Zülfüqar Rüfətoğlu yazır: "Deyirsən şəklini göndər..."
"Deyirsən "şəklini göndər”
Axı məni öldürüblər,
Məni bircə güllə ilə,
O dünyaya göndəriblər...
Hansı şəklimi göndərim?
Uşaqlığımdakınımı?
Arxa planda görünən,
O rəhmətlik Bakınımı?
O köhnə şəkillərimdə
Dostlarım durub yanımda,
Kameralar "güllələyib”
Bizi ən xoşbəxt anımda.
Kameralar şaqqıldayıb -
Eləcə donub qalmışıq,
Qəfil şaxtada quş kimi
Budağa qonub qalmışıq.
Təzə ünvanı bilmirəm,
Bilsəm, sənə də verərdim.
Özümdən yüz dəfə gözəl
Şəklimi də göndərərdim.
Deyirsən "şəklini göndər”
Axı məni öldürüblər,
Məni bircə güllə ilə,
O dünyaya göndəriblər...
Mənim sonuncu şəkilim
Qatilin gözündə qalıb,
Darıxsan, başını qaldır,
Şəklim göy üzündə qalıb.
Miq.Az