Bəzzdən və bizdən olan Babək

Bəzzdən və bizdən olan Babək

Yazıçı-publisist Həmid Herisçinin aparıcısı olduğu “Şəxsiyyət vəsiqəsi” verilişində millət vəkili Fazil Mustafanın Babək haqqında səsləndirdiyi fikirlər hələ də gündəmdədir.

Xatırladaq ki, millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Mustafanın, “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlının, yazıçı Şərif Ağayarın, ilahiyyatçı Hacı Şahin Həsənlinin və tarixçi Həyat Şamıyevanın qonaq olduğu veriliş Xürrəmilər hərəkatının lideri Babəkə həsr olunmuşdu. Verilişdə millət vəkili Fazil Mustafa Babəkin Azərbaycana aid olmadığını iddia etdi. Onun “1918-ci ilə qədər tarixdə Azərbaycan adlı dövlət olmayıb” fikri isə qalmaqal yaratdı. 

“Azərbaycan” sözü eramızın V-VI əsrlərində var idi"

Xürrəmilərlə bağlı iki kitab müəllifi olan tarixçi Ceyhun Bayramlı Babəklə bağlı düzgün olmayan fikirlər yürüdən insanların düşünərək addım atmalarını söylədi: “Millət vəkili nişanı daşıyan Fazil Mustafa Babəklə bağlı çıxışı zamanı Azərbaycan adlı dövlətin olmadığından danışır, amma eyni zamanda millət vəkilidir. Təsəvvür edin ki, bu nə qədər absurd düşüncəyə malik bir insandır. O iddia edir ki, guya Azərbaycan türkləri indiki ərazimizə səlcuqlar kimi ilə gəlib. Tarixi mənbələrdən xəbərdar olmadan danışmaq eyibdir. Millət vəkilinə yaraşmaz ki, bilmədiyi şeyi car çəkib, insanlara dezinformasiya versin. Hər kəs bilir ki, Azərbaycan sözü eramızın hələ V, VI əsrlərində Bizans mənbələrində ”Aderbiqan", “Azerbiqan” şəklində xatırlanırdı. Onda heç indiki Türkiyənin adı belə yox idi. Fazil Mustafa ətrafımızdakı dövlətlərə baxsın. İran dövlətinin adı məhz Rza şah Pəhləvinin dünya dövlətlərinə etdiyi rəsmi müraciətlərdən sonra belə adlandırılmağa başlayıb. O vaxtacan sadəcə İran coğrafi arealın adı idi. Yaxud da Gürcüstan, Avropa ölkələrinin bir çoxunu götürün, hansı birinin indiki adı qədimdə istifadə olunub? Feodalizm dövründə feodal dövlətləri olub, kapitalizm dövrünün isə öz qanunları var. Onun tarixdən başının çıxmadığını göstərən elə birinci bu amildir ki, siyasi quruluşların fərqini bir-birindən ayırmır, o dövrdəki dövlətlərin adında indiki dövlətlərin adını axtarır. Söhbət təkcə Fazil Mustafadan  getmir. Özünü Güntay Gəncalp kimi tanıdan, siyasi mühacir, Azərbaycana qarşı çıxışdfk edən Mənüçöhr Cavanşir adlı milliyəti bilinməyən insandan da danışmaq istəyirəm. Bu adam sosial şəbəkələrdə Azərbaycan türkünün dəyərlərinə daxil olan Xətai, Babək, Nəsimi, Füzuli, Şəhriyarı belə tənqid etməkdən çəkinmədi. Düzdür, o layiqli cavabını aldı. Amma burada söhbət ondan gedir ki, ictimai qınaq olmalıdır. Azərbaycan türklərinin tarixi dəyərləri, şəxsiyyətləri var ki, xalqın yüz illərlə yaxşı dediyi insanları bu adamlar bilərəkdən pis təqdim etməyə çalışırlar. Bunlar Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş təxribat xarakterli əməllərdir".

“Fazil Mustafa onları tərbiyəsiz adlandırır”

C.Bayramlı Babək Xürrəmi ilə bağlı 700 səhifədən ibarət iki kitab nəşr etdirdiyini bildirdi: “İki kitabdan birinə cavab verə bilməyən adamlar Babəkə sapıq deyir, onu Azərbaycan xalqının gözündən salmağa çalışırlar. Bu insanların yaşadıqları ölkənin ərazisinin tarixini bilməmələri bir eyib, dezinformasiya ilə ictimai rəyi çaşdırmaqları da ikinci eyibdir. Belə adamlara etiraz bildirənləri onlar aşağılamağa çalışır, müxtəlif sözlərlə tərbiyəsiz deyirlər. Hətta sosial şəbəkədə gənclər etiraz bildirəndə Fazil Mustafa onları tərbiyəsiz adlandırır. Bu, millət vəkilinə yaraşmayan bir şeydir. Fazil Mustafa özünün ”Azərbaycan türklərinin təşəkkülü" adlı kitabında yazır ki, Əbu Müslim Xorasaninin öldürülməsindən sonra Azərbaycan və İranda Abbasilərə qarşı çıxış edən şiələrə xürrəmilər deyirdilər. Amma sonradan çıxış edib deyir ki, Babək sapıq idi. Mən bununla bağlı sosial şəbəkədə sual ünvanladım ki, siz əgər Babəkə sapıq deyirsinizsə, onda belə çıxır ki, Azərbaycandakı şiələri sapıq sayırsınız? Onu bu kimi fikirləri dini sahədə intriqa, ixtilaf yaratmaq deyil?"

“Xürrəmilik hərəkatı ilk dəfə Xorasanda çıxdı”

Tarixçi Əkbər Nəcəf bildirdi ki, Babək məsələsində sovet tarixinin qarşımıza çıxardığı bir mövqe var. Onun sözlərinə görə, bu mövqe bəzi tarixçilər və fikir adamları, siyasətçilər tərəfindən qəbul edilmir: “Amma təəssüflər olsun ki, o mövqenin qarşısına tamamilə düzgün olmayan mövqe çıxarılır. Babək dövrünün tarixi mənbələri məhduddur. Buna baxmayaraq, Babəkin şəxsiyyətini ortaya çıxaran məlumatlar da var. Xürrəmilik hərəkatı ilk dəfə Xorasanda çıxdı, bunun da başında İshaq ət-Türki dayanırdı. Onun özü isə Əbu Müslimin tərəfdarlarından biri idi. 

İslam tarixçiləri yaxşı bilirlər ki, İslam anlayışında müsəlman olmayan insanların silah daşıması qadağandır. Babəkə qədər iki yüz il ərəb xilafətinin tərkibində olan oradakı xalq bir anda üsyan qaldırır və silah daşıya bilmədiyi halda birdən-birə xilafətin 6 ordusunu məğlub edir. Bu necə olur? Babək hərəkatı İslam coğrafiyasında qlobal problemləri öz tərkibində gizlədən hərəkatdır. Mənə görə xürrəmilik hərəkatı daha çox manixeyst hərəkatdır və manixeyizm inanclarına daha yaxındır".

“İdeologiyanın dilə gətirdiyi tarix tarix deyil”

Ə.Nəcəf deyib ki, son dövrlər bu məsələni ortaya atanlar məsələyə bir tərəfdən yanaşırlar: “Ya biz ciddi mənada tarixlə məşğul olmalıyıq, ya da ideologiyayla. İdeologiyanın dilə gətirdiyi tarix tarix deyil. O günün müəyyən hadisələrinə görə tarixdən hər hansı şərh verə bilər. Amma bu tarixi bir fikir ortaya qoyulması anlamına gəlməz. Ona görə də mən son dövrlər mətbuatda gedən məsələlərə daha çox öz ideoloji problemləri ilə əlaqədar bəzi insanların tarixi fikirlərinə oxşadıram. XXI əsrdə ortaya çıxan terminlərlə, siyasi və ideoloji fikirlərlə 1200 il əvvəlki tarixi hadisələri ittiham edə bilmərik”.

“İnsanların təfəkkürcə dəyişmələri formal dəyişmələrdən daha çox vaxt aparır”

Yazar Yalçın İslamzadə bildirib ki, dövlət modern icaddır və tarixə baxdıqda bu gün milli dövlət kimi güclü kimliyə sahib dövlətlərin çox qədimdən mövcud olmadıqları, tarixin “modern dövr” deyilən mərhələsində yarandıqları görünür: “Elə bir tarixi an yoxdur ki, o an və ona qədər olan dövlətlər legitim, mütləq, ondan sonra yarananlar qeyri-legitim sayılsın. Bir çox hallarda əvvəlcə konsept olaraq ”dövlət"-in yarandığı, sonra bu dövlətin etnik mənsubiyyətə yox, vətəndaşlıq bağına dayanaraq öz millətini yaratdığı görülür. Tarixçi Erik Hobsbauma görə, “Fransa dövləti” anlayışı “fransız xalqı” anlayışından daha əvvəl gəlir, “fransız” kimliyinin formalaşmasında 1789-cu il Fransa İnqilabının və 19-cu əsrin sonundakı “Dreyfus” hadisəsinin önəmini vurğulayır. 

Bu gün Avropanın milli dövlətlərinin formalaşması 18-ci əsrdən çox əvvələ getmir. Erik Hobsbauma görə, milli kimlik və dövlətlə əlaqədar ənənələr nisbətən yeni tarixdə icad edilib. Parlament binası tikilərkən, parlament ənənələrinin olduğundan da qədim olduğunu göstərmək üçün binanın qotik üslubda tikilməsi, şüurlu olaraq tarixiliyə referansdır.

Modern dövlətin ortaya çıxması dünyagörüşünün sekulyarlaşması və individualizmin yaranması nəticəsindədir. İnsanların animistik-panteist, teokratik təfəkkürdən tədricən sekulyar təfəkkürə yüksəlməsi ilə baş verir. Sekulyar təfəkkürün formalaşması, bu dünyaya dair məsələlərdə ağlın qərar verməsi, dinin fərdi məsələ olaraq öz təbii yerinə geriləməsi Renesans, Elm inqilabı, Ağıl Dövrü adlanan çoxəsrlik düşüncə mübarizəsinin nəticəsidir.

Müasir siyasi nəzəriyyələr də bu dövrdə yaradılır, kahin, rahib, tacir, burjua siniflərindən fərqli olaraq “sıradan insanlar”-vətəndaşlar səhnəyə çıxır və onların da necə idarə olunacaqlarına qərar vermə hüquqları tanınır. Köləliyə qarşı mübarizə və qadın kişi bərabərliyi kimi mütərəqqi uğurların nəzəri əsasları bu dövrə aiddir.

Modernizmin Avropadan dünyanın başqa coğrafiyalarına yayılması ilə və imperializmin qismən çöküşü ilə başqa bölgələrdə də milli dövlətlər ortaya çıxır. Ancaq hələ ki bu modellər ilk nümunələri ilə müqayisədə uğurlu deyillər, çünki insanların təfəkkürcə dəyişmələri formal dəyişmələrdən daha çox vaxt aparır".

“Bu coğrafiyada baş verənlər bizim tariximizdir”

Yalçın İslamzadə əlavə etdi ki, bu gün Azərbaycanda tarix, daha çox təftiş məqsədi ilə mübahisəyə çevrilir: “Din, qlobalistdir və tək bir ”dindar insan" modelinin hər kəs tərəfindən mənimsənilməsini nəzərdə tutur. Dinlər, insanları təbiətlərinə, tarixlərinə yadlaşdırır. Bu gün əsasən dini niyyətlə Babək, Nəsimi, Axundov kimi şəxsiyyətlərin təftiş edilməsi, tariximizin və mədəniyyətimizin gözdən salınması, dini təfəkkürün tam yerləşməsi qarşısında mane olaraq görüldükləri üçündür.

Bu coğrafiyada baş verənlər bizim tariximizdir, 8-ci əsrdə Azərbaycan adlı dövlətin olmaması “ayıb” deyil, o dövrdə bu günkü bir çox dövlətlər də yox idi. Bizi Şərqdən fərqləndirən, modernizm yolunda mərhələlər olan tarixi hadisələri və dünyəvi düşüncəni din adına inkar etmək Orta Əsrlərə dönüş arzusudur.

Azərbaycan publikası siyasi mövzularda tam yetkin deyil. Heç bir lüzum yoxkən, bizim dəyərlərimizin müzakirəyə açılması, “Tarixdə Azərbaycan dövləti olmayıb” ifadəsi, geniş dinləyici kütləsinə sanki o dövrdə başqa dövlətlərin olduğunu, bizim qədim olmadığımız üçün legitim olmadığımızı düşündürür. Onu tarixinə və milli kimliyə yadlaşdırır. “Azərbaycan dövləti” ifadəsinin narahat etdiyi qonşularımızın etmək istədikləri də budur. Öz tarixinə, mədəniyyətinə, dövlətinə yadlaşmanın sonrakı mərhələsi isə milli məsələləri başqa güclərin baxışı ilə dəyərləndirmək, bilərək və ya bilməyərək onların xeyrinə çalışmaqdır.

Avropada sekulyarlaşma nəticəsində “İncilin yerini ağıl, din və kilsənin yerini siyasət, göy üzünün yerini yer üzü, duanın yerini iş, İsanın yerini insan almışdır”. 

Lüdviq Feyerbaxa görə “Dövlətlərin quruluşunun səbəbi Tanrıya olan inanc deyil, şübhədir. İnsanın Tanrıya inancından çox, insana olan inancı bizə dövlətin mənşəyini izah edir”.

Əlbətdə, heç kimə hansına fikri, tutaq ki “8-ci əsrdə Azərbaycan adlı dövlət olmayıb” fikrini ifadə etməyi qadağan etmək mümkün deyil. Ancaq bu fikri bəyan edənlər vətəndaşlıq anlayışının və milli dövlətlərin formalaşmasını dərindən öyrənsələr, o dövrdə bu günkü bir çox dövlətin də olmadığını görəcəklər. Elədirsə, ayrıca götürülmüş “8-ci əsrdə Azərbaycan adlı dövlət olmayıb” fikrinin bilərək və bilməyərək yanıltmaq məqsədi daşıdığı aydın olar. Doğru yanaşma isə torpaqlarımızda olanlar bizim tariximizə aid olmasıdır. Məqsədimiz “Azərbaycan dövləti” konseptinin mümkün qədər uğurlu, modern reallaşmasına çalışmaq olmalıdır. Bu gün bir insanın həyatında ən vacib faktorun hansı ölkənin vətəndaşı olması faktı təsüdüf deyil".

Teleqraf.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az