Xanım N. üçün... şeir – Nikbin Qasımlı yazır...

Xanım N. üçün... şeir – Nikbin Qasımlı yazır...
Xanım N. üçün... 
- şeir – 

I hissə

Həqiqətən səni sevdiyimi, hətta səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, onda Allahı tap, Ondan soruş...

Nikbin Qasımlı yazır...

***
mən elə insanam ki;
sənə deyəcəyim sevgi sözlərimi  
dəftərçəmə qeyd edib,
cibimdə saxlayıram...
hələ  bu, azmış kimi
sənin qıvrım saçlarını
havaya qısqanıram...
elə;
sən deyən kimi
deyəsən
səni havayı qısqanıram...

***
ömürlük
səni sevmək 
sənə sadiq olmaq 
sonda
sənin üçün ölmək
sənsizlikdən bezmiş – mənim üçün çox asandır...
məndən başqa səni başqasının sevməyi- bax, bu, mənim üçün əzabdan da əzabdır...
başqası kimdir, axı - səni məndən  çox sevə...
səni xəyalında əzizləyə...
axı, o – səni sevən mən deyil...
axı,  heç  ola  da bilməz...
mən ki səni  - özümdən də qısqanmışam...
hətta
məndən başqa özüm səni sevməsin deyə, - özümə  yalvarmışam...

***

indi evin bir küncündə təkcə-tənha qalmışam
biri-birinə ögeyləşən əllərimlə,
biri-birinə yadlaşan ayaqlarımla 
ürəyimə hökm edən beynimlə
məni tərk etdiyin gün vidalaşmışam...
 
***

yenə sənin yanında heç olmazsa "heç” idim
indi "heç” belə deyiləm...
yenə dünən axşam – axırıncı dəfə  sənin uğrunda özümlə dalaşmışam 
elə o vaxtdan   özümdən uzaqlaşmışam...

***

sənin bircə kəlmənə
saçlarını  qapamış  yaylığına həsrətəm...
hələ bu, azmış kimi
min-bir düyün kimi
toxunmuş örpək kimi
bədəninə hörülmüş nakam nəzərim kimi
həsrətinə həsrətəm...

***
inan
bugünədək
nə  yaşamağı bacarmışam
nə də ki ölə bilmişəm
inan
doğulmağı belə
mən – özüm seçməmişəm...
inan
sənsiz var olmağı belə
mən – özüm seçməmişəm...

***

odur ki;
say rəqəmləri sona çatana qədər
qorxma 
bir gün  rastlaşarıq, fələkdən xəbərsiz...
yenə  - sən məni tərk edərsən 
yenə - mən də həmişəki kimi tək qalaram sənsiz...

Son


*********


Xanım N. üçün…  

- şeir -
II hissə
 
Nikbin  Qasımlı yazır …

darısqal  küçələrdəki  həyətyanı evlərdə - bütün sevilməyə layiq olan qadınlar  dünyasını dəyişdi
darısqal küçələrdəki daxmaya bənzər çay evlərində isə - dul kişilər ölənədək qadınlarsız qocaldı
habelə;
gah  fələyin, gah taleyin, gah da insanların öz ucbatından quş yuvaları qədər  müqəddəs  ailələr dağıldı 
beləliklə;
xaraba qalmış ailə yuvaları əbədi ayrılmış ərlə-arvadın keçmişdə yaşanmış xoşbəxtçiliyinə möhtac qaldı

***

bir vaxtlar səs-küylü darısqal küçələr-indi bircə kəlmə yad insanın sözünə, salam-kəlamına həsrət qalıb
o vaxtdan bu darısqal küçələrə-gözəl-əndamlı qadınlar, yaraşıqlı kişilər ayağını basmayıb
ta ki;
o vaxtdan bugünədək – bizim eramız,  eradan əvvəl yaşanmış bütün xoş tarixçələrin məhvinə səbəb oldu
elə o gündən  - təkbaşıma, sənin üçün ürəyimdə bəslədiyim, böyütdüyüm sevgim,
sonda
qıfıllı sandıqda naftalinə qismət oldu...


***

ta ki;
əvvəllər - darısqal küçələrə döşənmiş çınqıl daşlar  yağış suyu ilə islanırdı
indi – həmin küçələr göz yaşı ilə islanır...
əvəllər - bərk-bərk  əl-ələ tutuşaraq, darısqal küçələrdə gəzişən sevgililər
indi – yalnızca öz əllərini tutmaqla yetinir...
bəzən
bu səbəbdən
insan görə-görə
insan ürəyində sevə-sevə
hətta
ağlaya-ağlaya
gülə-gülə
hər şeyi – özü də bilmədən
bir göz qırpımında itirir...
bəlkə də 
çox vaxt
yalnızca, insanı  həyatın özü itirir...
təəssüf ki;
olan olur, olan oldu...
mənim sevgim - qıfıllı sandıqda naftalinə qismət oldu...

***

nəhayət ki;
darısqal  küçələrin adamları azalaraq, başqa ölkələrin başqa küçələrinə köç etdilər
elə; 
bir vaxt bu küçələrdəki ayaq izlərini, xatirələri,  alın yazılarını,  
elə;
köç edən kəslərin özləri silib getdilər...
əfsus ki;
darısqal küçələri tərk edib gedən kəslər
bircə gün də olsa öz küçələrində ölmək belə istəmədilər...
indi bu küçələrin insanları yad küçələrin sakinləri oldu...
mənim sevgim - qıfıllı sandıqda naftalinə qismət oldu...
 
***

bilirsənmi, sevdiyim qadın;
yaradanın tərk etdiyi yerləri bəndələr də tərk etdi
darısqal küçələrə dadanmış küçə itləri də küçələri dəyişdi
darısqal küçələrdə pozğunluq edən qadınlar da başqa küçələri seçdi
indi – darısqal küçələrdə - nə külək əsir – nə də ki  zəlzələ olur
görəsən – mənim kimi neçə insanın sevgisi,
sonda 
qıfıllı sandıqda naftalinə qismət olur?!...
bircə onu bilirəm ki;
olan olur, olan oldu
mənim sevgim - qıfıllı sandıqda naftalinə qismət oldu...

Son

 
  










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az