Anamın “qızım” dediyi, məni Anam kimi sevən Günəşimə

Anamın “qızım” dediyi, məni Anam kimi sevən  Günəşimə
 
Aydın Canıyev 

 - Rəisənin komandanlığı və Günəşimə sevgisi haqqında bir neçə kəlmə -

Ekranda "XANIMGƏLİN” haray salıb:

- Bəli, Rəisə xanım! 

- Aydın, Günəşimizdən nə xəbər?

- Rəisə, vallah, xəbərim yoxdu, işdədi, evdədi, bilmirəm, soruşmuram, imkan olanda yazır! Mən Günəşdən arxayınam, sən niyə narahatsan?

- Aydın!!! Günəşi tap! Yaz ona! Xəbər bil! Mənə de!

- Yaxşı, yaxşı...

- Tez elə!

...Günəşim işdədi!

...Günəşim mamasıgildədi!

...Günəşim tədbirdədi!

...Günəşim yemək bişirir!

Nəhayət, Günəşim yazdı! Və... mən də Rəisəyə dedim.

... Məmməd rəhmətə gedəndən Rəisənin komandanlıq eşqi niyə yaranıb, onu da deyim: cümə axşamlarına gedəndən ta qayıdanacan gözüm telefondadı – kənardan baxan olsa, deyər ki, elə bil dədəsi ölən bu deyil! Amma Rəisə dogrudan da bilir ki, nə qədər üzülmüşəm. Ürəyi onsuz da məndən yana bərbad olan Rəisə indi də bu sarsıntını sinirə bilməyəcəyimdən, hələ Bənizər üçün narahatlığımdan-nigarançılığımdan lap üzgünləşsə də, bilir ki, mənə heç nə ilə yön verəsi deyil. Rəisə onu da bilir ki, mən hansı halda rahatlıq tapa bilərəm. Bəlkə qırxı çıxmamış və qəbri hələ də isti olan ərini bir yana qoyub, balasını düşünüb Rəbbindən o rahatlığı umub!? Elə də bilirəm ki, dəqiq elədir! Bəlkə də Məmməd də bilib ki, Aydın onsuz da bu həlləhüşlüklə müvazinətini tamam itirəcək, o da Rəbbindən mənə yardımçı olmağı istəyib!? Baballarını yumuram, amma dəqiq olanı odu ki, Rəisə məndən arxayın olsun deyə, Kler Forlaniyə oxşayan Günəşimin şəklini göstərəndə əmin oldum: Rəisə, deyəsən, doğrudan da Rəbbimizdən mənə yardımçı olmağı istəyib. Çünki:

- Rəisə, bu qızı elə öp, hiss eləsin!

Rəisə... heç vaxt heç kimlə öpüşməyib. Öpəndə də elə öpür ki, söysə ondan yaxşıdı: talışlar elə öpməyə "sesə maça” – "şit, duzsuz öpüş” deyirlər. Amma Günəşimi öpəndə elə hiss etdim ki, sanki 72 ildə öpməli olub öpmədiklərinin hamısını topdan və pərakəndə öpdü!

Dostlarım və oxucularım elə bilir ki, mən sevgini, sevməyi Nizami Gəncəvidən, Məhəmməd Füzulini, nə bilim, Nüsrət Kəsəmənlini, Süleyman Rüstəmi oxuyub, həyatıma hərəsindən bir "oborot” əzizləməylə gələn "dönəm xanımları”ndan, ya da onun-bunun statusundakı "duygu sömürüsü”ndən öyrənmişəm. Əsla və qətiyyən!

Mən sevməyi Anamdan öyrənmişəm. Kim qalmadısa, - əslində də heç kim qalmadı, - Anamdan öyrəndiyim sevgini görmədiyimdən qalmadı!

Bir oxucum o biri oxucuma yazmışdı: "Aydın necə də gözəl sevməyi bacarır!”

Hə, mən bacarıram... sevməyi!

Həə, biri də - Özləm Yagmur yazmışdı: sən sözlə oynayırsan, sözlə sevirsən!

Kimsə də demişdi: əclafcasına səmimisən!

Noolsun? Qaldılar? Qoydular, ya da belə deyək, sevdimmi axıracan?

Təəssüflər ki, yox! Qalmadılar, sevə bilmədim axıracan! Niyə, axı, niyə?

Mən sevməyə başlayanda Anamı sevirmiş kimi başlayıram. Anamı sevdiyim kimi sevirəm. Tək istəyim də Anam kimi sevsinlər deyə çaba yapıram. "Anam kimi sevirəm” eşitmək xoşdu. Amma heç kim Ana kimi sevmək cürdəyində deyil!

Məsələn, Anam biləndə ki, kimisə sevirəm, danışmaq imkanı varsa, birinci sözü bu olur: Aydını mənim kimi sev!

Rəisənin ikinci bir prinsipi: uşaqlıqda bizə deyirdi ki, Aydının yoldaşı "qızım” olacaq, onu çox istəyərəm.

1456 ədədin içində "qızım” deyiləsi biri olmadı: heç biri də başa düşmədi ki, Aydının  sevimlisi (arvadı, xanımı, başının tacı, nə bilim, şahbanusu, kraliçası, imperatriçası) olmaqdan da çox-çox üstündü Rəisənin "qızım” demək statusunda olmaq!

Həm də Rəisə onun oğlunu onun özü kimi sevənə "qızım” deməyə tamarzı qalan ərəfəydi Günəşimi tanıyanda!

Statuslarımın birində elə-belə yazmadım: hərə öz "sort”unu tanıyır. Qabaqdangəlmişlik edim deyim ki, cavanlar evlənəndə  birinci analarıyla görüşdürsünlər – indiki dillə desək, anadan "elektrik” keçməsə, boş seydi! Təcrübə konuşuyor! Rəisəyə Günəşimin şəklini göstərəndə Rəisədən "elektrik” keçməyini gördüm – hətta yaslı durumunda! Hətta "öp bu qızı” deməsəydim belə... öpəcəkdi: Rəisə ən gözəl qızların məni sevməsini arzulayan xanımdı! Bir ştrixlə deyim ki, bax sevdiyini anası kimi sevmək həm də budu: içib dava salanda da, hansısa "gözəlçə” ilə mırtlaşanda da, nə bilim, işdən gec gələndə, üst-başını qusub batıranda, siqaret iyi aləmi götürəndə... yenə, yenə, yenə sevirsən! Day indi o yaşım deyil, amma yenə də... arada olur da! Və... Rəisə şəkildə Günəşimə baxanda bir az da heyrətlə "Günəşimiz səni görüb həyatda” soruşanda ugunub gülmüşəm:

- Rəisə, Günəşimi heç mən də görməmişəm! Mən "xalxın qızı”nı sevmirəm e, Tanrının Mələyini sevirəm!

- Səni görsə bəs... yenə deyər sevirəm və yenə də sevər?  

- Rəisə, deyər də, sevər də!

- Hardan bilirsən?

- Rəisə, bir tərəfi Şəkixanovlandandır, bir tərəfi Bakıxanovlardan! Əl çək!

- Ver telefonun mənə!

- Vallah, bilmirəm!

- Yaz ona mənim dediyimi!

- Rəisə, işdədi, evdədi, mamasıgildədi, tədbirdədi, imkan olanda yazar, soruşaram!

- Aydın, mənə yalan demə!

- Rəisə, nəyi yalan deyirəm?

- Bu mənim "qızım” deyə biləcəyimdir, səni mənim kimi sevəcək qızdır! Sən ya şəkillə məni aldadırsan, ya da sözlə! Yoxdu eləsi!

- Rəisə, sənə söz verirəm, Günəşimlə şəklimi atacam sənə!

İndi Rəisə düşüb komandirlik eşqinə... Bütün günü nəzarətə götürüb. Mənim əvəzimə düşünür, bu Günəşimizin xətrinə dəyməz ki, o statusdan fikrini dəyişməz ki, görəsən içdimi, bildimi Günəşimiz...

Axırda məcbur olub yazdım ki, Rəisə oxusun:

- Narahat olma, biz heç vaxt deməyəcəyik:

"Bu həyat anamız deyilmiş bizim,

Nə sən oğlusanmış, nə mən gəlini!”

(müəllif istəmir adı çəkilsin)

Mən həmişə Günəşimin "al mənə sözlərin ən gözəlini” (yenə də müəllif  adının çəkilməsini istəmir) arzusu üçün var olacam!

Narahat olma, Rəisə, Günəş o qədər ucalıqdadı ki, Ruhuma yaxındı, cismimin - ağ saçlarımın, çopur üzümün fərqində deyil! Mənim dəli-doluluğumu insanlardan yuxarı, Allahdan aşağı, hamıdan yaxşı görüb, bilib məni sevib! Mən indi Günəşimin dualarıyla həyatdayam – Günəşim Rəbbimizə daha yaxındı, Tanrı onu daha tez eşidir!

... "Saatın əqrəbləri vaxtı qətl etməkdə” (MÜƏLLİFİ Rauf Muradov Qaraişıqdır) - amma qolumdakı "Şans”ı həyatımın Şansı hesab edirəm!

Və... ilk dəfədir ki, mənə kart-blanş verilib!

Yaşamağa, sevməyə, ömrü sevə-sevə başa çatdırmağa!

Sonuncu dayanacağa qədər Rəbbinizdən ümidinizi üzməyin! Sonuncudan əvvəlki dayanacaqda sizə rast gələn eləsi ola bilər ki, ömrünüz iki dayanacaq arasında əvvəlki bütün dayanacaqlardan uzun olar – zaman və yaşam baxımından!

Mənə rast gələn, məni sevən, mənim sevdiyim Günəşim kimi!

Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az