Elçin Behbudov girovlarla görüşmək istəyir
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşmək istəyir.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, E.Behbudov "Yeni Müsavat”a açıqlamasında deyib
ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, İşgəncələrə Qarşı
Komitəsinə,
Avropa Şurasının Parlament Assambleyasına, baş ofisi Cenevrədə yerləşən və rəhbərlik etdiyi komitənin üzv olduğu İşgəncələrə qarşı Ümumdünya Təşkilatına müraciət edib:
"Yazmışam ki, əsirlər Artur Baqdasaryan və Andronik Qriqoryana
Azərbaycan dövləti çox humanist münasibət göstərdiyi bir vaxtda
ermənilər Azərbaycanın işğal olunmuş ərazisində girov götürdükləri
Dilqəm Əsgərovla və Şahbaz Quliyevə amansız, qeyri-insani rəftar
göstərirlər. Beynəlxalq təşkilatlardan xahiş etmişəm ki, bu məsələyə
münasibətlərini açıqlasınlar, rəsmi qiymət versinlər”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov
E.Behbudov deyib ki, beynəlxalq təşkilatlardan girovların ailə
üzvlərinin onlarla görüşməsinə imkanların olub-olmaması ilə də
maraqlanıblar: "Maraqlanırdılar ki, əsirlər Artur Baqdasaryan və
Andronik Qriqoryanla onların yaxınları, girovlar Dilqəm Əsgərovla və
Şahbaz Quliyevin övladları ilə görüş təşkil oluna bilərmi? Dedim ki,
əlbəttə ki, bu mümkündür. Qoy ermənilərin yaxınları özləri gəlib Artur
Baqdasaryan və Andronik Qriqoryana olan humanist münasibəti görsünlər.
Halbuki Baqdasaryan Azərbaycan ərazisinə təxribat-diversiya qrupunun
tərkibində gəlib. Özüm də beynəlxalq təşkilatlara müraciət hazırlamışam
ki, onların nümayəndələrinin iştirakı ilə Dilqəm Əsgərov və Şahbaz
Quliyevlə görüşümə şərait yaratsınlar”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov
və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını
ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov
götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək
öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq "məhkəməsi" ötən il dekabrın
19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan
məhrum edilməsi barədə qərar çıxarıb. "Apellyasiya Məhkəməsi" bu qərarı
qüvvədə saxlayıb.

Dilqəm Əsgərov (solda) və Şahbaz Quliyev erməni girovluğunda