Vətəninfo.az "Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının apasport.az saytına müsahibəsini təqdim edir:
- Topaz Premyer Liqasının V turunda "Neftçi” səfərində qazanılan 1 xalı uğurlu nəticə saymaq olarmı?
- Oyuna çox zəif başladıq. Fasilədən sonra toparlana bildik. Amma qırmızı vərəqə planlarımızı alt-üst etdi. Bu olmasaydı, Bakıdan qalib ayrıla da bilərdik. Ancaq yenə də səfərdə "Neftçi”dən 1 xal almağı uğur saymaq olar. Bu heyətlə, gənc futbolçularla heç-heçə də pis nəticə deyil.
- Düşünmürsünüz ki, penalti epizodunda rəqibə toxunmasaydınız, daha yaxşı olardı? Çünki top artıq meydançanı tərk etmişdi...
- Heç kim komandasını pis vəziyyətdə qoymaq istəməz. Həmin epizodda rəqib oyunçu ilə üzbəüz qalmışdım. Topa çata bilmədiyimdən, əlimi arxaya çəkdim. Amma bədənimlə təmas oldu. Hakim də bunu nəzərə alıb penalti təyin etdi. Məncə, doğru qərar idi. Ancaq topu qaytarmaqla komandama xeyir verə bildim.
- Araz Abdullayevin zərbəsini dəf edəcəyinizi hiss edirdiniz?
- Sadəcə, topa baxırdım. Araz gözlədi ki, hansısa istiqamətə tullanım. Amma mən axıra qədər gözlədim. Topa yaxınlaşan anda özüm üçün bir cinah seçib tullandım. Şükürlər olsun ki, düzgün istiqamət seçdim. Amma desəm ki, zərbəni dəf edəcəyimi öncədən hiss etmişdim, yalan olar.
- İkinci hissəyə çox yaxşı başlamışdınız. Necə düşünürsünüz, qırmızı vərəqə olmasaydı, qələbə qazana bilərdiniz?
- Düzdü, ikinci hissədə oyuna nəzarət edirdik, üstün tərəf biz idik. Biz artıq iki oyundan bir qırmızı vərəqə almağa öyrəşmişik. Hakimin qərarı haqda danışmaq istəmirəm. Bu haqda AFFA-da, PFL-də, klubumuzda olan səlahiyyətli şəxslər danışsalar, daha yaxşı olar. Mənim işim meydançaya çıxıb, öz oyunumu göstərməkdi. Qırmızı vərəqə zamanı hakim epizoda çox yaxın idi. Ədaləti bərpa edən şəxsdi. Yəqin ki, onun qərarı doğru olar.
- Son dəqiqələri axsayaraq keçirdiniz...
- Sağ ayağımdan əməliyyat olunmuşdum. "Qarabağ”la matçda ayağım şişmişdi. Müalicəm davam edirdi. "Neftçi” ilə görüşə də iynənin köməkliyi ilə çıxmışdım. Qapıdan zərbələri çox vurduğum üçün 70-ci dəqiqədən sonra ağrı başladı. Son dəqiqələrdə artıq ağrıya dözə bilmirdim. Buna görə həkimi çağırdım. Hələ də ayağımı arxaya tam qatlaya bilmirəm, ağrı verir.
- Yeni transferlər ən azı yanvara qədər komandaya kömək edə bilməyəcəklər. Bu amil çıxışınıza nə kimi təsir edə bilər?
- Ötən 6 ayda elə hazırkı heyətlə çıxış etmişik. Yayda Ağabala Ramazanov və Alfred Sanko komandadan ayrılmışdılar. Yayda yaxşı komanda qurmuşduq. Hamı "Qarabağ”la matça tam başqa "Xəzər Lənkəran”ın çıxacağını gözləyirdi. 3 oyunda 5 xal toplamışdıq, hədəflərimiz başqa idi. Bu qərar bizə çox pis təsir etdi. Çünki rəhbərlik kifayət qədər pul xərcləmişdi, yayda ciddi toplanış keçirilmişdi. Sonra da çıxıb dedilər ki, bu heyətlə oynaya bilməzsiniz. Amma digər tərəfdən bu, gənc futbolçular üçün bir şansdı. Yanvara qədər gənclərlə mübarizə aparacağıq. Ondan sonra "Xəzər Lənkəran” iddiasını davam etdirəcək, çempionluğa oynayacaq. İndiki məqamda əsas komandanın pis günündə yanında olmaqdı.
- Sizcə, yanvara qədər turnir cədvəlinin yuxarı pillələrində qala biləcəksiniz?
- Hər şey özümüzdən asılıdı. Nə qədər istəkli olsaq, "vuruşsaq”, daha çox xal toplayayıq. Baş məşqçi və rəhbərlik dəstək verə bilər. Amma meydançada onlar oynamırlar. Biz də bu müddətdə əlimizdən gələni edəcəyik ki, "Xəzər Lənkəran” yuxarı pillələrdə qərarlaşsın.