“Türkiyənin yeni hökuməti Suriya hökuməti ilə birlikdə...”
Devlet Bahçelinin müavinindən hadisə kimi müsahibə ; Atilla Kaya: "MHP təkrar seçkilərə hazırdır”
Türkiyədə
hökumət qurulması istiqamətində proseslər artıq rəsmən başlayıb.
Seçkilərdən dərhal sonra AKP-nin koalisiya ortağı olaraq MHP ilə birgə
hökumət quracağı ehtimalları ortaya atılsa da, sonradan məlum oldu ki,
milliyyətçilərin AKP-yə ciddi şərtləri var. Türkiyə mətbuatının
yazdığına görə isə bu şərtlərdə koalisiyanın qurulması hardasa
mümkünsüzdür.
Amma siyasət həm də
mümkün olanların reallaşdırılması sənətidir. Bu mənada "qapıların tam
qapandığını” da düşünmək sadəlövhlük olardı. Ona görə də qarşıdakı 45
gün ərzində davam edəcək koalisiya çalışmalarında əsas tərəflərin
birinin MHP olacağı sözsüzdür.
Ankarada olarkən, Türkiyə
milliyyətçilərinin paytaxtdakı mərkəzi qərargahlarına da baş çəkdik.
Azərbaycana ən yaxın, ən doğma olan bu təşkilatın sədr müavini, millət
vəkili Atilla Kaya ilə söhbətləşmək imkanımız da oldu. Məhdud zamanın
verdiyi imkanlar çərçivəsində bir sıra mövzularda danışdıq. Həmin
söhbətin mətbu versiyasını da oxucularımızın diqqətinə təqdim edirik:
-
MHP sədri Devlet Bahçelinin yerli mediaya verdiyi müsahibədən sonra
Türkiyə mediası MHP-nin AKP ilə "koalisiya qapılarını qapatdığını”
yazır. Doğrudanmı, koalisiya imkanları yoxdur artıq?
|
"Bir
yəhudi İsrail var. Qafqazda isə bir Ermənistan var... Ermənistan o
bölgədə işləri ikinci bir İsrail kimi aparır. İndi isə müsəlman
ölkələrinin – Türkiyə, İran, İraq və Suriyanın arasında bir "müsəlman
israil” yaradılması planı var. Oyun bundan ibarətdir” |
-
İyunun 7-də Türkiyədə parlament seçkiləri oldu. Təbii ki, seçkilərə
gedən partiyaların da vətəndaşlara seçki vədləri, yəni iqtidar
olacaqları halda nələri edəcəkləri ilə bağlı vədləri oldu. MHP də 7 iyun
seçkilərində Türk xalqının qarşısına bir sıra vədlərin olduğu seçki
bəyannaməsi ilə çıxdı. Bu bəyannamədə ön planada verilən bir neçə
xüsusat vardı. Yəni bir sıra iqtisadi və sosial vədlərlə yanaşı,
Türkiyənin 13 illik AKP iqtidarı dönəmində ölkədə ədliyyə, hüquq
sistemində, ictimai asayişin yaranmasında, xarici siyasətdə və sairədə
yol verilmiş səhvləri düzəltmək kimi vədlər də vardı.
Əsas vədlər bunlar idi:
1. Türkiyədə 4 nazirin istefası ilə nəticələnən "17-25 dekabr”
adlandırdığımız korrupsiya və rüşvət davaları. MHP sədri və namizədlərin
hər biri bütün seçki mitinqlərində bəyan etdilər ki, iqtidara
gələcəyimiz təqdirdə bu "17-15 dekabr” hadisələri ilə üzə çıxan
korrupsiya və rüşvət iddialarının müstəqil məhkəmə vasitəsi ilə hesabını
tələb edəcəyik;
2. MHP PKK-nı Türkiyədə
və dünyada təsirli bir vəziyyətə gətirən, PKK ilə danışıqlar masasına
oturmaqla onu legitimləşdirən – hətta bu günlərdə ABŞ prezidenti PKK və
onun Suriya qolu YPG-ni müttəfiqləri adladırdı – AKP-nin "çözüm sürəci”
dediyi prosesi dayandıracağını millətə vəd etdi. 3. Konstitusiyanın
verdiyi səlahiyyətlərdən kənara çıxan, çıxışları və fəaliyyətləri ilə
cəmiyyəti qütbləşdirən prezidenti də konstitusiyanın verdiyi
səlahiyyətlər çərçivəsinə qaytarmaq vədini verdi.
Və
bu vədlərin qarşılığında millətdən səs aldı. Dolayısı ilə seçkilərin
səhəri günü MHP liderinin söylədiyinin mənası odur ki, Türkiyədə
QHT-lərin, bir sıra partiyaların, böyük medianın, AB, ABŞ-ın, TÜSİAD
kimi sənayeçi və iş adamlarının olduğu qurumlar AKP-nin "çözüm sürəci”,
bizim "xəyanət sürəci” dediyimiz proseslə bağlı müttəfiqdirlər. Eyni
zamanda bunun kimi bir sıra mövzularda da fikir ortaqlıqları var. MHP
lideri isə açıq şəkildə bəyan etdi ki, əgər siz "çözüm sürəci”ndə
ortaqsınızsa, o zaman AKP HDP ilə birgə hökumət qursun və millət də bu
prosesin nə olduğunu görsün. Əgər bu mümkün olmursa, o zaman hədəfi daha
da böyüdüb AKP-CHP-HDP hökuməti də qurula bilər. Yaxud da bunlardan
biri kənardan hökumətə dəstək verə bilər. Çünki "çözüm sürəci” ilə bağlı
CHP də AKP ilə demək olar ki, ortaq mövqedədir. Belə bir vəziyyətdə
MHP-yə də ana müxalifət olmaq vəzifəsi düşür.
|
"Türkiyənin
xarici siyasətini yenidən gözdən keçirib, Ərdoğanın şəxsi istəklərinin,
ideoloji baxışını təmin edilməsinə yönəlmiş xarici siyasət kursundan
Türkiyənin dövlət maraqlarını əsas alan ənənəvi xarici siyasət kursuna
geri dönmək lazımdır” |
Ancaq
bütün bunlardan bir nəticə alınmasa, MHP-nin millətə seçkilər zamanı
vəd etdiyi kimi, Türk millətinin bütünlüyü və birliyi MHP-nin varlıq
səbəbi olduğu üçün, MHP-nin iqtidarın "çözüm sürəci”ndən vaz keçəcəyi,
eləcə də "17-25 dekabr” prosesinin müstəqil mühakiməsini təmin edəcəyini
qəbul edəcəyi və nəhayət prezident Konstitusiyamızın verdiyi
səlahiyyətlər çərçivəsində hərəkət etməsi şərtini qəbul edərsə, o zaman
MHP AKP ilə koalisiya danışıqlarında iştirak edə bilər.
Bütün
bunların olmayacağı təqdirdə, gediləcək sonuncu variant – zatən qanun
da bunu tələb edir – 45 gün ərzində hökumət qurulmayacağı təqdirdə yeni
seçkilərə gedilməsidir. Əgər yuxarıda söylədiyim məsələlər alınmasa, MHP
mili iradəyə baş vurmağa, yəni seçkilərə getməyə hazırdır. Bizim
söylədiyimiz bundan ibarətdir. Əhməd Davudoğlu koalisiya danışıqlarına
gələcəyi təqdirdə, başqanımızın da dediyi kimi, bunlar onun özünə də
söyləniləcək. Əgər qarşılıqlı addım atılarsa bir koalisiya ola bilər,
əgər bu olmasa 45 gündən sonra Türkiyə yeni bir seçimə gedər.
-
3 əsas koalisiya şərtini sadaladınız. Bu şərtlər isə hökumət üçün də
ciddi əhəmiyyət kəsb edir. Siyasətdə bir anlaşma, danışıqlara ayaq vermə
imkanı hər zaman var. MHP hər zaman bəyan edir ki, Türk xalqının
birliyi və bütünlüyü naminə hər şeyə hazırdır. Proseslərin çıxmaza
doğru getməsi halında MHP-nin sadaladığınız şərtlərin hansısa birindən
geri çəkilməsi, uzlaşmaya addım atması mümkündürmü?
-
"Çözüm sürəci” dediyimiz məsələdə geri çəkilməmiz mümkün deyil. Zatən
bu prosesin də PKK-nin siyasi təşkilatı adlandırdığımız partiyanın işinə
yaradığı ortaya çıxdı. Türkiyənin cənub-şərq vilayətlərində demək olar
ki, bütün bölgələrdə deputat yerlərini HDP götürdü. AKP o bölgələrdə
uduzdu. Yəni dolayısı ilə bu proses AKP-nin özünə də sərf etmir. Eyni
zamanda, ölkəmizi bölünməyə götürən prosesdir. Bu məsələdə MHP-nin geri
çəkilməsi mümkün deyil.
İkinci məsələ "17-24
dekabr” prosesidir. Bu mövzu çox həssasdır. Təsəvvür edin ki, sabah
AKP-MHP hökuməti quruldu və bundan az müddət sonra CHP həmin 4 nazirlə
bağlı araşdırma tələbi irəli sürdü. Nə olacaq? MHP-nin deputatları bu
nazirlərin istintaqa cəlb olunmasına yox deyəcək? Təbii ki, bu, mümkün
deyil, bu özümüzü inkar olardı.
Yəni MHP-nin tələbləri
əslində Konstitusiyanın tətbiq olunması deməkdir. Məhkəmə sisteminin
iqtidarın təsirindən çıxaraq müstəqil olmasıdır. Müstəqil mühakimə
qurulsun, onlar da mühakimə olunsunlar, AKP də bu ittihamlardan
qurtulsun. Yəni ümumilikdə bu sadaladığım üç əsas istiqamətdə MHP-nin
geri addım atması mümkün deyil.
- MHP daha
əvvəlki seçkilərlə müqayisədə 3 faiz daha artıq səs qazandı. Amma siyasi
şərhçilərə görə, növbədənkənar seçkilər Türkiyə üçün ağır olacaq,
siyasi təşkilatlar yorğundur və ən mühüm, bir çox partiyalar səs itirə
bilər. MHP bu risklərə hazırdırmı?
|
"Türkiyənin
yeni hökuməti Suriyanın hökuməti ilə birlikdə bu siyasi oyunlara qarşı
fəaliyyət göstərməlidir. Çünki bu gün İraqın, Suriyanın bölünməsi sabah
Türkiyə və İranın bölünməsi anlamına gəlir. Ona görə də bu bölgə
ölkələri - Türkiyə, İran, İraq, Suriya bir araya gəlməklə həm İŞD
deyilən qruplaşmaya qarşı, həm də bu ölkələrin bölünməməsi üçün
əməkdaşlıq etməlidir” |
-
Yuxarıda qeyd etdiyim tələblər MHP ilə yanaşı, həm də ictimaiyyətin
tələbləridir. Məsələn, AKP-nin 10 faiz civarında səs itirməsinin əsas
səbəbi ölkə prezidentinin konstitusiyanın verdiyi səlahiyyətləri aşaraq,
meydan-meydan gəzib AKP-yə səs istəməsi oldu. Biz isə istəyirik ki,
prezident konstitusiyanın verdiyi səlahiyyətlərdən kənara çıxmasın. Yəni
sabah yeni seçki qərarı olarsa, biz yenidən meydanlarda xalqa bunu
deyəcəyik. Bizim daha artıq bir tələbimiz yoxdur, deyirik ki, prezident
konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində hərəkət etməlidir.
Kənara çıxmağa haqqı yoxdur. Korrupsiya varsa, yetimin, dövlətin malı
oğurlanıb bir qisim insanlar varlanıbsa, bunların hesabı sorulmalıdır.
Biz millətə bunu deyəcəyik. Yaxud da gördüyünüz kimi, ölkəmiz bir
bölünmə nöqtəsindədir. PKK bəzi bölgələrdə demək olar ki, öz
hakimiyyətini qurub. Bunlara "eyvallah” deyə bilmərik. Bütün bunları
gözə alıb MHP-nin ehtimal olunan yeni seçimlərə hazır olduğunu deyə
bilərəm.
- Bir məqama vurğu elədiniz. Bu gün
İraqın şimalında kürd administrasiyası formalaşıb, ötən il isə
Suriyanın şimalında kürd kantonları muxtariyyət elan etdilər. Və ABŞ
hökuməti də bəyan etdi ki, bölgədə kürdlərlə yaxından əməkdaşlıq edir.
Hətta bu projenin İraq neftinin Aralıq dənizinə çıxarılmasını nəzərdə
tutduğu qeyd olundu. AKP hökuməti isə buna qarşı olaraq Suriyanın
şimalına ordu yeridilməsi planını irəli sürdü. Bu mövzuda MHP-nin
mövqeyi necədir? Suriyanın şimalında kürdlərin neytrallaşdırılması üçün
nə təklif edirsiniz?
- Bu mövzuda onu deyə
bilərəm ki, AKP-nin xarici siyasəti iflas oldu. "Strateji dərinlik” adı
ilə başlayan, "qonşularla sıfır problem” adı ilə davam edən, bir dönəm
Suriya ilə ortaq nazirlər komitəsi qurmaq həddinə gələn xarici
siyasətdən bu gün haraya gəlib çıxdığımız ortadadır. Türkiyənin milli
birliyi təhlükəsizliyini, bütövlüyünü təhdid edən bir nöqtəyə gəlib
çatmışıq. Dolayısı ilə AKP-nin xarici siyasəti iflas edib. Hazırda
Suriya və İraqdakı proseslərə baxdığımızda, bölgədə bir oyunun
addım-addım həyata keçdiyini görürük. Nədir bu oyun? Bir yəhudi İsrail
var. Qafqazda isə bir Ermənistan var. Ermənistan ikinci bir İsrail kimi o
bölgədə işləri aparır. İndi isə müsəlman ölkələrinin – Türkiyə, İran,
İraq və Suriyanın arasında bir "müsəlman israil” yaradılması planı var.
Oyun bundan ibarətdir. Baxırıq ki, bu plan addım-addım həyata keçirilir.
İŞİD ötən il İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirdi, ancaq
heç kimin səsi çıxmadı. Lakin nə zaman ki, İŞİD Ərbilə doğru, yəni
İraqın şimalındakı kürd bölgəsinin mərkəzinə hücum etdi, o zaman Amerika
İŞİD-i bombalamağa başladı. İŞİD İraqda türkmən qəsəbəsi Telaferi ələ
keçirdi, şiə türkmənlər Bəsrəyə qədər dağıldı, digərləri isə başqa
bölgələrdə pərişan halda qaldı. Yəni belə bir proses davam edir: İŞİD
bir bölgəni ələ keçirir və orda xüsusən də türkmənlər və bir qisim
ərəblərə qarşı etnik təmizləmə həyata keçirir. Ondan sonra isə Amerika
oraları bombalayır və ardınca PKK-nın Suriya qolu olan YPG oralara hücum
edərək ələ keçirir. Kobanidə, Tel Abyadda belə oldu və proses bu cür
davam edir. İndi isə proseslər Afrin deyilən 3-cü kürd kantonunda davam
edir. Bu üçünü birləşdirib bir koridor yaratmağa çalışırlar. O bölgədəki
ərəb və türkmənlərə qarşı bir etnik təmizləmə siyasəti həyata
keçirilir.
Yəni bu gün Türkiyənin etməli
olduğu bu yanlış Suriya siyasətindən imtina etməkdir. Bu saatdan sonra
isə bunu indiki hökumət həyata keçirə bilməz. Suriyanın hökuməti ilə
birlikdə bu siyasi oyunlara qarşı fəaliyyət göstərmək lazımdır. Çünki bu
gün İraqın, Suriyanın bölünməsi sabah Türkiyə və İranın bölünməsi
anlamına gəlir. Ona görə də bu bölgə ölkələri - Türkiyə, İran, İraq,
Suriya bir araya gəlməklə həm İŞD deyilən qruplaşmaya qarşı, həm də bu
ölkələrin bölünməməsi üçün əməkdaşlıq etməlidir. Türkiyə də bütün gücü
və imkanlarından istifadə etməklə - burda çox diqqətli olmaq lazımdır –
ölkəmizi bir bataqlığa soxmadan, Türkiyə təsirli yayındırma gücündən
istifadə edərək – Türkiyənin belə bir gücü var – Suriyaya ordu
çıxarmadan belə, 20-30 km dərinlikləri belə havadan və qurudan atəş
altında saxlamaqla hərbi fəaliyyətlərin qarşısını ala bilər. Ona görə də
Türkiyənin bu məsələdə qərarlı bir siyasət tətbiq etməsi lazımdır.
Digər tərəfdən də, yeni hökumət Suriya ilə əlaqələrini bərpa etməlidir.
-
Bu arada qeyd etdiyiniz kimi, hazırda ən ağır durumda olan toplumlardan
biri də İraq türkmənləridir. Bu mövzu Azərbaycanda da narahatlıqla
qarşılanır. Böyük bir xalqın taleyi necə olacaq? MHP-nin türkmənlərə
yardımla bağlı hansı təklifləri var?
-
Mətbuatda dünən də elanlar vardı. Bizim ictimai təşkilatlar, xüsusən də
Ülkü Ocaqları kampaniyalar təşkil etməklə evlərindən didərgin salınmış
türkmənlərin həm Türkiyəyə gələnlərinə, həm də İraqda qalanlarına
müxtəlif növ yardımlar – yemək, geyim və sair – toplayıb göndərir. Eyni
zamanda bizim oradakı türkmən məsullarla görüşlərimiz, danışıqlarımız
olur, onların bizə bildirdikləri sıxıntılarını biz də müxtəlif
kanallarla hökumətə çatdırırıq. Ancaq ümumilikdə bu problemlərin
kökündən həll olunması üçün Türkiyənin xarici siyasətini yenidən gözdən
keçirib, Ərdoğanın şəxsi istəklərinin, ideoloji baxışını təmin
edilməsinə yönəlmiş xarici siyasət anlayışından, Türkiyənin maraqlarını
əsas alan ənənəvi xarici siyasət anlayışına geri dönməsi lazımdır. (Müsavat.com)