Demokratik cəmiyyətdə vətəndaş-polis və polis-media münasibətləri və qarşılıqlı əlaqələri

Demokratik cəmiyyətdə vətəndaş-polis və polis-media münasibətləri və qarşılıqlı əlaqələri

Yusif Alı Afşar

Fizika üzrə fəlsəfə doktoru

Məlumdur ki, istənilən cəmiyyətdə nəzarətsiz durum mövcud olarsa burada xarici təcavüzə, daxili hüquqpozulmalarına və milli qarşıdurmalara münbit şərait yaranar. Belə boşluqların qarşısının alınması üçün dövlət xarici müdaxilədən qorunmasına rəğmən hərbi birləşmələr yaratdığı kimi, ölkədaxili qanunlara riayət olunmasını təmin etmək üçün, milli təhlükəsizliyi həyata keçirmək üçün müvafiq hüquq-mühafizə orqanlarını yaradır. Yaranışından daim cəmiyyətlə birbaşa təmasda olan, ictimai asayişin keşiyində dayanan, dövlətin bazisi olan güc strukturu isə polis orqanıdır. Təqdim edilən yazıda da əsas məqsəd polis-cəmiyyət və polis-media əlaqələrinə az da olsa aydınlıq gətirməkdir.

Leksikonumuza daxil olmuş və artıq vətəndaşlıq hüququ almış “polis” adının yaranması xeyli uzaq zamanlara gedib çıxır. “Polis” kəlməsi etimoloji baxımdan latın mənşəli olub “politeia”, yəni “hökm etmə” anlamında başa düşülür. Azərbaycan Respublikasının Polis haqqında qanununda göstərilmişdir: “Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır... Polis əməkdaşı – polis orqanında müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur”.  

Azərbaycan Respublikası unitar dölət olaraq xalqı və milləti ilə Konstitusiyada əksini tapmış şəxsi toxunulmazlıq haqları üzərində qurulmuş bir dövlətdir. Şəxsi toxunulmazlıq şəxsiyyətin fərdi həyat fəaliyyəti sahəsinə kənardan hər hansı müdaxilənin yolverilməz olmasını şərtləndirməklə, özündə fiziki və psixoloji toxunulmazlığı birləşdirir. Həmin toxunulmazlığı həyata keçirmək isə dövlətin ali vəzifələrindən biridir. Buraya, həmçinin birmənalı olaraq söz azadlığı, sərbəst toplaşma azadlığı da daxil edilir.

Hebeas Korpus prosedurları şəklində təsbit edilmiş azadlıq və şəxsi toxunulmazlıq hüququ ilk dəfə XVII əsrdə İngiltərənin dövlət hüququnda əksini tapmışdır. Sonra 1789-cu ildə qəbul edilmiş Fransız İnsan və Vətəndaş Haqları Bəyannaməsində və 1791-ci il Amerikada Bill Bəyənnaməsində bəyan edilmişdir. Yaşadığımız dönəmdə hər bir vətəndaşın azadlıq və toxunulmazlıq hüququ 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin 3-cü bəndində, 1966-ci ildə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, o cümlədən müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 32-ci maddələrində öz əksini tapmışdır.

Deyilənlərdən də aydın olur ki, cəmiyyətdə hər bir vətəndaşın hüquq və azadlıqları Beynəlxalq qanunlarla, paktlarla və Konstitusiya ilə qorunur. Bu təminata isə ilk olaraq ictimai qaydanı həyata keçirən polis cavabdehdir. Ona görə də polis və vətəndaş arasında bir şəffaflıq, bir bağlılıq yaranmalı və qarşılıqlı inam daxilində dinamik inkişafda olmalıdır.

Gündəlik həyatımızda polislə demək olar ki, hər addımbaşı rastlaşırıq. Bəzən vətəndaşla polis arasında yaranan mübahisə zamanı polisin kobud davranışından və etikadankənar hərəkətlərindən məyus oluruq. Nəticədə polisin kobud rəftarı vətəndaşda haqlı narazılıq yaradır və sonda daha xoşagəlməz hallar yaranaraq mübahisələrin çevrəsi və istiqaməti dəyişir. Vətəndaş polis idarəsinə aparılır, bəzən orada incidilir, öz günahsızlığını sübuta yetirməkdə çətinlik çəkir. 

Bəs görəsən, polisin vətəndaşla kobud rəftarının səbəbi haradan qaynaqlanır? Bunun əsas səbəbi kimi xidmətə götürülən polis nəfərinin intellektual savadının aşağı olması, vəzifə borcunu dərindən bilməməsi və digər bu kimi əsaslı nüanslar göstərilə bilər. Belə ki, polis əməkdaşları onların fəaliyyətinin hüquqi əsaslarını tənzimləyən Polis Haqqında Qanunu və digər normativ aktları öyrənməli, cəmiyyətdə mövcud olan mental dəyərlərə hörmətlə yanaşmalı və özlüyündə müvafiq etik tələblərə ciddi əməl etməlidir. Həmin qanunların tələblərinə əsasən polis əməkdaşı istənilən şəraitdə vətəndaşlarla nəzakətli davranmalı, onlara “siz” deyə müraciət etməli, öz tələblərini və iradlarını başadüşülən formada bildirməli, onların şərəf və ləyaqətini təhqir etməməli və ya mübahisələrə getməməlidir. Əgər saxlanılan şəxs polisdən özünü təqdim etməsini, xidməti vəsiqəsinin göstərilməsini tələb edirsə, polis bunu təmin etməli və xidməti vəsiqədəki göstəricilərin vətəndaş tərəfindən götürülməsinə (qeyd edilməsinə) mane olmamalıdır. Çünki bu göstərilənlər qanunvericiliklə tənzimlənən qaydalardır. Polis hər cür durum və şəraitdə vəsifəsini yerinə yetirərkən xalqın öz polisinə olan güvənc duyğususunu daim qorumalıdır. Əgər həqiqətən də xalqda polisin insan haqlarının qoruyucusu olduğu, vəzifəsini yerinə yetirərkən insani duyğulara hörmətlə yanaşma inamı olarsa, ona hər an dəstək olarlar. Bu güvənliyi qazanmaq isə polisin öz imkanları daxilindədir. Yəni hüquq pozucuları ilə, hətta cinayət başında yaxalanmış şəxslə maksimum nəzakətli davranış polisin şərəfli bir titul qazanmasına zəmin yaradar. Məsələn, vətəndaşların sənədlərini diqqətlə yoxlayıb sənədlə ehtiyatlı, incə davranmalı və üzərində hər hansı qeydlər aparmamalıdırlar. Vətəndaşla bütün məsələlər yerindəcə (sənədlərdə saxtalaşma halları istisna olmaqla) həll olunaraq vətəndaş sərbəst buraxılmalıdır. Yanında uşaq olan hüquq pozucusuna iradlar elə halda çatdırılmalıdır ki, bunu uşaq sezməsin. Xüsusən azyaşlılarla polis əməkdaşları daha diqqətlə davranmalıdırlar. Onlara iradlar bildirilərkən yaş həddi və inkişaf dərəcəsi nəzərə alınmalıdır.

Bir sözlə Azərbaycan Respublikasının Polis haqqında qanununa əsasən ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi həyata keçirərkən polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət göstərməli, qanunçuluq və humanistlik prinsiplərini əsas tutmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını öncədən xəbərdar etməklə dinc, silahsız toplaşmaq, mitinqlər, küçə yürüşləri, piketlər düzəltmək hüququ vardır. Lakin belə tədbirlərin keçirilməsində hər hansı qanunazidd əməl mövcud olarsa, tədbirin keçirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmir. Belə hallarda çox vaxt razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd olunur. Bu cür aksiyaların qarşısı bir qayda olaraq polis tərəfindən alınır və toplanmış kütlə müəyyən vasitələr tətbiq etməklə dağıdılır. İcazəsiz aksiyaların dağıdılmasında polis maksimum dözümlülük nümayiş etdirərək, güc tətbiqinə ən son anda getməlidir. 

Kütləvi aksiyalar zamanı polis asayişi təmin etmək üçün xüsusi vasitələrdən istifadə edir. Dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr və s. vasitələr polisin istifadəsinə daxildir. Bu vasitələrdən polis mümkün qədər ehtiyatla istifadə etməlidir. Xüsusi vasitə olan dəyənəklərin zərbə silahı kimi xarici ölkələrdə bir çox növləri mövcuddur. Lakin bütün hallarda polis dəyənəklərdən ancaq təlimata uyğun olaraq istifadə edir. Məsələn, Amerika polisi üçün rezin dəyənəklərin tətbiq edilməsi odlu silahın tətbiqinə bərabər sayılır. Son zamanlar amerikan və fransız polisinin silahlanmasında müasir, qorxulu səs çıxaran dəyənəklərdən istifadə olunmağa başlanıb. 

Bəs görəsən cəmiyyətlə polis arasında bir körpü rolunu oynayan, dördüncü hakimiyyət adlandırılan media mənsubları ilə polis arasında ilişgilər hansı səviyyədədir? Məşhur ingilis siyasətçisi Çörçil demişdir: “Media ilə savaşan vəzifə sahibi, əslində xidmət göstərdiyi xalqla savaşır”. 

Media – dövlətin müəyyən ehtiyaclarına cavab verən və bu ehtiyacları qarşılayan, cəmiyyətdə keyfiyyətli və sağlam informasiyalarla ictimai fikir formalaşdıran ictimai nəzarət orqanıdır. İnkişaf etmiş ölkələrin çoxunda siyasi partiyaların uzun illər cəmiyyətdə formalaşdıra bilmədiyi ictimai fikiri aparıcı media orqanları 2-3 dəfəlik silsilə reportajlar prosesində formalaşdıra bilirlər. 

Azərbaycanda media mənsublarının informasiya əldə etmək və vəzifə borclarının yerinə yetirilməsi baxımından çətinliklərlə üzləşməsi günümüzün reallıqlarından doğan bəzi problemlərdən qaynaqlanır. Bu problemlərdən qurtulmaq üçün, ictimaiyyətə düzgün və qərəzsiz informasiyaların ötürülməsi üçün baş verən olaylarda, hadisələrdə polis, prokuror, təcili tibbi yardım əməkdaşları kimi, jurnalistlərin də peşə failiyyətini yerinə yetirməsinə şərait yaradılmalıdır. Bu şərait yaradılmayınca cəmiyyətdə provakasiya məqsədli dezinformasiyalar yayılaraq çaşqınlıqlar yaradılacaq. 

Cəmiyyətlə daim birbaşa əlaqədə olan polisin cəmiyyətə daha şaxəli inteqrasiyası baxımından media ilə əlaqələr qurması birmənalı olaraq vacib sayılmalıdır. Medianın informasiya əldə etmək yönündə hədsiz israr etməsi və polisin “səssizliyi”, sadəcə, bu iki qrupu bir-birindən ayırmağa xidmət etmişdir. Polis və media əlaqələrinin hər iki tərəf üçün yararlı olması polisin olay haqqında məlumatların düzgün və vaxtında media mənsublarına istiqamətləndirməsinə bağlıdır. Polis və medianın mümkün əlaqələrinə dərin yanaşmalarla baxıldıqda müəyyən olur ki, onların yerinə yetirdikləri ictimai xidmətdə hadisələrin əvvəlindən sonuna kimi paralel şəkildə birgə hərəkət etmələri dövlətin mənafeləri baxımından daha effektlidir. Belə ki, həm polisin, həm də medianın ictimai proseslərdəki rolu və funksiyası olduqca böyük və önəmlidir. Ona görə də bu önəmli vəzifələri yerinə yetirərkən, hadisələrin sosial sferasını öyrənib, obyektiv və tutarlı əsaslandırmalarla bir-birinə yardımçı olaraq, cəmiyyətdə yarana biləcək çaşqınlığı önləmiş olurlar.

Bütün nöqsan və çatışmamazlıqlara baxmayaraq, Azərbaycan polisi xalqın təhlükəsizliyi və ictimai asayişin təminatçısı kimi cəmiyyətin əzələ sümük sistemini təşkil edir. Daim cəmiyyətlə birbaşa təmasda olan və vətəndaşların hüquq bərabərliyinin təminatçısı, asayiş keşikçisi olan Azərbaycan polisinin vəzifəsi heç də düşündüyümüz kimi asan və təhlükəsiz deyildir. Qloballaşan dünyada terrorizmin, zərərli dini təriqətlərin və digər qatı cinayətlərin qarşısının alınması istiqamətində hər il onlarca asayiş keşikçisi yaralanır, bir çoxu isə həyatla vidalaşırlar. 

Son olaraq qeyd etmək istəyirəm ki, polis-vətəndaş, polis-cəmiyyət münasibətlərində polis-media əlaqələri “ət və dırnaq” kimi bir birinə bağlı olarsa dövlət və onun sosial bazası olan vətəndaş cəmiyyəti sağlam fundament üzərində inkişaf edəcək.

Yusif Alı Afşar

Fizika üzrə fəlsəfə doktoru



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az