AB-inə üzv olmaq istəyən ölkələrin birliyə üzvlüyünü əngəlləyən amillər və perspektivlər:

AB-inə üzv olmaq istəyən ölkələrin birliyə üzvlüyünü əngəlləyən amillər və perspektivlər:

Hikmət Ibrahimoglu Kəngərli

Avstriya

Bilindiyi kimi, Avropa Birliyi 1992-ci ildə Maastrixdə 12 dövlət tərəfindən imzalanan müqavilə bazasinda 1993-cü ildə yaranmşdır. Müqavilə milli vətəndaşliğa əlavə olaraq Avropa Birliyi vətəndaşlığını irəli sürür. Avropa Birliyinin əsasını üç prioritet istiqamət təşkil edir: 1) müqavilədə nəzərdə tutulan Avropa cəmiyyətinin qurulması; 2) birgə xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələlərində kollektiv hərəkət; 3) daxili və hüquq siyasətində əməkdaşlıq.

Digər tərəfdən Avropa Birliyi bir siyasi qurum olaraq dörd əsas məqsədə nail olmağı nəzərdə tutur; 1) Avropa xalqları arasında balanslaşdırılmış və uzun müddətli iqtisadi tərəqqiyə dayanan sıx birliyin və daxili sərhədlərsiz məkanın yaradılması; iqtisadi və sosial qarşılıqlı əlaqələrin gücləndirilməsi; vahid valyuta perspektivində iqtisadi və valyuta ittifaqının təşkili; 2) birgə xarici siyasət və təhlükəsizlik sahəsində siyasət perspektivində isə, birgə müdafiə siyasəti həyata keçirməklə öz identikliyini təsdiq etmək; 3) ədliyyə və daxili işlərdə əməkdaşlığı inkişaf etdirmək; 4) ümumi rifahı qorumaq və artırmaq.

Hazırda Avropa Birliyi sıralarının genişləndirilməsini uğurla davam etdirir. Son zamanlar bir neçə ölkənin birliyə daxil olması, ardinca da yaxın illər ərzində Türkiyənin bu modelin içində yer alması hər bir halda şərti olaraq Avropa məkanı adlanan digər ölkələri də ciddi maraqlandırmaqdadır. Avropanın yaxın qonşuları konsepsiyasının irəli sürülməsi Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan kimi dövlətlərin Avropa Birliyi ilə gələcək inteqrasiyaya doğru ümidlərini daha da artırmışdır. Ukraynanın prezidenti Viktor Yuşenkonun da Ukraynanın hədəfində Avropa Birliyinə üzvülük olduğunu bəyan etməsi, eləcə də Gürcüstanda Saakaşvili iqtidarının da bu istiqamətdə niyyətini ortaya qoyması yaxin gələcəkdə yaxın qonşuların ailə üzvünə çevrilməsinin fantastik bir hadisə olmağından xəbər verir.Avropanın inkişaf etmiş dövlətlərinin iqtisadi inteqrasiyasını nəzərdə tutan Şuman planından tutmuş Avropa evi planına qədər, Atlantik okeanından Urala qədər olan Avropa ideyasından Regionlar Avropasınadək müharibədən sonrakı dövrdə hazırlanan bütün planlar,Avropa idealizminin yeni məhsulu olan AB nin yaxın qonşuluq ideyasının da gələcək Avropanın Asiya sərhəddinə qədər öz coğrafi hüdudlarını genişləndirəcəyindən xəbər verir. Məhz bu dalğanın Azərbaycandan da yan keçməməsinin qaçilmaz olduğunu müşahidə edərək, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın siyasi və iqtisadi perspektivlərinin geniş tədqiq olunması və ciddi müzakirə mövzusuna çevrilməsi zamanın diqtəsi sayila bilər. Bu prosesin başlanması faktı kimi Azərbaycanın NATO-nun sülh naminə əməkdaşlıq proqramına qoşulması və ən azı hələlik sözdə Avropa birliyi hədəfinin rəsmi səviyyədə dilə gətirilməsi götürülə bilər. Fikrimizcə, Avropanın hazırkı geostrateji quruluşunda Azərbaycanın rolu və yerini müəyyən edən ən azı beş amil var. Bu amillər aşağıdakılar sayıla bilər: 1) Avropa Birliyinin coğrafi mənada Avropa hesab edilən sərhədlərə yayilmaq niyyəti və bu niyyətin ifadəsi olaraq Yaxın qonşular konsepsiyasının gündəmə çıxarılması; 2) Avropa Birliyinin enerji resurslarına ehtiyacının yüksək səviyədə olması; 3) ABS və Rusiya ilə rəqabətdə Qafqazı öz nüfuz dairəsinə daxil etmək üçün imkanlarını genişləndirmək niyyətinin olması; 4) Orta Asiya və Yaxın Şərq ölkələri ilə iqtisadi və mədəni əməkdaşlıq üçün əlverişli tranzit geosiyasi məkana qovuşmaq istəyinin olması; 5) həmin potensialdan ölkənin və qitənin stabilliyi və təhlükəsizliyi üçün ən səmərəli istifadə yollarının nəzərdə tutulması.

Burada bir cəhətə xüsusi diqqət yetirilməlidir ki, Türkiyənin Avropa Birliyinin tələbi ilə Ermənistanla münasibətlərinin yenidən qurulması xətdinə başlaması Azərbaycan üçün bu bölgədə yeni situasiyanın başlanmasından xəbər verir. Əvvəllər Dağlıq Qarabağ məsələsində əsasən Türkiyədən dəstək alan Azərbaycan, bu dövlətin Ermənistanla sərhədləri açması durumunda daha ciddi şəkildə yalnızlığa sürüklənə bilər və bunun ciddi fəsadlar törətməməsi üçün Avropa Birliyi ilə indidən anlayışlı münasibətlərin qurulmasına maraq göstərməlidir.Türkiyənin Avropa yolçuluğu qısa müddətdə bu dövlətin dəyişməz tabularını yeni gerçəkliklərlə əvəz etmişdir. Şimali Kipr məsələsində, Yunanıstan və Cənubi Kiprlə münasibətlərdə edilən düzəlişlər, Ermənistanla yeni siyasi münasibətlərin yaranması məcburiyyəti Azərbaycanla münasibətlərdə də artıq Avropa Birliyinin standartlarına uyğun bir siyasətin izlənəcəyi qənaətini ortaya qoymaqdadır.

Bir gerçəyi də göz önünə almaq lazımdır ki, yaxın iyirmi ildə Azərbaycanın AB yə daxil olması üçün siyasi, iqtisadi və mədəni şərtlər mövcud deyildir. Bu şərtləri yaratmaq üçün mövcud Azərbaycan hakimiyyətinin izlədiyi daxili və xarici siyasət ümüdverici ehtimallar ortaya qoymur. Buna baxmayaraq, könülsüz də olsa Avropa Şurası ilə əlaqələrin mövcud vəziyyəti və AB nin Qafqaz dövlətləri ilə bağlı yeni planlarını müzakirəyə çıxarması belə bir perspektivin mümkünlüyünü də istisna etmir. Azərbaycan və digər Qafqaz dövlətləri Avropaya yaxınlaşmağa həvəs göstərməsə belə, bölgənin geosiyasi vəziyyəti bu istiqaməti götürməyə hər üç respublikanı məhkum edəcəkdir. Məhz bu perspektivin konturlarını dəqiqləşdirmək üçün Azərbaycanın Avropalı olmasını əngəlləyən siyasi, iqtisadi və mədəni sahələrdə çatışmamazlıqları qısaca təhlil etməyə ehtiyac duyulur.

Ilk növbədə Azərbaycanın Avropa Birliyinin siyasi ölçülərindən tamamilə uzaq vəziyyətdə olduğuna diqqət yetirilməlidir. Bizdə çox partiyalı rejimdir, ancaq hakimiyyət faktik olraq bir partiyanın-Yeni Azərbaycan partiyasının (YAP) inhisarındadır. Bu, ölkədə plüralist demokratik vətəndaş cəmiyyətinin inkişafı üçün ən böyük əngəldir. Çünki partiyanın mahiyyətini cəmiyyətdə hansısa təbəqənin gücü yox, nomenklatura mövqeyi müəyyən edir. Bütün dövlət vəzifəsində olan şəxslər ucdantutma YAP üzvləridirlər. Azərbaycanda polisin üstünlüyünə əsaslanan bürokratik, totalitar bir dövlət quruluşu var. Burada müstəqil dövləti xüsusi bir nemət kimi təbliğ edərək, bununla kifayətlənmək hissini cəmiyyətə aşılayırlar. Halbuki eyni cinsdən müstəqil dövlətdə Orta Asiyada beş nüxsəsi var və heç birində demokratiya yoxdur. Avropa Birliyinə yaxınlaşmaq üçün Avropa standartlarına uyğun demokratiyanın, bazar iqtisadiyatının, insan haqlarının tətbiq olunmasına zaman itirmədən səy göstərilməlidir. Digər tərəfdən Azərbaycanda hüququn aliliyi yoxdur və dövlət elitası, bürokratiya hüquqtanımazlıq prinsipi ilə yaşayır. Məhkəmə orqanı qanunverici orqan kimi icra hakimiyyətinin miskin əlavəsi olmaqdan qurtula bilmir. Burada xalqın hegemonluğu olmadığına gore nə dövlət, nə də hökumət təftiş olunmur. Vergilərin hara xərcləndiyi ümumiyyətlə xalqdan gizlədilir. Ancaq qaranlıq, gizli fondlar vasitəsi ilə lazım olan vəsaitlər xərclənir.

Avropa Birliyinin iqtisadi meyarları ilə məsələyə yanaşsaq, aydın olar ki, Azərbaycanda demokratiyanın iqtisadi bazisi formalaşmayıb. Burada dövlətçilik adı ilə davam edən kriminal -bürokratik kapitalizimin mövcudluğu demokratiyaya imkan verə bilməz. Normal demokratik cəmiyyətdə xalq hegemondur, çünki xalq iqtisadiyyatin sahibidir. Bizde ise iqtisadi olaraq dövlət xalqın rəhbəridir. Buna görə də Azərbaycan adambaşina orta illik gəliri ən aşağı səviyyədə olan ölkələr siyahısındadır.

Avropa Birliyinə giriş kimi nəzərdə tutulan Kopenhagen meyarları liberal-demokrat bir cəmiyyət və dövlət quruluşu,demokratiya və insan haqları, bazar iqtisadiyyatı tələb edir. Nə zamansa bu meyarlara cavab vermə öhtəliyinə Azərbaycanda baş vuracaq. Türkiyədən sonra Avropa Birliyinin mozaikasını zənginləşdirmək baxımından Azərbaycanın növbəsi gəlir. Bunun üçün də Azərbaycanın təbii sərvətinə arxayın olub təmbəlləşən insan zümrəsini, istehsal edən, düşünən və yaradan insana çevrilməlidir. Dövlətdən asılı olmayan, istehsalla məşğul olan daha azad və sərbəst ola bilir, rəqabətə girməyə daha dayanıqlı olur. Bu isə həm insanımızın, həm də dövlətimizin zənginləşməsinə səbəb olacaq. Nəticədə həm Avropa Birliyi, həm də Azərbaycan üçün qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmaq mümkün ola bilər. Fikrimizcə, bu əməkdaşlığın faydalı cəhətlərini aşağıdakı şəkildə sistemləşdirmək olar:

Avropa Birliyinin faydaları: 1) AB zəngin neft-qaz ehtiyatlarına sahib olan ən əhəmiyyətli bölgə qazanır. (Nabuko müqaviləsini buna misal göstərmək olar). Bu proqnoza baxmaq kifayətdir ki, Azərbaycanın inkişafında 23 neft sahəsinin 17-də imzalanan neft müqaviləsinə görə 1,5 mld.ton neft və 1000 mld metrə kub təbii qaz əldə ediləcəyi ehtimal olunmaqdadır. Milyardlarca dollar investisiya əldə ediləcək bu gəlirlərlə 2025-ci ildə Azərbaycan öz enerji sektorunu inkişaf etdirə bilər; 2) Orta Asiyanın Türk-müsəlman respublikalarına çıxış üçün ən mümbit geosiyasi platsdarım əldə edir və artıq yaxın qonşuların yeni subyektlərini müəyyən edə bilir. 3) Türkiyədən sonra ikinci Türk-müsəlman dövləti ilə inteqrasiya Şərq ölkələrində Avropa Birliyinə etimadı daha da artırır və bu da həmin ölkələrlə əlverişli iqtisadi əməkdaşlığa şərait yaradır.

Azərbaycanın faydaları: 1) Azərbaycan demokratik institutların formalaşdığı və işlədiyi bir dövlətə çevrilir; 2) Kopenhagen meyarlarının tələblərinə uyğun olaraq iqtisadi inkişafa nail olur; 3) AB təhlükəsizlik sisteminin içində yer almaqla yeni müharibə təhlükəsi ilə üz-üzə qalmaqdan qurtulur və Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşır; 4) Ərazi bütövlüyü prinsipinin daha təsirli qurum tərəfindən dəstəklənməsi ilə Dağlıq Qarabağ probleminin əlverişli həllinə nail ola bilir.

Avropa Birliyi ilə real əməkdaşlıq mərhələsinə gəlib yetişmək üçün Azərbaycanın əsas problemi tədricən siyasi dövlətdən liberal dövlətə kecilməsidir. Dövlətin iqtisadiyyatdakı cəkisinin çox yüksək səviyyəsi nəticədə hədsiz israfçı və müdaxiləçi olması, ölkədə sərbəst seçkilər qədər əhəmiyyətli olan ictimai nəzarət prinsipinin lazımi səviyyədə tətbiq olunmaması bu siyasi dövlətin əsas nöqsanlarıdır. Azərbaycanın bu problemlərdən azad olması üçün Avropa Şurası, daha çevik demokratiya idxalına səy göstərməlidir. Çünki bütün oriental cəmiyyətlər kimi, Azərbaycanın da ən önəmli problemi, demokratik dəyişikliklər üçün özünün daxili dinamiklərini formalaşdıra bilməməsidir. Bütün azlıqların da haqqını diqqətə alaraq, xalqın qeydsiz şərtsiz dövlətin gerçək hegemonu olduğu liberal-demokrat sistemə keçməsinin vaxtı gəlmişdir. Dövlətin iqtisadiyyat üzərindəki ağırlığı azaldılmalıdır. Iqtisadi güc paylaşması bugünkü durumda qaldıqca, dövlətin qurluşunu demokratikləşdirmək də mümkün deyildir. Azərbaycan gerçək kapitalist və gercək fəhlə sinifinin olmadiği,bütün hər şeye dövlətin içindəki polis-sivil bürokratiyasının qərar verdiyi bir ölkədir. Burada iqtisadi islahatların düzgün istiqametdə aparılmadığına görə hələ də milli dövlət formasını təşkil edə bilməmişdir. Ilk olraq milli burjuaziyanın formalaşması nəticəsində müstəqil iqtisadi sistem yaratmağı və ardınca sərbəst bazar iqtisadiyyatına keçidi təmin edə bilməmişdir. Müstəqil dövlət, hələ milli demokratik dövlət demək deyil və bunun əsas sütunu sayilan milli burjuaziyanın yoxluğu indi daha ciddi şəkildə hiss olunur. Burjuaziya ortadan yuxarı gəlir səviyyəsindəki ictimai təbəqədir və burada mövcud olan nomenklatura və ya məmur burjuaziyasını milli burjuaziya ilə dəyişik salmaq nəzəri cəhətdən yalnış nəticələr doğura bilər. Məhz bu boşluq, milli demokratik dövlət quruculuğunun tamamlanmaması müasir dövrün geridə qalmış dövləti kimi beynəlxalq sənədlərdə tanınmağımızın əsas səbəblərindəndir. Ikinci isə yeni dünya düzənində mövqe sahibi olmağımız üçün ticarət liberallaşmalı, rəqabət mühiti yaradılmalıdır. Vergi cəmiyyətin imtiyazli hissəsinə də şamil edilməli, vergi verənlərin vətəndaş kimi vergilərinin hara xərcləndiyini yoxlamaq üçün ictimai və hüquqi mühit yaradılmalıdır. Bu, Avropa Birliyinin Yaxın Qonşuluq siyasətinə qoşulmaq üçün də olduqca əhəmiyyətli məsələlərdir.

Say statistikasına əsaslanaraq milli burjuaziyanın mövcudluğundan söz açmaq mümkündür. Statistikaya diqqət yetirsək görərik ki, Azərbaycanda ümumi valyuta gəlirlərinin və ixracatın 90 faizdən çoxu, dövlət büdcəsinin isə 60 faizdən artiği neft və neftlə əlaqədar sektorunun hesabına təmin olunur. Burada dövlət kapital qoyuluşlarını nəzərə alsaq, burjuaziyamiza çox ciddi bir pay düşür. Anlaşılır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməməsinin səbəbi milli burjiaziyanın inkishaf etməməsi və xarici kapitalın daha yüksək səviyədə təminat verilən neft sektoruna yönəlməsindən irəli gəlir.

Avropa ölkələri həqiqətən demokratiyanı dövlətlər üstü bir ideologiyaya çevirmə istiqamətini önə sürürlər. Bu gerçəyi diqqətə alaraq Azərbaycan da ABS ilə strateji mütdəfiqliyi davam etdirməklə birlikdə avropa demokratiyasını səmimi olaraq öz həyat tərzinin ayrilmaz parçasına çevirməyə ciddi maraq göstərməlidir. Milli burjuaziyası olmayan Azərbaycan kimi neofeodal cəmiyyətlərdə Qərbləşmə xüsusi əhəmiyyət kəsb edir. Bizim üçün Qərbləşmə Azərbaycanın inkişaf etməsi, qloballaşan kapitalizmə inteqrasiya mənasına gəlir. Korporasiyaların, hökumət müəssisələrinin, təhsil sistemi və hərbi dairələrin, dini və həmkarlar təşkilatları sferalarının uzlaşdırılması ilə mükəmməl demokratik cəmiyyətin qurulmasının yaxın gələcəyin reallığı olduğunu artıq anlamağa başlamalıyıq. Bu isə eyni zamanda Avropa Birliyinin üzvü olmaq perspektivini dərk etmək deməkdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az