Azərbaycan dünya iqtisadiyyatında liderliyini qoruyur

Azərbaycan dünya iqtisadiyyatında liderliyini qoruyur

"Son 10 il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan dünya iqtisadiyyatında liderliyini qoruyur
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına əsaslanaraq deyə bilərik ki, Azərbaycan 2010-cu ildə Avropada sənayenin ÜDM-dəki payına görə birinci yerdə olub. Qazaxıstan və Rusiya isə iqtisadiyyatın sənayeləşmə səviyyəsi baxımından ölkəmizdən 34 faiz və 28,2 faizlik göstəricilərlə geridə qalırlar. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz digər sahələrlə yanaşı, sənaye baxımından da xeyli inkişaf etmişdir; iqtisadiyyatın rəqabət qabiliyyətinin, sənaye ixracının artması, yeni iş yerlərinin açılması və s.
Azərbaycan dünya iqtisadiyyatında da inkişaf təmayüllərini qoruyub saxlayır. Bu isə kənd təsərrüfatı və xidmət seqmentinin gələcək inkişaf trayektoriyasının formalaşmasına müsbət mənada öz təsirini göstərir və göstərməkdədir.
Ulu öndərimizin sənayeləşmə siyasəti
Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti ölkəmizin sosial-iqtisadi həyatına da böyük zərbə vurdu. Belə ki, ölkəmizin iqtisadi, siyasi, informasiya blokadasına alınması səbəbilə 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi artmış, əhalinin pul gəliri azalmışdı.
Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı o dövrdə neft sənayesinin inkişafında, sözün müsbət mənasında, ciddi dönüş yaratdı. Azərbaycan neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət avadanlıqları, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə aparıcı yerlərdən birini tutdu.
Bu mənada qətiyyətlə deyə bilərik ki, ölkəmizdə sənayeləşmə siyasətinin təməli hələ ötən əsrin 70-80-ci illərində ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və inkişaf etmişdir. Neft sənayesi yenidən qurulmuş, neft-maşınqayırma kompleksi, dərin özüllər, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma və digər sahələr inkişaf etdirilmişdir. Ulu öndərin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası Azərbaycanın iqtisadi həyatında mühüm rol oynamış, həmçinin dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmişdir.
Layiqli davamçı, uzaqgörən lider
Ümummilli liderimizin başladığı sənayeləşmə siyasətini bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Məhz onun məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmizin istər dövlət, istərsə də özəl sektorunda müasir sənaye müəssisələrinin sayı xeyli artmış, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən sənaye sahələri yaradılmışdır. Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi və s. dediklərimizin əyani sübutudur.
Onu da xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində 39-cu yerdədir və MDB məkanında bu liderliyini saxlamaqdadır. Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə  sənaye müəssisələrinin açılması və fəaliyyət göstərməsi iqtisadi inkişafın əsas göstəricilərindən biridir.
Sənaye texnoparklarının yaradılması (Bakı, Sumqayıt və Gəncə şəhərlərində texnoparkların, Mingəçevirdə müasir sənaye kompleksinin yaradılması və s.) ölkəmizin sənaye həyatının sürətli inkişafından xəbər verir. 2013-cü ildə sənaye məhsulları istehsalı ilə yanaşı, neft və qeyri-neft bölməsində də artım müşahidə edilmişdir. Həmin il Bakının Qaradağ rayonunda gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilmişdir.
Bəli, bu gün həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan regionda güclü, geniş, potensial imkanlara malik sənaye mərkəzinə çevrilməkdədir. 
Onu da vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi və bu proqramın 2018-ci ilə qədər icrası bir sıra sosial və iqtisadi məsələlərin həllinə böyük təkan verəcək. 
2014 - Sənaye ili
Sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin daha da genişləndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, həmçinin mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının daha da gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən "Sənaye ili" elan olunmuş 2014-cü ildə Azərbaycanda, həqiqətən də, genişmiqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmişdir. Ölkəmiz digər sahələrdə olduğu kimi bu sahədə də, sözün həqiqi mənasında, güclü potensiala sahib olaraq geniş imkanlar əldə etmişdir.
Qeyd edildiyi kimi, iqtisadiyyatın mühüm sahələrindən biri olan sənayenin inkişafında böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bu müddət ərzində yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
 
Sənayedə mövcud vəziyyət
Son illər kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib. O mənada ki, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın, demək olar ki, aradan qalxmasına şərait yaradıb. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkandır. Ölkə rəhbərliyi tarafindən həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrin sayı üç dəfə artıb. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdə minlərlə yeni iş yerləri açılıb ki, bu da işsizlik probleminin həll olunmasına əlverişli zəmin yaradılması deməkdir.
Yeni formalaşan təsərrüfat strukturlarının nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, ölkədə sənaye müəssisələri tərəfindən 26 milyard 103 milyon manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulu sənayenin ümumi buraxılışının 93,1%-ni təşkil edib. Sənaye məhsulunun 79,8%-i mədənçıxarma, 14,2%-i  emal, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalının, bölüşdürülməsi və təchizatı, 0,6%-i su təchizatının, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilib. Hesabat dövründə mədənçıxarma sənayesində 20 milyard 828,9 milyon manatlıq məhsul istehsal olunub. Məhsul istehsalının artmasına xam neft və təbii qaz hasilatının və mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsinin genişlənməsi öz müsbət təsirini göstərib. Emal sənayesində isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5% çox məhsul istehsal olunub. Emal sənayesində qeyri-neft məhsullarının istehsal həcmi 1 milyard 969,3 milyon manat təşkil edib. Bu dövr ərzində emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr - neft, qida məhsulları, tikinti məmulatları, metallurgiya sənayesi, maşın və avadanlıqların istehsalı, kimya sənayesi olub. Bundan əlavə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat vasitələri, poliqrafiya məhsulları, avtomobil və qoşqular, dəri və dəri məmulatları, kimya sənayesi, tikinti materialları və s. sahələrdə də artım olmuşdur. Sənaye məhsulunun 94,1%-i Bakı şəhərində, 5,9%-i isə digər iqtisadi rayonlarda istehsal olunub. Təkcə regionlar üzrə istehsal olunan sənaye məhsulunun 41%-i Aran iqtisadi rayonunun, 26,7%-i isə Abşeron iqtisadi rayonunun, 14,5%-i Gəncə-Qazax iqtisadi rayonunun, 7,1%-i Naxçıvan iqtisadi rayonunun, 10,7%-i isə digər iqtisadi rayonların payına düşüb.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz bütün sahələrdə olduğu kimi iqtisadiyyatda da durmadan inkişaf edir. Bu inkişaf isə Azərbaycanın dünya iqtisadiyyatında öz layiqli yerini tutması, liderliyini qoruyub saxlaması üçün böyük təkandır.
Yazı “Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin Müqaviləsi - Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli”  mövzusundakı müsabiqəyə təqdim olunur.


Yeganə Məmmədova



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az