Baş prokurorun müavini, respublika hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev aprelin aprelin 18-də 2011-ci ilin fevralında Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Göygöl rayonundakı hərbi hissəsində həlak olmuş əsgərlərin valideynlərini - Naib Quliyevin atası Fəxrəddin Quliyev, Əhməd Hüseynovun atası Əhmədəli Hüseynov və Zakir Quliyevin atası Etibar Quliyevi qəbul edib.
Bu barədə Milaz.info portalına Etibar Quliyev məlumat verib. Onun sözlərinə görə, görüşdə baş vermiş hadisə üzrə istintaqın düzgün aparılmadığı, ittiham aktındakı ciddi yanlışlıqlar barədə hərbi prokurora məlumat verilib. Eyni zamanda həlak olan əsgərlərə şəhid statusunun verilməsi vacib hesab edilib.
“Bizə məlum oldu ki, Xanlar Vəliyevin istintaq prosesində baş vermiş bir çox ziddiyyətlərdən xəbəri yoxmuş. Mən bildirdim ki, ittiham aktı ləğv olunmalı, baş vermiş hadisə ilə bağlı istintaq yenidən başlanılmalıdır. Hərbi Prokuror bizi dinlədi və bildirdi ki, valideynlərə istintaq materialları ilə tanış olmaq üçün Hərbi Prokurorluq binasında şərait yaradılacaq. Eyni zamanda o bildirdi ki, dünyasını dəyşimiş əsgərlərə şəhid statusunun verilməsi ilə icra strukturlarına, o cümlədən Müdafiə Nazirliyinə məktub göndərəcək. Amma X.Vəliyev etiraf etdi ki, Milli Məclis bu məsələ ilə bağlı qanunvericilkdə dəyişiklik etməlidir”, - deyə o bildirdi.
E.Quliyev bildirdi ki, dünən valideynlər Hərbi Prokurorluğun hadisə üzrə sübutların qiymətləndirilməsi barədə qərarının surətini nəhayət əldə ediblər: “Bu sənəd bizə ötən ilin yay ayında verilməliyidi, amma səbəbsiz və qanunsuz olaraq olaraq bizə verməkdən imtina edirdilər”. Qeyd edək ki, bu sənəd cinayət işinə xitam verilməsini nəzərdə tutur. Valideynlər bunu əsassız hesab edirlər.
Qeyd edək ki, valideynlər aprelin 20-də Hərbi Prokurorluq binasının qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriblər.
Bu gün həmin müraciətə cavab verilməlidir.
Xatırladaq ki, X.Vəliyev sonuncu dəfə əsgər valideynlərini aprelin 12-də də qəbul etmişdi.
Milaz.info