“Yeni Müsavat” və ona düzlənən mətbu orqanlar

“Yeni Müsavat” və ona düzlənən mətbu orqanlar
İndi də millətə "FETÖ torbası" tikməyə çalışırlar

Jurnalistika bir peşə kimi yaranandan onun əsas prinsiplərindən biri hadisələri gerçək və obyektiv işıqlandırmaq olub. Ancaq bu gün, xəbərin az qala səsdən iti sürətlə yayıldığı  XXI əsrdə Azərbaycanda bəzi mətbuat orqanlarının bilərəkdən yalan, baş verməyən, sadəcə kimlərinsə düşündüyü hadisə haqqında informasiya yayması cəmiyyətdə demokratiyanın əsas dəyərlərindən olan  söz azadlığına böyük zərbə vurur, ictimaiyyət arasında onun vacib olub-olmaması haqqında suallar ortaya qoyur.
Əgər bir sıra mətbuat orqanları bunu sadəcə sensasiya xətrinə etsə, bunu hardasa başa düşmək olar. Vay o günə ki, bu yalanlar və uydurma, hadisələr, saxta "reallıqlar” kimlərisə şantaj etmək, illərin zəhməti bahasına cəmiyyətdə qazandıqları nüfuza, işgüzar imiclərinə zərbə vurmaq məqsədi güdsün və ya kimlərinsə qərəzi, sifarişi ilə həyata keçirilsin. Çünki media elə bir silahdır ki, onun atdığı çamur, yaydığı şaiyə və yalan cəmiyyətin istənilən təbəqəsindən olan insanın həyatını zəhərləyə, özəl qurumu çökdürə və iflasa uğrada bilər.
 
Saxta yalanların və şaiyələrin yayılmasının qədim formalarından biri qarı nənələrin cəmiyyətin daha gur yerlərində məqsədli yalan xəbərlər dolaşdırmaları olub. Onların qeybətləri, şaiyə və saxta reallıqları yayması bəzən cəmiyyətdə elə bir ajiotaj yaradırmış ki, hökumət də məcbur qalıb ya onları qanun qarşısında məsuliyyətə cəlb edərək dəmir barmaqlıqlar arsında cəmiyyətə nümayiş etdirirdi, ya da şəhərdən, ölkədən qovurdu. 
Bizim bəzi mətbu orqanlarımız indi hətta qədimdə yaşamiş qarıları da geridə qoyur, daha çirkin və qorxulu işlərə əl atırlar. Onlar dövlət orqanlarının ifşa etdikləri hakimiyyət əleyhinə olan cinayətlərin uzun sürən istintaqından və söz azadlığından sui-istifadə edərək, bilərəkdən üzdə olan bir çox nüfuzlu adamların, tanınmış şirkətlərin və onların rəhbərlərinin bu cinayətlərlə bağlı olması haqqında yalan informasiyaları dövriyyəyə buraxır və bundan öz çirkin niyyətlərinə çatmaq üçün istifadə etməyə çalışırlar. Bu taktiki sxem ya redaksiya rəhbərlərinin özü tərəfindən hazırlanır, ya da onlara müəyyən dairələr tərəfindən, əvəzi ödənilməklə sifariş verilir. Belə adamlarin adı klassik mətbuatda o zamanlar "cadugər ovu” adlanırdı və indi də belə olaraq qalır.

Xatırlayırsınızsa, cəmisi beş-altı ay bundan əvvəl bir sıra mətbuat orqanları MTN olaylari ilə bağlı  daha kimləri ağ yuyub qara sərmədilər. Əgər dövlət, Allah göstərməsin, bu mətbuat orqanlarının yazdıqlarına  inanıb hər hansı addım atsaydı, cəmiyyətdə hansı ajiatajın yarandığını təsəvvür etmək belə çətin olardı...  
İndi bəzi mətbuat orqanları üçün "cadugər ovuna” yeni bir fürsət yaranıb. Qardaş Türkiyədə baş verənlər və hadisələrin arxasında FETÖ-çüların durduğu bəlli olandan sonra, Azərbaycan mediasının "şantajçılar” dəstəsi özlərinə xas olan taktikanı yeni bir inersiya ilə işə salıblar. Heç Türkiyədə istintaqın gedişini gözləmədən belə, bu mətbu orqanlar ən müxtəlif versiyalarla kimə desən FETÖ adı qoymağa hazırdır. 
Məni bir jurnalist kimi narahat edən odur ki, əksər hallarda bu kampaniyalara rəhbərlik funksiyasını "Yeni Müsavat” qəzeti öz üzərinə götürür. Ötənləri çox da xatırlamaq istəmirəm, amma bu gün reallıq ondan ibarətdir ki, "Yeni Müsavat”qəzeti , dövlətçiliyə sədaqti ilə seçilən iş adamlarına, biznes aləmində öz mərtəbəsi və nüfuzu olan, yüzlərlə insana çörək verən şirkətlərə  "FETÖ torbası” tikmək layihələrini gerçəkləşdirmək arsusuna düşüb.

Mən, peşə marağından bu qəzeti ara-sira oxuyuram. Ən azından internet vasitəsilə  burada gedən materallara bir peşəkar kimi nəzər salır və illərdir burada heç nəyin dəyişmədiyini görüb təəssüflənirəm. Son hadisələrlə bağlı bu qəzetə bir qədər olduğundan artıq nəzər saldım və əmin oldum ki, bu qəzetdə çalışanların bir qismi hələ də şantajla məşğuldur. Onlara bənzər bir çox mətbuat orqanları da "Yeni Müsavat”dan farağat komandası alaraq, öz alın təri, zəhməti ilə nüfuz qazanan, ehtiram sahibi olan insanlara,  heç bir fakta və mənbəyə əsaslanmadan çamur atıb ləkələməyə çalışırlar. 

Aydın məsələdir ki, işin bir başında sifarışçilər durur. Çünki indi Azərbycanda bəzi media orqanlarının şantaj işini maliyyələşdirən, yəni bu informasiyaları yaymaqda maraqlı olan şəxslər- rəqiblər şəffaf rəqabət aparmaq qabiliyətində olmadıqları üçün bu çirkin vasitələrə əl atırlar. Kommersiya və biznes marağı onlar üçün vicdan və ədalət prinsipini elə geridə qoyur ki,  bazardakı rəqibi hansı damğa ilə desən damğalamağa hazırdırlar. Lap elə ötən əsrin 1937-ci illərindəki kimi.

Qaldı "Yeni Müsavata”, icraçı kimi bu qəzetin materiallarının da böyük əksəriyyətindən sifarişin üfunəti qoxuyur. İfadəyə diqqət yetirin: "Redaksiyamıza daxil olan məlumata görə”... Görünür redaksiya artıq xüsusi xidmət orqanı funksiyasını yerinə yetirir ki, dövlət əhəmiyyətli xəbərlər bura ötürülür. Sadə və bir qədər də bu peşənin incəliklərindən xəbərsiz olan insanlara hesablanmış manevrdir. Yaxşı, deyək biz də bu manevrləri əsas götürüb yazaq ki, "etibarlı mənbələrdən bizə daxil olan məlumatlara görə "Yeni Müsavat” qəzetinin redaksiyasında da FETÖ-çularla gizli əlaqələrdə olan əməkdaşlar var və artıq Türkiyə xüsusi xidmət orqanları bu faktlarla bağlı Azərbaycandakı həmkarlarından bilgi almağa hazırlaşırlar” və s.və i.

Başa düşmək olmur, nədən:"etibarlı mənbə”, "aldığımız məlumatlara görə”, "adını açıqlamaq istəməyən məmur” və s. bu kimi ifadələr söz azadlığının indiki təntənəsində "Yeni Müsavat” kimi bir çox mətbuat orqanlarının əlində dəstəvuza çevrilib?! Bu halda daha doğru olmazdımı yazasınız "aldığımız sifarişə”, "verilən göstərişə əsasən”. Belə olanda oxucu məncə daha böyük maraqla qəzetinizi izləyər.

Ey haqqı demək vasitəsi olan Sözü hörmətdən salan mirzələr! Axı, illərlə təşnəsində olduğumuz söz azadlığı sizə bu haqqı vermədi ki, tamahlarınızı boğmaq üçün insanların həyatını zəhərləyəsiniz.  İnsanlar da medianın yalan üstünə yalan yazdığını dərk edib sözdən üz çevirsinlər. Sizə bu haqqı ona görə vermədilər ki, ölkədə demokratiya və insan haqlarının təməl prinsiplərindən olan söz və mətbuat azadlığından sui-istifadə edəsiniz. 
 
Hörmətli həmkarlarım! İndiki vaxtda mətbuatda şantaj işi, qərəz və dezinformasiya insan azadlığına ən böyük təhlükədir. Bunun qarşısını almağın yeganə yolu bu addımı atan media orqanlarına azadlığın, şərəf və ləyaqətin müdafiəsinin hamının haqqı olduğunu təsbit edən qanunların gücünü göstərməkdir. Bax, onda elə ki,vəziyyət gərginləşdi, kimsə öz insan haqlarını qorumaq üçün məhkəməyə üz tutdu, başlayacaqlar haray-həşir salmağa, ölkədə söz azadlığı, demokratiyanın pozulması haqqında xarici qurumlara danos yazmağa. Allah belələrindən bizi və Sözü qorusun...
 
İlqar Seyidağa
 
Xüsusi olaraq Miq.az üçün
 

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az