Sabah Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmalarda iki Azərbaycan klubu da mübarizə aparacaq.
Ötən mövsüm Topaz Premyer Liqasının mükafatçısı olan "Qarabağ”la "Qəbələ” qrup mərhələsinə son addımı atmağa çalışacaq. Ardıcıl iki dəfə ölkə çempionatının qızıl mükafatına sahib çıxan Ağdam klubu Bakıda oynadığı üçün meydana daha tez çıxacaq.
Belə ki, saat 21:00-da azarkeşlərini Tofiq Bəhramov adına Respublika stadionuna toplayacaq "Qarabağ” İsveçrə "Yanq Boyz”u ilə üz-üzə gələcək. Berndə 1:0 hesabı ilə qalib gələn ağdamlılar ev oyununa üstünlüklə çıxacaq.
Bir il əvvəl pley-offda Hollandiya "Tvente”sini mübarizədən kənarlaşdırıb, tarixində ilk dəfə qrupa düşən Qurban Qurbanovun yetirmələri uğurunu təkrarlamaq iddiasındadı. "Qarabağ” buna nail olsa, iki dəfə, həm də ardıcıl olmaqla, qrupda çıxış edən ilk Azərbaycan təmsilçisi olacaq.
Son 3 ev oyununda qolsuz heç-heçə edən "Qarabağ” İsveçrədə qalib gəldiyindən, komandamızı bərabərlik də qane edir. Ardıcıl 6 matçdı öz meydanında qalib gələ bilməyən ağdamlılar stadiona toplaşan azarkeşlərini sevindirsə, daha bir ilkə imza atacaq. Belə ki, indiyədək heç bir Azərbaycan klubu pley-offdakı ev oyununda qalib gəlməyib.
Qurbanovun yetirmələri bu matçda qol sevinci yaşamağı bacarsa, həmin top klublarımızın 21 illik avrokubok tarixinə 200-cü kimi düşəcək. Bu müddətdə qitə miqyaslı turnirlərdə 59 matç keçirən əyalət klubu yubiley - 60-cı qarşılaşmasına çıxacaq. Təmsilçimizin son 5 oyununda 1-dən artıq qol vurulmayıb.
"Qarabağ”ın oyunu əlavə vaxtadək yubanmasa, qarşılaşma başa çatandan sonra bütün diqqətlər Yunanıstana yönələcək. Balkan yarımadasında digər təmsilçimiz "Qəbələ” yerli "Panatinaikos”la görüşəcək. Premyer Liqamızın bürünc mükafatçısı tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmalıdı.
Qitə kuboklarında ötən mövsüm debüt edən "qırmızı-qaralar” ikinci cəhddən pley-offa qədər irəliləyən ilk Azərbaycan klubudu. Qəbələnin eyniadlı təmsilçisi də avrokuboklarda yubiley oyununa çıxacaq ki, Afinadakı görüş komandamız üçün 10-cu olacaq.
"Qarabağ” 200-cü qolu vurmasa, yubiley qoluna imza atmaq növbəsi "Qəbələ”yə keçəcək. Sonuncular üçün isə bu qol qələbə əhəmiyyətli ola bilər. Çünki Bakıda qolsuz bərabərliklə kifayətlənən Roman Qriqorçukun yetirmələri rəqib meydanında məhsuldar heç-heçəylə qrupa düşəcək.
Bununla da əyalət klubu "Neftçi” və "Qarabağ”ın ardından əsas raunda yüksələn 3-cü klubumuz kimi adını tarixə yazdıracaq. Lakin Çempionlar Liqasında uduzub, Avropa Liqasında qrupa düşən bu iki klubdan fərqli, "Qəbələ” 4 mərhələ adlayıbsa, mübarizəyə başladığı turnirin əsas raunduna yüksələn ilk komandamız olacaq. Hər iki komandamızın buna imza atması isə ölkə futbolunda yeni rekord kimi tarixə düşəcək.
İndiyədək avrokuboklardakı səfər qələbəsi qazanmayan "Qəbələ” Afinada gerçəkləşdirəcəyi 5-ci cəhddə ilki rəsmiləşdirə bilər. Düzdü, Qriqprçuk əsas heyətin iki üzvü Ürfan Abbasov və Rafael Santosun da xidmətindən məhrumdu. Lakin cari mövsümdə qəbələlilər avrokuboklardakı cavab oyunlarının hamısında quru qələbə qazanıb. İlk qarşılaşmalarda qalib gələ bilməyən təmsilçimiz cütün taleyini ikinci matçda həll edib.
UEFA Avropa Liqası
Pley-off, cavab oyunları
27 avqust
21:00. "Qarabağ” (Azərbaycan) – "Yanq Boyz” (İsveçrə)
Baş hakim: Gediminas Majeyka (Litva)
Yan xətt hakimləri: Vitautas Simkus, Vitenis Kazlauskas (hər ikisi Litva)
Ehtiyat hakim: Sergeyus Sliva (Litva)
Hakim inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0
23:00. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: İvan Krujilak (Slovakiya)
Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş (hər ikisi Slovakiya)
Ehtiyat hakim: Peter Kraloviç (Slovakiya)
Hakim inspektor: Manuel Mexuto Qonzales (İspaniya)
UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya)
Afina. Apoastolos Nikolaidis stadionu
İlk oyun – 0:0