Ajda Pekkan Telman İsmayılovla bağlı yayılan xəbəri təkzib etdi

Ajda Pekkan Telman İsmayılovla bağlı yayılan xəbəri təkzib etdi

Ajda Pekkan özü haqqında Türkiyə mətbuatında yer alan qalmaqala münasibət bildirib.

Gün.Az xəbər verir ki, sənətçi tanınmış azərbaycanlı milyarder Telman İsmayılovun Antalyada “Mardan Palace”da həyat yoldaşı Samirə İsmayılova üçün təşkil etdiyi ziyafətdə səhnədən qovulması xəbərinin yalan olduğunu deyib:

“Doğum günü məclisinə konsert proqramı ilə çıxış etmək üçün getməmişdim. Çıxışım zamanı sadəcə, 3 mahnı oxudum. Telman bəyin orkestrin səsini alıb, məni səhnədən aşağı endirməsi ilə bağlı söylənilənlər həqiqət deyil”.

A.Pekkan onu da əlavə edib ki, Antalyadan geri qayıdarkən onu hava limanında “Mardan Palace”ın baş direktoru yola salıb.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında yazılanlara görə, Telman İsmayılov super star Ajda Pekkanı səhnədən enməyə məcbur edib. Hadisə isə biznesmenin həyat yoldaşı Samirənin doğum günü münasibətilə sahib olduğu “Mardan Palace” Oteldə düzənlədiyi 60 nəfərlik özel bir gecədə baş verib.

T.İsmayılov çıxış etməsi üçün Ajda Pekkanı da gecəyə dəvət edib. Səhnəyə çıxan super star canlı oxuduğu sevilən mahnıları ilə qonaqları coşdururkən 10-cu mahnıda bir anda kəsilən səslə şok olub.

Türkiyə mətbuatı yazıb ki, mərasimdə çıxış etməsi üçün Pekkana 300 min lirə (təxminə 150 min manat) ödədiyi iddia edilən Telman İsmayılov müğənninin performansını bəyənməyib. Bir anda hirslənərək masadan qalxan İsmayılov “Budur super star, budur Ajda Pekkan? Bu qadını səhnədən endirin” - deyib.

Bundan sonra səhnəni tərk edən A.Pekkan əşyalarını topladıqdan sonra oteldən ayrılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az