Xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacı-Horadiz, Cocuq Mərcanlı+Fotolar

Xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacı-Horadiz, Cocuq Mərcanlı+Fotolar

21 MART - YENİ İLİN İLK GÜNÜ... HORADİZ, COCUQ MƏRCANLI

Tanınmış alim Akif Məmmədov öz feysbuk statusunda cəbhə bölgəsinə səfəri zamanı cəkdiyi fotoları paylaşıb. Fotoların və alimin təəssüratlarının maraqlı olduğunu nəzərə alıb, Miq.Az-ın oxucularına təqdim edirik: 

Birinci şəkildə siz Horadizdən Cocuq Mərcanlıya gedən yolu görürsünüz, cəmi-cümlətanı 3 kilometr olar, ya olmaz.
 
Buradan Cəbrayıla 40 (2-ci şəkil), Füzuliyə 20 kilometrdir. Nə var, əlini uzatsan, çatar. Amma adam düşünəndə ki, bu üç kilometr yolu gəlmək üçün, nə az, nə çox, düz 25 il gözləmişik, adamın az qala ümidsizlikdən ürəyi partayır. Gördüyünüz bu yol vaxtilə Cəbrayıldan, Qubadlıdan, Zəngilandan... keçib, Akaraya (Ermənistanda stansiya) qədər gedərdi. İndi isə 2 km.dən sonra sola burulub Mərcanlıya dirənir, vəssalam.
 
Sağ tərəfə ayrılan qol isə (üçüncü şəkildə arxa fonda ot basmış yol) adamları Füzuliyə, oradan Ağdama, Şuşaya, Hadruta aparardı.
 
4, 5 və 6-cı şəkillərdə erməni vandalizminin izləri.
 

7-ci şəkildə xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacı.
 
8-ci şəkildə əlimin tuşunda görünən, bizi eyforiya xəstəliyinə düçar edən LƏLƏTƏPƏ bir sapand daşı məsafəsində. Sonrakı fotoda tikiləcək binanın bünövrəsi.
 
 
Ümüdlərimizin özülü...

Və nəhayət, Horadiz şəhərinin Bayraq meydanından görünüşü...


Bayram günü olmasına baxmayaraq, qıraq-bcaqda adam çox idi. Fikirləşdim ki, yəqin, əsgər valideynləridir. Ancaq diqqətimi yaşlı bir qadın cəlb etdi. Kəndin Cəbrayıla tərəfki ən son noqtəsində dayanıb üfüqdə görünən dağlara tərəf boylanır, tez-tez köksünü ötürür, yaşarmış gözlərini silirdi. Maraq üstün gəldi, ehtiyatla: "Bacım, - dedim, Siz də əsgər yanına gəlmisiniz?" Daldığı düşüncələrdən ayrıldı: "Yox, ay qardaş, oğlumun ətrini, iyini alıram. Tez-tez buradan keçib gedərdi kəndimizə - Mehdiliyə. Qorxusu yox idi. Bizimkilər tanıyırdılar, buraxırdılar. Hər dəfə qayıdanda üst-başını qoxulayar, ev-eşiyimizin, torpağımızın istiliyini, hərarətini alardım ondan. Bir dəfə də getdi, daha qayıtmadı"...Bu ANA hələ də erməni əsirliyində olan iki nəfərlə (Dilqəm Əsgərov, Şahbaz Quliyev) Kəlbəcərə qədər gedib çıxan və orada şəhid olan Həsən Həsənovun ANASI idi...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az