Uşaqlar arasında təhlükəli virus yayılıb – Əlamətləri və müalicə üsulları
Son vaxtlar uşaqlarda müxtəlif viruslara yoluxma halları artıb. Vaxtında bunun qarşısı alınmasa ağır nəticələrə gətirib çıxara bilər.
Bu barədə BakiPost.az-a açıqlama verən tanınmış pediatr Dürdanə Yaqubova bildirib ki, bunun əsas səbəblərindən biri iqlim dəyişikliyidir: "Amma bu o qədər də böyük əhəmiyyət kəsb eləmir. Çünki iqlim dəyişikliyi ilə yanaşı uşaqlar məktəblər və bağçalarda kollektivə qoşulduğu zaman bu viruslara yoluxa bilirlər. Həmçinin istər uşaqlarda, istərsə də böyüklərdə adaptasiya dövrü var. Yəni, bir iqlimdən digərinə keçid zamanı buna uyğunlaşmaq üçün müəyyən vaxt tələb olunur. Sağlam orqanizmlər uyğunlaşma dövründə heç bir problem yaşamır. Amma immun sistemi zəif olan və adaptasiya dövrünü keçirə bilməyən uşaqlarda bu viruslara yoluxma halları ilə nəticilənir”.
Pediatr vurğulayıb ki, virusların növlərindən asılı olmayaraq, bütün virus infeksiyalarında ilkin əlamət zökəmdir: "Bu zaman gözlərin sulanması, burun axması, asqırma, öskürmə, hərarətin qalxması və qidadan imtina etmə kimi hallar müşahidə olunur. Ən çox müşahidə olunan əlamət isə hərarətin qalxmasıdır. Hərarətin yüksəlmə tempinə görə xəstəliyin virus və ya başqa infeksiyadan yarandığı müəyyən olunur. Əgər hərarət 39 və ya 40 dərəcə müşahidə olunursa, bu, virus infeksiyasıdır. Məktəbəqədər yaş dövründə olan uşaqlarda isə hərarətin yüksəkliyindən əlavə, qıcolma halları da ola bilər”.
Dürdanə Yaqubova onu da qeyd edib ki, hazırda virusların ən çox rast gəlinən əlamətlərindən biri də qusma və virus mənşəli diareyalardır: "Bütün valideynlər bilməlidirlər ki, yuxudan oyanma zamanı halsızlıq, yeməkdən imtina, baş ağrıları, burun tutulması, udqunma zamanı çətinliklər olduğu zaman uşaq evdə saxlanılmalıdır. Yəni görüləcək ilkin tədbirlərdən biri isə uşağın kollektivdən uzaqlaşdırılmasıdır. Bu həm xəstəliyin başqalarına yayılmasının qarşısını alacaq, həm də uşaqların tez bir zamanda müalicəsinə kömək edəcək. Uşağı yataq rejiminə keçirdikdən sonra həkimə müraciət edilməlidir. Müalicə vaxtı uşaq məcburi qidalandırılmamalıdır. Qidalanma 10-12 saata qədər dayandırıla bilər. Bu heç bir problem yaratmaz. Amma həmin dövrdə qusma, ishal, yüksək hərarət zamanı tərləmə nəticəsində uşaqda çoxlu su itkisi olduğu üçün maye qəbulu dayandırılmamalıdır. Belə ki, mürəbbəli, limon sıxılmış çay, qaynanmış su və s. kimi digər mayeləri uşağa aramla vermək lazımdır”.
Miq.az