Deputat mətbuat katibi ilə qovğasından danışdı
"Qabilyyətli və təmiz bir gənc
olduguna görə onu bu işə dəvət etdim. Ona dövlətçiliyimizlə,
Azərbaycanla baglı fikirlərimi də bildirmişdim”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri
Axar.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili
Fəzail Ağamalı partiyanın mətbuat katibi Ayşən Ayxanı vəzifəsindən azad
etməsi səbəbi ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq
gətirərkən deyib. Millət vəkili bildirib ki, yazılanlar dogrudur:
""Feysbuk" profilinə Almaniyanın
hansısa bir abidəsi və üstündə də bu ölkənin bayrağını qoymusdu. Bu
səbəblə də ona zəng vurub dedim ki, sənə Azərbaycanın bayrağı lazımdı,
yoxsa Almaniyanın? Soruşdu ki, nə mənada? Dedim, bütün mənalarda. Niyə
Almaniyanın bayrağını qoymusan? Bu sualıma belə cavab verdi: "Almaniya
mənim ölkəmdir”".
F.Ağamalı bildirib ki, bu cavabı aldıqdan
sonra siyasi fəaliyyətin artıq bu insanın təfəkkürünə uyğun gəlmədiyi
barədə qərar verib:
"Bu cavabdan sonra qərara gəldim
ki, siyasət artıq onluq deyil. Çünki belə bir şey normal qəbul edilə
bilməz və o, bu səbəblə də işdən azad olunub. Onun hüquqları da
pozulmayıb, maaşı da verilib. Bizim partiyanın söykəndiyi təməl
prinsipləri var və təbii ki, belə biri bizim partiyada işləyə bilməz.
Azərbaycanın bayrağını uca tutan və dövlətçiliyimizə xidmət göstərən hər
bir insan mənim üçün əzizdir. Hər zaman da yanımda belələrinin
çalışmasını istəyirəm. Bu bayrağı yüksəltmək üçün minlərlə səhid qanı
axıb, o şəhidlərin içində bir alman varmı? Almaniyanı öz ölkəsi bilirsə,
bu, artıq onun seçimidir. Mənim də seçimim odur ki, bu düsüncədə biri
Ana Vətən partiyasında işləyə bilməz. Əks təqdirdə onun işdə
saxlanılması söykəndiyimiz dəyər və prinsiplərə xəyanət olardı”.
Xatırladaq ki, bu gün AVP-nın mətbuat
katibi Ayşən Ayxan işdən azad olunub. O, işdən azad olunmasına səbəb
kimi "Facebook" profilində Almaniyanın bayrağını yerləşdirməsini
göstərib və təcili iş axtardığını deyib.