12 siyasi partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər
APA-nın
məlumatına görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.
Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan N.
Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan
33-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda
hesabatların araşdırıldığını qeyd edib: "Təqdim edilən hesabatlarda
müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə
hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması
təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların
fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara
baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın
saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların
hesabatı ilə tanış ola biləcək”.
Qeyd
edək ki, 2014-cü il oktyabrın 1-də Milli Məclis "Siyasi partiyalar
haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik
maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin
aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər.
Dəyişikliyə
əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə
hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec
olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə
məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət
məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını
təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək
səlahiyyəti var. Ancaq MSK-nın aprelin 7-də keçirilən iclasında MSK
katibi Arifə Muxtarova qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni
aprelin 1-dək dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız
22-inin illik maliyyə hesabatını MSK-ya təqdim etdiyini açıqlamışdı.
MSK
sədri Məzahir Pənahov da MSK-nın aprelin 7-də keçirilən iclasında
bildirmişdi ki, indiyə qədər siyasi partiyaların fəaliyyəti Ədliyyə
Nazirliyi tərəfindən dayandırılmayıb. M. Pənahov vurğulamışdı ki,
istəmirlər ki, maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı MSK
Ədliyyə Nazirliyinə müraciət etsin, Ədliyyə Nazirliyi də MSK-nın
fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın.
Buna görə də MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik
maliyyə hesabatlarını qəbul etməyə davam edib.