...

Hələ şeirlərini oxumamışdan üzünün nurunu çox sevdiyim bir şair vardı. Əmimə bənzəyirdi. Bir də “Lay-lay” verilişindəki Savalan babaya. Kim olduğunu bilmirdim amma çox istədiyimi bilirdim. 

Mənim sevdiklərim arasındaydı bu adam. Üzü nurlular arasında. Dedim axı, əmimə bənzəyirdi. Sonra onun adının Məmməd Aslan olduğunu öyrəndim. Şair olduğunu bildim. Bu, məni daha çox sevindirdi, çünki şeir dəlisiydim. Onunla Ərzurumun gədiyinə vardım. Dədə Şəmşirə salam verdim. Onun Şəmşirin yanında özünü “darı hiss etməsi” böyüklüyü göstərməyinin şahidi oldum.

Nə xoşbəxt mənə ki, bu gün onunla canlı ünsiyyət qurub onun haqqında yazmaq icazəsini ala bildim. Bu yazı ona olan sevgimin bir parça ifadəsidir. Sözün “as”ı bu adama sözlə nəsə demək mənim həddim deyil. Amma “məhəbbət qıtlığı” göstərəsi də deyiləm. 

Əslində qəlbi ağrıdan elə bir məqam oldu ki, onu mütləq deməliyəm. Mənə görə pis adam yoxdur, hər bir adamın dərinində bir mələk yatır, sadəcə onu oyadacaq qədər sevgi yoxdur dünyamızda. Hələ söz adamları, onların aldığı nəfəs belə sevgiylə olur. Bəs necə olur ki, bir adam Məmməd Aslana telefon açıb “icazə verin, sizin haqqınızda bir yazı hazırlayım” deyəndə şair min yerindən tökür?! “Qızım, neynirsən elə, bircə qəlbimə dəymə. Dözmürəm”. Nə hiss elədim bilirsizmi?! Məndəki mən od tutub yandı, cızdağımı çıxardı. Bizim şeiri, sənəti sevən xalqa nə oldu ki, bu şair “naqolay” diqqətdən dad eləyir? Kim incitdi onu?...

Bilmirəm. Bu yazını yazmaq istəyimlə Məmməd Aslan kimliyinə “div” boyda sevgimin “darı” boyda təzahürünü göstərmək istəyirəm. Axı özü deyir ki, 

Dağ solar - çəndən alsan,

Gülü çəməndən alsan,

Bu dili məndən alsan,

Susar bülbül, çiləməz...

Ürək palıd közümü?!

Gör, məndəki dözümü!

Tanrıdağdan izimi,

Heç bir qüvvə siləmməz!

Məmməd Aslan doğru sözün, düzgün ifadənin izini qoyur dilimizdə. Mən heç bu qədər dilinə aşiq bir nəinki adam, heç filoloq belə tanımadım. Bu adam düzgün dilin vurğunudur. Elə mən özümü təqdim edəndə “İbrahimova” soyadımı inadla eşitməzliyə vurub “İbrahimli”olaraq təkrarladı. Və mənə, eləcə də mənim simamda hələ də soyadlarını milliləşdirməyənlərə sətiraltı bir dərs vermiş oldu.

Bu günlərdə şairin “Varlıqla yoxluq arasında” adlı iki cilddən ibarət kitabı işıq üzü görüb. Kitabda Məmməd Aslanın bu günəcən işıq üzü görmüş şeir kitablarından yararlanılıb. Biz də bu münasibətlə şairi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az