Şuşa şəhəri iki fərqli məkanda fərqli standartlarla yad edildi... Qarabağlı Serj Sarkisyan Şuşada Şuşanı yad etdi, Qarabağlı Azərbaycan isə Bakıdakı Şəhidlər Xiyabanında Şuşanı yad elədi... Sarkisyan qələbə günü kimi, Azərbaycan isə işğal edilmiş şəhərini ürəyi qan içində, damarından qara qanlar axa-axa. Niyə?
...Niyə"sini kimdənsə soruşmaq istəmirəm. çünki bu sualın cavabını 20 ildi Şuşasız Azərbaycan tapa bilməyibsə, indi Azərbaycansız Şuşanın dərdinə dair bu suala dərhal cavab veriləcəyini də gözləmirəm... çünki mən və külli Azərbaycan indi Şuşaya aid suala cavabı deyil, Şuşalı Azərbaycanı istəyirik. Azərbaycan isə 20 ildi bir sualın ətrafında baş sındırır. Erməni isə beş addımlığımızda üzünə salıb qıpqırmızıca oturub torpağımızda və başımızda qoz sındırır... Bu "qoz" başımızda sındıqca, biz də bir-bir içimizdən sınırıq, Sarkisyanın Qarabağda-torpaqlarımızda həyasızcasına gəzib dolaşmasına baxa-baxa utanıb yerə giririk. Təkcə utana-utana yox, həm də ölə-ölə Bakıda, Şəkidə, Xırdalanda, Mildə, Muğanda köçkün və didərgin olaraq torpağın altına giririk.
Sonda: məncə, indi Azərbaycanın vaxt itirməyə vaxtı yoxdur! Elə mənim də, sənin də, hamımızın da. çünki vaxt itirildikcə, torpaqlarımız da o vaxtın içində bütün mənalarda itirilərək bizdən uzaqlaşır. Bax elə ona görə də (onsuz da Azərbaycan vaxtı ilə Qarabağı öz vaxtımızda 20 ildi itirmişik) vaxt itirmədən aşağıda iki şəkil təqdim edirik. Hər ikisi dünən eyni zaman içində Bakıda və Şuşada çəkilib: Şuşa Bakıda və Şuşa Şuşada yad edilir. Bakıda çəkilmiş şəkildəkilər tanış üzlərdir. Şuşadakı isə Ermənistan prezidenti Serj Sərkisyandır. O, Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib və Şuşanı ələ keçirməklərini bayram edir.
Şuşasız Azərbaycanın Şuşalı Azərbaycan olması üçün kim olmaq lazımdır, Azərbaycan???
Asif Mərzili
P.S.Biz gedə-gedə ölmürük, ölə-ölə gedirik... Hələki Şuşaya tərəf yox, bizi Şuşasız qarşılayan ucuz ölümə tərəf. özü də bizi içimizdən qırıb aparan ölümə tərəf...