Avropa Parlamentinin yeni anti-Azərbaycan sancısı – TƏHLİL
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Qərbin
təzyiq siyasətinin bir hissəsidir. Avropa Birliyinin ayrı-ayrı
institutları ümumi Avropa siyasətin reallaşdırılması üçün üzərlərinə
düşən vəzifəni həyata keçirirlər. Onlardan biri də Avropa Parlamentidir.
Əslində Avropa Parlamentinin hər hansı ölkəni insan hüquqları, yaxud
demokratik standartlar baxımından tənqid etməsi absurddur. Belə ki,
demokratik dəyərlər və standartların hansısa ölçü vahidi mövcud olmadığı
üçün bunlar nisbi xarakter daşıyır və beynəlxalq münasibətlərin
tərəflərinin birinin digərini `tənbeh etməsi` təkəbbürlülük və
həyasızlıq nümunəsidir. Çünki demokratik standartlar mövcud olmadığı
kimi, heç bir dövlət öz standartları üzrə hakimlik etmək üçün dünya
icması tərəfindən seçilməyib.
Prezident İlham Əliyev son çıxışı zamanı bu məqama özünəməxsus şəkildə rəy bildirmişdi:
"Biz
kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər
yerdə "marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən,
xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər”.
Aydındır ki, Avropa öz sərəncamında olan Avropa Parlamenti, Avropa
Şurası, ATƏT-in Parlament Assambleyası kimi "beynəlxalq demokratik
standartların müəyyən edilməsi və qiymətləndirilməsi” institutlarını
əsasən seçki və beynəlxalq idman yarışları kimi hadisələr ərəfəsində işə
salmaqla Azərbaycana təzyiq göstərməyə çalışır. Bu zaman təbii olaraq
bir sual yaranır – niyə? Avropa niyə Azərbaycanla pisləşmək qərarına
gəldi?
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsində qeyd edilir ki,
"Azərbaycan hökumətindən vətəndaş cəmiyyəti və insan hüquqları işinə
qarşı sərt tədbirlər görülməsini dayandırması tələb olunur”. "Vətəndaş
cəmiyyəti və insan haqları işinə qarşı sərt tədbirlər” isə o deməkdi ki,
avropalılar Azərbaycan hökumətinin QHT-lərin xaricdən maliyyələşməsinin
qarşısını alması ilə barışmırlar.
Mahiyyət etibarilə qeyri-hökumət təşkilatları onun üçündür ki,
demokratik ölkələrdə dövlətin milli maraqlarına uyğun dəyərlər
cəmiyyətdə təbliğ edilsin. Bu, dövlətin idarəedilməsi formulunda öz
əksini tapır. Əgər kommunist rejimində bu, birbaşa dövlət institutları
vasitəsilə həyata keçirilirdisə, liberal ölkələrdə dolayı yolla,
QHT-lər, yəni vətəndaş cəmiyyəti institutları vasitəsilə reallaşdırılır.
Azərbaycanın da maliyyə imkanları artdığı üçün öz milli maraqlarının
qorunması, cəmiyyətdə dövlət maraqlarına uyğun norma və dəyərlərin
təbliğ olunması məqsədilə QHT-lərin kənardan maliyyələşməsini
məhdudlaşdıraraq dövlət büdcəsi hesabına vəsayit ayırmağa başladı.
Xaricdən gələn maliyyə hesabına fəaliyyət göstərən QHT-lər, təbii ki,
həmin ölkənin maraqlarına uyğun dəyərlərin aşılanmasını həyata
keçirəcəklər. Azərbaycanın müstəqilliyinin ilk illəridə ölkəyə doluşmuş
çoxlu sayda "vətəndaş cəmiyyəti fəalları”nın fəaliyyətinin nəticəsidir
ki, Azərbaycanda ailə dəyərləri, milli mənəvi dəyərlər şüurlardan
silinməyə başladı.
Xaricdən maliyyələşən QHT-lərin xalqın əleyhinə olan fəaliyyətinə aid
çoxlu misallar gətirmək olar. `Xeyriyyə` adı ilə olkəyə daxil olan
xarici təşkilatlar əslində radikal dini təriqətləri, xristian
təriqətlərini, hansısa dövlətə xas mədəni dəyərləri təlqin edirdilər.
Bu, insan şüuruna dolayı təsir mexanizmidir ki, gələcəkdə həmin şəxslər
vasitəsilə dövlətə daxildən təsir etmək üçün sosial "rıçaq”ı yaransın.
Təbii ki, belə bir əlverişli təsir mexanizminin ləğvi Avropanı razı sala
bilməz.
Avropa Parlamentinin sənədində Leyla və Arif Yunus, Xədicə İsmayıl və
digər bu kimi şəxslərin adlarının dönə-dönə hallandırılması onların
Avropa üçün önəmindən xəbər verir və görünür, avropalı idarəçilər
onlardan böyük nailiyyətlər gözləyirdilər. Nailiyyət nədən ibarət ola
bilər? Təbii ki, inqilabi vəziyyətin yaradılması və hakimiyyət
çevrilişinin həyata keçirilməsi. Bu məqamda bir amil xüsusi qeyd
edilməlidir ki, həmin bu dövlət xainləri, görünür, daha çox `mənfəət`
əldə etmək üçün öz fəaliyyətlərinə dair hesabatlarda sosial dayaqları
barədə daha şişirdilmiş göstəricilərin təqdim olunmasına çalışıblar ki,
nəticədə Avropa öz ümidlərini bu şəxslərə bağlayıb.
Təbii ki, prezident
İlham Əliyevin Azərbaycanda "Maydan” hərəkatının
yaranmasından, gənclərin bu işlərə cəlb olunmasından, vəziyyətin
gərginləşməsi üçün on milyonlarla dolların xərclənməsindən söz açması
təsadüfi deyil. Reallıq ondan ibarətdir ki, bir qrup şəxs Qərbin
sifarişi və birbaşa maliyyə dəstəyi ilə Azərbaycanda hakimiyyət
çevrilişi həyata keçirməyə cəhd göstərmiş, lakin buna nail ola
bilməmişlər. İndi isə, Avropa açıq şəkildə belə qətnamələr verməklə öz
xidmətçilərini ədalət mühakiməsinin cəzasından xilas etməyə çalışır.
O zaman sual yaranır ki, Qərb nəyə görə Azərbaycanda hakimiyyət çevrilişinin həyata keçməsini istəyir?
Bu, Azərbaycanın yürütdüyü müstəqil, suveren daxili və xarici siyasətilə
bağlıdır. Məsələn Qərbin Rusiya ilə gərgin mübarizəsi fonunda
Bakı-Moskva dostluğunun çiçəklənməsi Vaşinqtonla Brüsseli
qıcıqlandırmaya bilməz. Əslində rəsmi Bakı Moskva ilə xoş münasibətlərin
inkişafında artıq canfəşanlıq da etmir. Sadəcə hamının Kremldən üz
döndərməsi fonunda Bakının əvvəlki qaydada münasibətləri saxlaması
münasibətləri daha qabarıq göstərir.
Azərbaycan qonşusu və regionun ən böyük dövləti olan Rusiya ilə
münasibətlərinə əhəmiyyət verməsi ilk növbədə insanların təhlükəsizliyi
ilə bağlıdır.
Bu, təbii ki, bir hakimiyyət dəyişikliyində Misir,
Yəmən və ya Suriya kimi dövlətlərdə on minlərlə insanın ölümünə göz
yuman Avropa Parlamentini o qədər də narahat etməz. Avropa üçün əsas
geostrateji maraqlardır. Avropa üçün əsas Türkmənistan qazının
Azərbaycan vasitəsilə Qərbə ixracıdır. Rusiya bu layihənin
reallaşmasını istəmir, Azərbaycanla münasibətlərin yaxşı olması isə
prosesi yubadmağa imkan verir. Avropa həm də Azərbaycanı ona görə sevmir
ki, dəfələrlə müxtəlif bu tip qətnamələrə baxmayaraq Türkiyə məhz
Azərbaycanın xahişini üstün tutaraq Ermənistanla sərhədi açmır.
Son olaraq prezident İlham Əliyevin sitatını diqqətə çatdırmaq istərdim.
Ümidvaram ki, Avropa Parlamentinin bu qətnaməyə səs verən üzvləri həmin
çıxışı dinləyiblər.
"Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici
dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə
yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim
əsas güc mənbəyimizdir”,- deyə prezident İlham Əliyev iqtisadi
məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr
edilmiş müşavirədə çıxışı zamanı bildirib.