Müğənni Aslan Hüseynov: “O, dövlət telekanalını döndərib eləyib şəxsi telekanal”
Müğənni Aslan Hüseynovu toylarda, məclislərdə tez-tez görsək də efirlərdə görünmür. Bunun səbəbini özündən soruşduq. Ürəyi dolu, özü isə suallarımıza bənd imiş. Aslan açdı sandığı, tökdü pambığı... Onun virtualaz.org saytına ittihamlarla, giley-güzarla dolu müsahibəsini təqdim edirik.
- Aslan bəy, sizinlə zəngləşəndə Bakıda olmadığınızı dediniz. Soruşmaq caizsə, harada idiniz?
- Gəncədən gəlirəm. Bir məclisə çağırmışdılar. Çox gözəl toy idi, daha doğrusu, ad günü idi.
- Siz nədənsə heç vaxt yeni planlarınız barədə danışmırsınız. Niyə?
- Adətən belədir də. Müxbir müğənnilərə “nə yeniliklər var” sualını verəndə yalandan da olsa deyirlər ki, yeni nəsə var. Mənsə yeni heç nə hazırlamıram. Ona görə də yalandan “hə, yaxşı planlarım var” deyə bilmərəm. İşimə gəlincə isə Nəsibə Abdullayeva ilə bir duet yazırıq. Yeganə iş budur. O da haradasa 6 aydır uzanır. Daşkəndə gedib öz versiyamı oxudum, Nəsibə xanım da öz versiyasını. Sonra da Nəsibə xanımda, daha doğrusu, aranjemançıda problem oldu. Aranjemançı vaxtı uzatdı deyə iş də yarımçıq qaldı. Demək olar ki, təzə heç bir mahnı yazdırmamışam. Yəni sırf mənə aid olan mahnı yazdırmamışam, amma istəyirəm nəsə yeni bir şey edim. Bilirsinizmi, həvəs də ölüb.
- Niyə?
- Nə bilim, bugünkü oxuyanlara, aparıcılara baxırsan, jurnalistlərə baxırsan, həvəsin ölür. Bəzi jurnalistlər tərifə layiq olmayanları da pula görə yalandan tərifləyirlər. Doğrudan dəhşətli vəziyyətdir. Hər dəyər itib. Əvvəllər senzura var idi, belə şeylər olmurdu. Kaş o senzura yenə olaydı. Kaş sənəti olmayanlar çıxmayaydı səhnəyə, sənəti olan sənətçi olaydı səhnədə. İndi hər şey tərsinə olub, kim nə istəyir eləyir. Hər yeri gic-gic mahnılar bürüyüb. Adlar alırlar, amma bugünkü əməkdar, xalq artistlərinin çoxuna baxanda gərək mən çoxdan əməkdar artist, xalq artisti olaydım. Çünki Azərbaycanı xaricdə necə lazımdırsa, təmsil etmişəm. Daha gedib orada toylarda oxumamışam, pul yığmamışam.
- Eşitdik sizi Daxili İşlər Nazirliyinə işə götürüblər. Doğrudur?
- Hə, bu yaxınlarda məni Daxili İşlər Nazirliyinin orkestrinə solist götürüblər. Cənab generalın qəbulunda oldum və sənədlərimi verdim, DİN-in solisti oldum. İndi orkestrlə məşq eləyirik.
- Demisiniz ki, Azərbaycanın ən böyük problemi Qarabağ yox, bugünkü musiqidir...
- Qarabağ böyük problemdir, amma həll olunası problemdir. Cənab prezidentimiz, hökumətimiz bu gün onun həlli üçün hər bir işi görürlər. Müharibə də olsa, Qarabağı alarıq. Ordumuz çox güclüdür. Ermənistan isə səfil gündədir. Bu gün yenə deyirəm ki, ən böyük problemimiz mədəniyyətlə, musiqi ilə bağlıdır. Deyirlər Şövkətin musiqisinin vaxtı gedib. Xeyr, əsl sənətin vaxtı getmir. Bunu öz beyninin vaxtı keçmişlər deyə bilər. Normal adam deyə bilməz ki, Rəşid Behbudovun vaxtı keçib. Bu gün Rəşid Behbudova da qulaq assınlar, ondan sonra oxuyanlara da. Görsünlər keçibmi onun vaxtı. Deyirlər Azərbaycan pis yaşayır, amma hamı oxuyur. Pis gündə də oxuyarlar? Pis gündə mollalar artar də, daha müğənnilər yox ki... Oxuya bilən və bilməyən müğənnilər gündən-günə artır.
- Yəqin pullu işdir də, ona görə artır...
- Təbii ki, elədir. Bu gün əgər orta gəlir bir gündə 15, aylıq orta gəlir 450 manatdırsa, oxuya bilməyən müğənni heç bir əziyyət çəkmədən günə azı 50 manat, aya 1000-1500 manat qazanır. Hamı asan yol axtarır. Əvvəllər soruşanda ki nəçi olacaqsan, deyirdilər kosmonavt. Heç kəs demirdi müğənni olmaq istəyirəm. Müğənni olmağa əlçatmaz bir şey kimi baxırdılar. Mən Qırğızıstanda yaşayanda Zeynəb Xanlarova oxuyanda hamı qaçırdı televizorun qabağına ki, Zeynəb oxuyur. Bu gün kimdən soruşursan, deyir mən müğənniyəm. Kimin bir az səsi varsa, oxuyur. Meyxana da o günə düşüb, indi hamı meyxana deyir. O da bir folklordur, sənətdir axı. Amma indi burada da təhqir, söyüş baş alıb gedir. Eləcə də estrada mahnılarımız. Bizə xas boğazlarda estrada demək olar ki, qalmayıb. Çünki Azərbaycan boğazlarını etmək çətindir. Bəzi oxuyanlarımız erməni sayaq oxuyurlar. Boka stili, nə bilim nə stili. Elə müğənni var türk stilində oxuyur. Bunları oxumaq olar, amma repertuarında bir-iki öz mahnın da olsun da. Axı sən azərbaycanlısan. Rusca oxuyurlar, rusca danışırlar. Burada millətçilikdən söhbət getmir, amma azərbaycanlısansa, Azərbaycanda yaşayırsansa, milliyyətinə hörmət etməlisən. Götürək gürcü qızı Manananı. O, azərbaycanca oxuyur, danışır. Halal olsun! Nə məcburdur ki, rus repertuarında, rus stilində oxuyasan? O boyda Rusiyada Azərbaycan stilində oxuyan yoxdur. Savadsızlıqmı deyim, səviyyəsizlikmi deyim buna. Hər kim olursan ol, qələtini elə, başını daşa vur, azərbaycanlı kimi, Azərbaycan vətəndaşı kimi yaşa. Bu yaxınlarda xaricə gedirdim. AZAL şirkətinə bilet almağa getdim. Bir rus xanım oturub, məndən rusca soruşur ki, salam, nə lazım idi sizə. Dedim İstanbula uçuş neçəyədir, o da mənə rusca deyir filan qiymətə. Mən azərbaycanca danışıram, o isə rusca. Soruşdum ki, siz azərbaycanca bilmirsiniz. O da mənə rusca deyir ki, siz rusca danışa bilmirsinizmi. Dedim mən müştəriyəm, sizi AZAL-a işə götürəndə deyiblər ki, Azərbaycan, rus, ingilis dillərini bilməlisiniz. Sizə müştəri yaxınlaşanda hansı dildə danışırsa, o dildə danışmalısınız. Amma mənim borcum deyil ki, sizinlə rusca danışım. Sonra onların müdirinə zəng etdim, dedilər Aslan müəllim, siz düz deyirsiniz.
Mənim kimi 10-15 nəfər olsaydı, AZAL-dakılara başa salardılar ki, belə olmaz. Mən rus dilində təhsil alsam da Azərbaycanda o dildə danışmağı xoşlamıram. Çünki öz dilim var. Əgər sən bu boyda böyük bir şirkətdə işləyirsənsə, borcundur ki, dövlət dilində danışasan. Bunu mən demirəm, qanunlar deyir. Qırğızıstanda yaşayanda o millətə çox hörmət edirdim, çünki oranın çörəyini yeyib suyunu içirdim. Çox xoşbəxtəm ki, bu gün Azərbaycandayam, vətənimdəyəm. Azərbaycanın tayı-bərabəri yoxdur. Amma bəzi adamlar ölkədəki inkişafı, səliqə-sahmanı başa düşmür. Adi bir şey deyim. O gün görürəm ki, cavan bir uşaq şüşəli avtobus dayanacağına təpik vurub keçir. Niyə belə edirsən, a bala? Nazir dayanacaqda durub onu qorumalıdır? Gərək biz özümüz bunu qoruyaq. Eləcə də musiqimiz. Ən geridə qalmış millətin də bizim bugünkü kimi bərbad aranjemanı yoxdur.
- Bu, savadsızlıqdan irəli gəlir?
- Bu gün çox primitiv mahnılar yazılır və on minlərlə adam ona qulaq asır. Əsl problem budur. Axı bizim muğamımız var, bizim musiqinin qədim kökü var. Tamaşaçı hansı klassik mahnı konsertinə beş gün dalbadal öz istəyi ilə gedir və zal dolur? Bu gün ən şox estrada müğənnilərinin konsertinə gedirlər, onlar da gənclərdir. Bu gün Nisə xanım Qasımova kimi böyük sənətkar Heydər Əliyev adına Sarayda konsert verir, zal 50 faiz dolur. Bu, millətin bədbəxtçiliyidir. Hara gedir bu millət? Elə bil bugünkü müğənnilərə deyiblər gedin bu millətin musiqisinə zərbə vurun.
- Əli Mirəliyev deyir ki, mən 40 il oxudum, amma məşhur olmadım, bir gün qalmaqal yaratdım, məşhur oldum. Buna münasibətiniz necədir?
- Düz deyir. Amma Əli müəllim bir gün bir adamı tərifləyir, o biri gün də pisləyir. Bu adam mənə o qədər də maraqlı deyil. Bilirəm ki, maraqsız müğənni deyiləm. Mən başqa ölkədə tanındım, sonra Azərbaycana gəldim və qısa müddətdə burda da tanındım. Başqaları heç 40 ilə də tanınmır. Mənə deyirdilər sən özbək stilində oxuyursan, səndə alınmayacaq. Amma hamı məni tanıdı, sevdi. Atma ritmini, özbək ritmini Azərbaycana ilk dəfə mən gətirmişəm.
- Gələk sizinlə bağlı əsas məsələyə. Sizi AzTV-yə nə üçün buraxmırlar?
- Üzümü AzTV-nin sədri Arif Alışanova tutub deyirəm: AzTV-yə çoxları rəhbərlik etdi, getdi, sən də gedəcəksən. Məni hamı tanıyacaq. Amma Arif Alışanov, sən yanımdan keçəcəksən, mən səni saymayacağam. Məni çoxu tanıyır, amma səni bəlkə heç öz məhəlləndə də tanımırlar. AzTV ilə başqa problemim vardı. Dövlət tədbirlərinə gəlincə isə ora gedirəm. Əgər bu gün Daxili İşlər Nazirliyinin solisti seçilmişəmsə, deməli, dövlətimin mənə diqqəti var. Azərbaycana gələndə general-leytenant Vahid Əliyevin qəbuluna düşmüşdüm. O, çox vətənpərvər insandır. Vahid müəllim mənə dedi ki, siz vətənpərvər mahnılar oxuyun, şəxsən mən sizə təkcə bir general kimi yox, bir azərbaycanlı kimi də dəstək olum. Azərbaycana bu gün vətənpərvər mahnılar, milli ruh lazımdır. “İgidlər” mahnısının klipini çəkməkdə mənə Vahid müəllim köməklik etdi. AzTV o vaxt bu klipi partapart verirdi.
- Bəs sonra nə oldu ki, AzTV ilə aranızda problem yarandı?
- Problem deyəndə ki, Arif Alışanova zəng edib dedim Arif müəllim, məni niyə göstərmirsiniz. Arif müəllim də ona yaraşmayan bir tərzdə dedi ki, sən kimsən axı, sıravi bir müğənnisən də... Bilirsiniz necədir, gərək əməkdar artist, xalq artisti olasan ki, seçiləsən. Dövlət tədbirləri olanda məni qat-qat yaxşı qarşılayırlar, nəinki bəzi əməkdar və xalq artistlərini. Bir dəfə də Alışanovdan soruşublar ki, müğənni Aslan hanı. O da deyib ki, mən elə müğənni tanımıram. Deməli, belə çıxır ki, bu adam öz efirini izləmir. Bu da Alışanovda problem olduğunu göstərir. Mən AzTV-də 9-cu zirvə toplantısının baş konsultantı oldum, onda AzTV-nin xəbərləri də məni göstərirdi. Mən 6 prezidentin qarşısında oxuyurdum və hamısı mənə qulaq asırdı. AzTV-də gedən o görüntülər də məndə var. YouTube-də də var. Qazax, qırğız, özbəklərlə bağlı tədbirlər olanda bizim Mədəniyyət Nazirliyi tərəfindən ora da dəvət olunuram. Azərbaycanın mədəniyyət günləri olanda da dəvət olunuram. Tək mən deyiləm. Bu yaxınlarda Cavanşir Məmmədov da sizin saytınızda daha nələr qalmadı dedi bu barədə. Yaxşı, Alışanov məni buraxmır ki, fəxri adın yoxdur,- amma əminəm ki, cənab prezident əziyyətimi görüb mənə də ad verər, inşallah,- Cavanşirin ki, fəxri adı var. Onu niyə efirə buraxmırsan, ay Alışanov? Arif Alışanovun İlhamə Quliyevaya qədər hamı ilə problemi var. İlhamə xanım xalq artistidir, “Şöhrət” ordeni alıb. Cavanşir müəllim demişkən, Alışanovun vəsiqəsində cənab prezidentin imzası yoxdur, amma fəxri adları olan müğənnilərin vəsiqəsində prezidentin imzası var. Deməli, belə çıxır ki, sən prezidentin fikri ilə razı deyilsən. Bilirsiniz, bunları yerinə qoymaq lazımdır. Binlar bizə heç nə eləyə bilmirlər, bizi onsuz da hamı tanıyır. Mənə Arif Alışanovun AzTV-si lazım deyil. Alışanov AzTV-ni elə bir günə qoyub ki, bu telekanala onsuz da heç kim baxmır. Amma AzTV elə olmalıdır ki, hamı baxsın. Axı ona başqa millətlər də baxır. Alışanov isə kimi istəyir, onu efirə buraxır, kimi də istəmir - buraxmır. O, AzTV-ni döndərib eləyib şəxsi telekanalı. Belə olmaz axı. Hər şeyin öz yeri var. Bilirəm ki, bu məsələlər yuxarılara çatsa, bu işə baxılacaq. Sübutlarla göstərəcəyik ki, konsertlərə necə gedirik və bizi necə kəsib çıxrarırlar konsertdən. Ramil Usubov kimi general məni öz nazirliyinə solist kimi qəbul edirsə, Arif Alışanov mənə maraqlı deyil. Əgər mədəniyyət naziri məni sayıb mədəniyyət günlərinə göndərirsə, Alışanovun fikri mənə maraqlı deyil. Neçə rəhbər gəlib-gedib AzTV-yə, o da gedəcək. Onlar bu gün heç kimin yadında deyil, on ildən sonra da heç kəsin yadında qalmayacaq, amma mən hələ də varam və məni tanıyırlar. Alışanovun nəsə problemi var, ona kömək etmək lazımdır. Onun xəbəri varmı ki, AzTV dövlət kanalıdır? Axı bu insanlar dövlətə xidmət edib fəxri ada lıblar. Onlar “Xəmsə”, “Gilavar” şadlıq saraylarının əməkdar artisti, xalq artisti deyillər axı. Bu dövlətin artistləridir. Deyə bilərlər ki, Aslan kimdir axı millət vəkili Arif Alışanova söz deyir. Bilirsinizmi, millət öz vəkilini ona görə seçmir ki, o, sonra millətin qanını içsin. Millətin vəkili millətə xidmət eləməlidir. Yaxşı millət vəkillərimiz çoxdur. Amma bunun xəbəri yoxdur ki, Aslan AzTV-də 15 dəfə çıxış edib. O, Aslanı tanımır. Aslan və Aslanın sənət yoldaşları sənin tədbirlərində çıxış etməsə, sənə qulaq asan olmayacaq. Sənətçilər olmasa, desələr ki bu gün Arif Alışanov çıxış edəcək, görək on min adam yığışacaq ora? Yığılsa da 5-10 nəfər qohum-əqrəbası əlacsızlıqdan gələcək. Bəzən mənə deyirlər belə danışmaqdan qorxmursanmı. Deyirəm yox, nədən qorxmalıyam ki. Mən Azərbaycan kimi demokratik, azad ölkədə yaşayıram, Azərbaycanın qanunlarına və cənab prezidentimizə güvənirəm.
- Sizə baxan bu qədər narazı olduğunuzu zənn edə bilməzdi. Deyəsən, ümumən narazı adamsınız...
- Bilirsinizmi, ətrafımızda problem çoxdur. Problem də insanlardadır. Dedim axı, gör bizim musiqini nə günə qoyublar. Sənəti olan musiqiçilər oxumaq, yeni mahnılar yazmaq istəmir. Məsələn, Aygün Bəylər, Gülyaz və Gülyanaq Məmmədova bacıları və s. Onlardan soruşun görək təzə nə mahnıları var. Mən hələ Azərbaycan ifası olanları deyirəm. Özünü Bülent Ersoya oxşadanları demirəm. Kimin üçün oxusunlar axı? O qədər oxuyanlar var ki, heç bilmirlər nə oxuyurlar, amma camaat da qulaq asır. Azada Nursaida adlı müğənni var. Özbəkistanın xalq artistidir. Bir dəfə dedi ki, Aslan, mənə Azərbaycan mahnıları olan disklər gətir. Mən də populyar disklər alıb apardım. Azada sonra mənə zəng edib deyir ki, bunlar Azərbaycan mahnılarıdırmı, bunlar nədir, toydan yazıb gətirmisən, yoxsa aranjemandır. Deyir sizin Zeynəb Xanlarova var, Rəşid Behbudov var. Bunlar onların davamçılarıdırmı?
- Aslan müəllim, siz Orta Asiyada yaşamısınız, ilk dəfə səhnəyə orada çıxmısınız. Siz oralarda çox tanınırsınız, yoxsa Azərbaycanda?
- Qazaxıstanda, Qırğızıstanda, azərbaycanlılar arasında, dünyanın çox yerində, Avropa ölkələrində çox olmuşam. Tanıyırlar ki, dəvət edirlər. Qırğızıstanda eks-prezident Əskər Akayevin oğlunun toyunu da mən aparmışam. Orada ermənilərlə də sözum düşdü. Mən Azərbaycanı sevirəm. Bunu kimsə “Aslan yaxşı oğlandır” desin deyə demirəm. Kimsə gedir Türkiyədə ad çıxarır, ayağından dartırlar. Biri gedib Rusiyada klip çəkir, pisləyirlər. Belə olmaz, tərifləyin də bunları. Ermənilərin ən alçaq oxuyanı da bir şey edəndə yazırlar ki, bizim fəxrimizdir. Bizdə isə korifeylərin də kliplərinin altında yazırlar ki, bu da cavanlıqda “belə” olub. Atasının, anasının başı pis şeylərə qarışanlar belə şeylər yazırlar, normal adam belə şey yazmaz. Üzr istəyirəm, bəlkə bunu deməməli idim burada. Nəsibə xanım Abdullayeva bir dəfə dedi mən 60 yaşımdan sonra bu şərhləri oxuyandan sonra bildim ki, mən fahişə olmuşam. Deyir mənim nəvəm-nəticəm var, amma haqqımda yazılan bu şərhləri oxuyanda öyrəndim ki, mən belə olmuşam. Bu, faciədir.
- Bunun qarşısını necə almaq olar?
- Bilirsiniz necədir, deyəndə də xətirlərinə dəyir. Onsuz da jurnalistlərin çoxunun məndən xoşu gəlmir, normal jurnalist bunu düz qəbul edər. Bu gün problem efirdədir, pul alıb başlayırlar birini tərifləməyə. Təriflənənlər də şişib yerə-göyə sığmır. Gedib üç gün Biləcəridə nənəsinin evində qalırlar, sonra çıxıb deyirlər ki, ay Almaniyada idim, ay orada idim... Axı sənə bütün dünya baxır, niyə yalan danışırsan? Elə adam var sənə inanır axı. Hamını efirə çağırmaq olar, amma yalandan tərifləmək, yalan danışmaq olmaz. Gərək hər insan özünü, beynini, zövqünü təmizləyə. Ya da görürsən bir müğənni özünü qiymətə mindirmək üçün kreditlə bahalı maşın alır, sonra onun pulunu ödəyə bilmir deyə bank tutub maşını əlindən alır, biabır olur. Nəyə lazımdır bunlar?
- Siz hər verilişə getmirsiniz. Niyə?
- Yox, hər verilişə getmirəm, əvvəl soruşuram nə haqdadır, qonaq kimdir. Mən səhvi səhv kimi, düzü düz kimi deyirəm. Səhvim olsa, üzr istəməyə bilərəm, yalan danışmağı isə xoşlamıram. Dostum olsa da yalandan tərifləmirəm, çünki mənə milyonlar baxır, onları da aldatmaq olmaz.
- Toylara gedirsiniz?
- Toya gedirəm. Özü də əla aparıram. Söz toydan düşüb, toyların qiymətini qaldıranlara mesaj vermək istəyirəm. Biz 10 min istəyirik. Amma görün hələ o pulu sizə verən var? Ona görə də boşboğazlara inanmayın.
- Bəziləri toy mahnılarını lağa qoyur. Məsələn, “Maral”ı...
- “Maral”ı bəyənməyənlər onun bir bəndini oxusunlar, sonra arxasınca hürsünlər.
- Əgər toylar olmasaydı, bu müğənnilərin halı, aqibəti necə olardı?
- Vay, vay.... Yaralı yerimə toxundunuz. Toylar olmasaydı, axşamlar təkər qaraldan kim, xadimə olan kim, restoranlarda qab yuyan kim.... Vay, vay... Şükür ki, bu toylar var. Toylar bir çox müğənnilərin eyiblərini örtür. Şəxsən mən toylardan yaxşı pul qazanıb ailəmi saxlayıram. Uşaqlarım və ailəm üçün yaşayıram.
Virtualaz.org