Bir nəfəsdən doğan ömür: Mir Taha ağanın xatirəsinə

Bir nəfəsdən doğan ömür:  Mir Taha ağanın xatirəsinə


Bir ömür bir nəfəsdən başlayır… Bu gün o nəfəsin – Hacı Seyid Mir Taha ağanın vəfatının növbəti ildönümündə yaddaşlarda yenidən canlandığı gündür. Dağların sükutu ilə düzlərin nəfəsi arasında, Yardımlının sərt qayalarından Biləsuvarın səssiz düzlərinə uzanan bir ömür vardı - Hacı Seyid Mir Taha ağa ömrü... Bu nurani insanın yaşadığı həyatı zamanın sərt küləklərindən yan keçmədi. 1953-cü ildə Sovet hökumətinin amansız qərarı ilə doğma Yardımlının dağlarından qoparılıb, Salyanın Qaraqaşlı kəndinə sürgün edildi. Lakin taleyin bu ağır sınağı da onun yolunu qaranlıq etmədi. 1956-cı ildə ailəsi ilə birlikdə Biləsuvara köçərək, böyük alim Axund Molla Hüseyndən dərs almaqla ömrünün yeni bir səhifəsini açdı.
Onun adı çəkiləndə yaddaşlarda bir nur işığı, qəlblərdə bir rahatlıq ucalır. Sanki bu insan sadəcə bir ömür yaşamayıb, bir yol, bir məktəb, bir məbəd inşa edib. O yolun daşları dua ilə döşənib, o məktəbin dərsləri Quranla yazılıb, o məbədin sütunları isə insaf, mərhəmət və imanla möhkəmlənib Əli ibni Hüseyn (imam Zeynalabidin) əleyhissəlam nəslindən gələn Mir Taha ağanın uşaqlıq illəri ata evindəki səcdələrin, zikrlərin, "Əssəlatü və ma mələkət eymannükum” kəlamının kölgəsində formalaşdı. Bu kəlam  Peyğəmbərin (s) ömrünün son anlarında dilə gətirdiyi söz sanki balaca bir uşağın ruhuna yazıldı və bütün həyatının taleyinə yön verdi. O gündən etibarən onun hər nəfəsi "Bismillah" ilə başladı, hər addımı "Əlhəmdülillah" ilə tamamlandı. Lakin bu ömür hamar yollarla keçmədi. Ustadı, böyük alim Axund Molla Hüseyndən dərs aldığı zamanlarda  sovetlərin sərt küləkləri dini həyatın üzərinə qara kölgə salmışdı. Quran öyrənmək, dini yaymaq bir cəsarət tələb edirdi. Hər addımında həbs, sürgün, izlənilmə qorxusu vardı. Amma Mir Taha ağanın imanını sındıran olmadı. Onun üçün haqq yolunda çətinliklər yalnız möhkəmlik dərsi idi. Perimbel kəndinin seyid ocaqları da həmin küləklərə dözmədi. Kəndin bütöv ailələri, seyid soyundan gələnlər bir-bir sürgünə göndərildi, dağlar bir andaca yetim qaldı. Mir Taha ağa da ailəsi ilə birlikdə Biləsuvarın Bəydili kəndində yeni bir həyat qurmağa məcbur oldu. Amma o ev, o yeni ocaq bir gün belə boş qalmadı. Orada Quran səsi, dua səsi kəsilmədi, orada insanlar dərdini, sevincini, yolunu tapdı. Onun evinə daxil olan hər kəs üçün bu məkan bir təskinlik yeri idi. Sözü sükutla, baxışı hikmətlə danışardı. Qapısına gələn heç kim cavabsız dönməzdi, bəzisinə bir dua, bəzisinə bir öyüd, bəzisinə də sadəcə bir təskinlik verərdi. Onu görən adamın qəlbində qəribə bir rahatlıq yaranardı, sanki min illərin o tayından gələn bir nəfəs toxunurdu insana.
Mirtaha ağanın nəvəsi Miribrahim Xelilullah bəy danışanda gözlərində o ocağın işığı hələ də parlayır: "Babamla böyüdüm, onun nəfəsi ilə nəfəs aldım. Quran oxuyanda səsi elə idi ki, insanın ruhu titrəyirdi. Çox adam onun yanına yalnız din üçün deyil, dərdini bölüşmək üçün gəlirdi. Övladı olmayan, borca düşən, ordudan dönən, dərdinə dərman axtaran hamı babama sığınardı. Babamın həyatındakı ən böyük dərs  halallıq idi. Bir tikə çörək yeyəndə belə deyərdi ki, "bunu halal et". Hətta xəstə olanda orucunu tərk etməzdi. Mən onda həqiqi Allah adamını gördüm".

Mirtaha ağanın ailə dostu, Əlidadaş Zaidov onunla bağlı bir xatirəsini belə ifadə edir: "Hacı Mırtaha ağa el-obamız üçün yalnız bir insan deyil, mənəvi dayağımız, ruhani böyüyümüz idi. Onun ocağı isə hər birimiz üçün müqəddəs bir ziyarətgahdır. Ən çətin anlarımda, çıxılmaz vəziyyətlərdə, Allahın izni ilə Seyid Mırtaha ağanın cəddinə sığınıram və onun mənəvi köməyini hiss etdiyim çoxsaylı anlarım olub.

Mir Taha ağanın təmkinli baxışı, zərif danışığı, hətta sükutu belə bir dərs idi. Məclisdə bir pauza verərdi, bu pauza hamıya nəyi necə etməyi izah edərdi. O, sözlə olduğu qədər sükutla da tərbiyə edirdi. Bu gün də Biləsuvarın Bəydili kəndində onun yaşadığı evin divarları arasında hələ də bir ilahi sakitlik var. Onun oxuduğu duaların, etdiyi zikrlərin səsi sanki hələ də havada dolaşır. İnsan o evə qədəm basanda, keçmişlə bu gün birləşir.
Yenə Mirtaha ağanın ailə dostlarından biri, keçmiş görük işçisi Kazımov Ağaqardaş isə yaddaşlardan heç zaman silinməyəcək xatirələrini belə dilə gətirib:
"Mir Taha ağa gözü haqdan qaynayan bir bulaq idi. O bulaq bu gün də qurumayıb,  onun qoyduğu yol, verdiyi dərslər, söylədiyi dualar bu torpaqda hələ də yaşayır. Kim o bulaqdan bir qurtum içibsə, yolunu azmaz.
Hacı Seyid Mir Taha ağanın adı bu torpağın yaddaşında sadəcə bir xatirə kimi deyil, bir çıraq kimi qalacaq. Və hər kim bu işığa doğru yol alarsa, öz yolunu itirməyəcək. O, bu torpağın yaddaşında sadəcə bir xatirə yox, bir çıraq kimi yaşayır. Bu çıraq heç vaxt sönməyəcək. Çünki işığı bir insandan deyil, Haqqdan gəlir. Onun işığını izləyən hər kəs isə yolunu əsla itirməyəcək.

Ceyhun Alışlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az