Dindirmə, qan ağlaram və ya GƏLİRƏM ANA...

Dindirmə, qan ağlaram və ya GƏLİRƏM  ANA...

Sizdən portret yazı hazırlamaq istəyirdim, Akif müəllim! Bir ay oncə, ad günündə - mayın 17-də. Fikirləşdim ki, gələn mayda yazaram. Yubiley yaşında, yəni 65 yaşınızda. Amma yubiley yazısı yaza bilmədim ki, Akif müəllim!

Ad gününüzü təbrik edərkən bir-iki cümlə ilə kifayətlənmişdim.

"Böyüklər haqqında çox danışılır, az yazılır...Siz hər yerdə BÖYÜK insansınız...Həm paytaxtda, həm auditoriyada, həm evdə, həm də kənddə...Hətta əgər Şındanada Rəz ağacının yanındakı bulaqda balaca Hikmətlə yox, hansısa nazirlə də yanaşı dayansaydınız, yenə də BÖYÜKsünüz! Məncə BOYÜKlər haqqında az yazılar, amma çox danışılar!", - yazmışdım...

Və bu gün - SİZ dəfn olunan gündən bir gün sonra bu cümləni də əlavə edirəm: "Saysız-hesabsız insan dolu qəbirstanlıqda kiçik məzarda belə BÖYÜK görünürdünüz, Akif müəllim!"

Əslində, özümü sizdən və sizin keçdiyiniz həyat yolundan yazmaq ranqında görməmişəm...Mənim üçün  həyatınız və böyüklüyünüz həmişə maraqlı olub. Çünki orta məktəb illərində belə müəllimlərimizin şagirdlərə göstərdiyi bir nümunə olub: Akif Məmmədov! Alim olmaq ünvanı! 

Həyat yolunuzdan, sevdiklərinizdən sevildiklərinizə, yurd yerinizdən, yaddaşınızdan çıxmayan xatirələrinizdən, uşaqlıq illərinizdən, uşaqlıq dostlarınızdan 65 yaşınıza iri həcmlı bir yazı hazırlamaq istəyirdim. Və bu yaşda o yaşa İMTAHAN vermək istəyirdim ki, Akif müəllim, mən də yaza bilərəmmi sizin kimi?.. Nə olsun baş redaktoram, nə olsun jurnalistika fakültəsini bitirmişəm...Axı mən Akif Məmmədov deyiləm ki, yazını oxucuya elə çatdıram, audutoriyanı elə ələ alam...Təkrarsız-filansız...

Akif müəllim, məni bağışla. Bağışla ki, mən gecikdim, amma sən də tələsdin!

Xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacı...

 Təəssüratların da, sözün də, baxışların da, fotoların da mənalı idi. Hətta Cocuq Mərcanlıda xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacının fotosunu çəkib paylaşarkən də bu FOTO sənin baxışlarınla millətə boylandı və bu dilsiz ağacın da baxışlarından bu sözlər oxunurdu: "Məni bu xarabalıqdan xilas edən ALİM budur: Akif Məmmədov!"

Nə idi səni bu qədər Vətənə, yurda, el-obaya bağlayan?.. Nə idi, insanların dərdini bir-bir dinləyib onu qələmə alan, heç kimin çəkə bilməcəyi yükü çiyinlərinə çəkən, bu dərdləri ürəyinə yükləyib cəmiyyətə çatdıran... Nə idi səni bu qədər kövrək edən? İnsan da bu qədər İNSAN olarmı, Akif müəllim! 

Cocuq Mərcanlıda bayram günü olmasına baxmayaraq, bu qədər adamın içindən niyə axı məhz o ANA diqqətini cəlb etdi?..

"Qıraq-bıcaqda adam çox idi. Fikirləşdim ki, yəqin, əsgər valideynləridir. Ancaq diqqətimi yaşlı bir qadın cəlb etdi. Kəndin Cəbrayıla tərəfki ən son nöqtəsində dayanıb üfüqdə görünən dağlara tərəf boylanır, tez-tez köksünü ötürür, yaşarmış gözlərini silirdi. Maraq üstün gəldi, ehtiyatla: "Bacım, - dedim, Siz də əsgər yanına gəlmisiniz?" Daldığı düşüncələrdən ayrıldı: "Yox, ay qardaş, oğlumun ətrini, iyini alıram. Tez-tez buradan keçib gedərdi kəndimizə - Mehdiliyə. Qorxusu yox idi. Bizimkilər tanıyırdılar, buraxırdılar. Hər dəfə qayıdanda üst-başını qoxulayar, ev-eşiyimizin, torpağımızın istiliyini, hərarətini alardım ondan. Bir dəfə də getdi, daha qayıtmadı"...Bu ANA hələ də erməni əsirliyində olan iki nəfərlə (Dilqəm Əsgərov, Şahbaz Quliyev) Kəlbəcərə qədər gedib çıxan və orada şəhid olan Həsən Həsənovun ANASI idi..."

Yalnız SƏN duya bilərdin o ananın baxışlarından ŞƏHİD anası olduğunu, sən bilə bilərdin o ANA təkcə şəhid Həsən Həsənovun anası yox, bütün və bütov Azərbaycanın ANASIDIR. 

Cəbrayıldan KƏLBƏCƏRƏ GEDƏN YOL: Şəhid Həsən Həsənovun həyat yolundan yazdığın yazı bir yana qalsın, şəhidimizin uşaqlıq fotosunu oxuculara təqdim edəndə, bəlkə o şəkilin qarşısında baxışılarım iki saat donub qaldı. Haradan tapıb bu məsum baxışları kəşf etdin, Akif müəllim...

Akif müəllim, ömrün kimi bir rubrikan da yarımçıq qaldı - Miq.az saytında açdığımız "DÖYÜŞDƏN KƏNARDA ÖLƏN ŞƏHİDLƏRİMİZ” rubrikası... Nə qədər talesiz insanın həyatını qələmə aldın...Nə qədər insanın iztirabını çəkdin... Bakının Sabunçu qəsəbəsinə yurddan kənarda əsrin dörddə birinə dözən və bu yaxınlarda rəhmətə gedən Eldar kişinin taleyindən, hər xışıltıdan, hər külək vıyıltısından, gecələr ötən bayquşun səsində erməninin gəldiyini zənn edib dəfələrlə ölüb-dirilən, bütün bunlara əsəbləri dözməyib dəli olan və hətta Bakıda belə qapı döyüləndə dəhşətlə qışqıraraq: "Açmayın, ermənidir", - deyib fəryad qoparan və nəhayət, dünyasını dəyişən o tələbə qızın həyatını qələmə almaq da güc istəyirdi...

Bunlaramı dözmədin ürəyin? Bəlkə, dayın Səlim müəllimin ölümünə tablaşa bilmədin? Yoxsa Tahir həkimin ölümü səni sarsıtdı. Doktor Pişanovun haqqında yazanda axı ağlaya-ağlaya bir bayatı da yazmışdın.

Dağlar dağımdır mənim,
Qəm oylağımdır mənim .
Dindirmə, qan ağlaram,
Yaman çağımdır mənim...

Bu bayatıdan sonra yazmışdın ki, daha heç nə deyə bilmirəm... Qəhər məni boğur...

Hər dəfə özümə sual verirdim ki, niyə Akif müəllim bu qədər nisgilli yazır. Hətta 1993-cü ildə əzizimiz Lətif Ağayev Qarabağda şəhid olanda ona yazdığın məqaləni oxyanda hamı ağlamışdı..Mən də ağladım..."Gəlirəm Ana..." Lətifin dilindən ata-anasına yazdığın yazını deyirəm... 

Bu həyatda nişanəsi qalmayan bir şəhid əsgərin cənazəsinin kəndə gəlməsini təsvir edən belə bir yazı oxumadım, sənin yazından başqa...

Hə, Akif müəllim... Emi bulağından, Soyuq bulaqdan çox danışardın... Hər dəfə kəndə gələndə su içərdin bu bulaqlardan, yuxarıya – yaylaqlara qalxardın... 
İndi nə deyək bu bulaqlara, nə deyək bu yaylaqlara: Sizi sevən ÖLDÜMÜ? Bu bulaqları, bu yaylaqları bu qədər sevən, hətta profil şəklinə kəndinin şəklini qoyan bir insan, yurdunu bu qədər sevən, torpağına bu qədər bağlı olan İNSAN, nə tez köçdü bu dünyadan deyə bizdən soruşmazmı bu yaylaqlar?

Titullarından yazmaq istəyirdim yubiley yaşında. Axı sənin çox titulun var idi...Alim, dosent, ən yaxşı müəllim, gözəl publisist...Hamısından ayrı-ayrılıqda yazacaqdım. Amma ən geniş dayanacağım yarımbaşlıq bilirsən nə olacaqdı? Sənin ən gözəl xüsusiyyətin - İNSANlIĞIN...Amma yaza bilmədim ki...Mənim yazıya gecikməyimdən, sənin ölümə təslim olmağından küsməzsən ki? Bilirəm sən küsməzsən... Amma ən çox sevdiyin Qorçu bulağı da, Eyvaz bulağı, Havzava ocağı da küsəcək. Səndən yox e, məndən küsəcək!  Hətta ən çox sevdiyin Şındanadakı Rəz ağacının altındakı batmış bulaq da bildi ölümünü. O da bizdən küsəcək. Bəs o sevdiyin bulaqlar, ormanlar, yaylaqlar, əzəmətli dağlarımız soruşsa ki, hanı Akif, biz nə deyək? Axı sevdiklərinə, o dağlara necə deyim ki, sizdən ilham alan ZİYALI oğlunuz öldü...Yox, hamı bildi, Akif müəllim!! Amma heç kim inanmadı ölümünə. Doğrudanmı, daha bu həyatda yoxsan, Akif müəllim?! 

ZƏRURİ QEYD: Hə, Akif müəllim, yaza bilmədim ki, səndən. Sənin təbirincə desəm: "Dindirmə, qan ağlaram, Yaman çağımdır mənim". Lap yadımdan çıxmışdı, Akif müəllim. Son nəfəsdə Bacıxanım nənənı xatırlayıb: "Gəlirəm, ANA...", - dedinmi?

XÜSUSİ QEYD: Çox kövrək insan idi Akif müəllim. Həmişə Akif müəllimin niyə bu qədər duyğusal insan olduğu haqda bu günə qədər çox düşünmüşəm. Düzdür, çox sonralar bu sualın cavabını tapmışam. Amma Akif müəllimin bir yazısını sizə təqdim edirəm: Oxuyun, az da olsa bu insanın iç dünyasından siz də xəbərdar olun. Beləliklə, Akif Məmmədovun nə vaxtsa yazdığı bu yazını siz də oxuyun:

Aqil Alışov
Miq.Az saytının baş redaktoru

******

"Uşaqlığım ağır keçib. Söz yox ki, indi o vaxtları adam həsrətlə xatırlayır. Ona görə ki əlçatmazdırlar. Çünki onda atalı-analı vaxtlarım idim, çünki onda hələ həyatın sərt üzünü, insanların dönüklüyünü, dünyanın etibarsızlığını görməmişdik. Kasıb ailədə böyümüşəm. Atam təkbaşına doqquz baş ailəni saxlamaq üçün çox əzaba, əziyyətə qatlaşırdı. 9-10 yaşım olanda kasıblığımıza göy öskürək deyilən bir xəstəlik, bir bəla da əlavə olundu. Bizim ailədən üç uşağı apardı – iki qardaşımı, bir bacımı. İndi də yanımda biri öskürəndə sıxılıram, ağır hislər keçirirəm. Qardaşlarım balaca idi, bir və ya iki yaşları olardı, ya olmazdı. Bacım isə 5-6 yaşlarında idi. Od parçası idi, o qədər dilli, o qədər şən idi ki. Bizdə belə uşaqlar haqqında deyirlər ki, bu afətdir, yaşamaz... Elə yaşamadı da. Yadımdadır ki, nənəm o xəstəliyin adını çəkməyə qorxardı, "o zəhrimar” deyərdi. Bəli, "o zəhrimar”dan tutdu. Mən onda ikinci, ya da üçüncü sinifdə oxuyurdum. Ağlım çox şey kəsirdi. Bütün dəhşəti ilə başa düşdüm ki, bacım yaşamayacaq. Mən digər bacı-qardaşlarımdan fərqli olaraq, onu daha çox istəyirdim, ona çox bağlanmışdım, səbəbini indi də bilmirəm.

...Məktəbdən gələndə ağlaşma səsi eşitdim. Qaçdım. İndiki kimi yadımdadır: uşağı otağın ortasında üzü qibləyə uzatmışdılar, üstünü qara kələğayı ilə örtmüşdülər. Arvadlar ətrafında oturub başlarına, dizlərinə döyə-döyə ağlaşırdılar.Elə bil bir anlıq ağlımı itirdim. İçəri təpildim. Bunu heç kəs gözləmədiyindən mane olmadılar və istəkli bacımın cansız cəsədinə qədər gedə bildim. Qucaqlayıb çağırdım, qışqırdım. Bəlkə də, o vaxt ölümü tam dəhşəti ilə başa düşmürdüm. Ancaq bütün ağrısı ilə dərk edirdim ki, bu, nə isə çox dəhşətdir, dözülməzdir. Məni güc-bəla ilə meyitdən ayırıb çölə atdılar. Əllərindən buraxılan kimi sürünə-sürünə içəri can atırdım, çünki ayaq üstə dayanmağa artıq taqətim qalmamışdı, həm də belədə adamların diqqətindən ani də olsa, yayına, bacıma bir az yaxınlaşa bilirdim. Bu hal bir neçə dəfə təkrar olundu. Axırda halsız və yarıhuşsuz halda düşüb qaldım. Artıq baş verənlər elə bil məndən uzaqlaşdı, hislərim kütləşdi və hər şeyi laqeydcəsinə seyr etməyə başladım.

Bir həftə sonra məktəbə getdim. İbtidai sinifdə oxuyurdum. Hansı sinfin oxu kitabında olduğunu və müəllifini unutmuşam. Bir uzun şeir var idi. Müəllimimiz uşaqlara hissə-hissə oxutmağa başladı. Növbə mənə çatdı. Bir-iki bənd oxumuşdum ki, elə bil məni ildırım vurdu, ürəyim parçalandı: növbəti sətirdə mənim bir həftə bundan əvvəl itirdiyim bacımın – Dilşadımın adı yazılmışdı. Mən bu adı dilimə gətirsə idim, ürəyim dayanardı, dilim quruyardı. İndi o ada baxa belə bilmirdim, üzümü kitabdan bir kənara çevirdim. Müəllim gəlib başımın üstündə dayandı. "Oxu!” – dedi, oxumadım. Başıma bir-iki qapaz dəydi. Ağlamağa başladım. Müəllim tərslik elədiyimi fikirləşdi və bir-iki sillə də vurdu. Zəngin bayıra səslənməsi canımı qurtardı, ancaq mən tənəffüsdə də ovunmadım. Artıq yaralarım yenidən qanamışdı, ürəyim yenidən parçalanmışdı. Bir tərəfdən hislərimin belə kobud şəkildə tapdanması, digər tərəfdən bütün varlığımı yenidən sarsıdan dərd-ələm məni boğurdu. Ətrafıma yığışan uşaqlara da heç nə deyə bilmirdim. 

Zəng vuruldu və müəllim gəldi. Yenə məni qaldırıb qaldığımız yerdən oxumağımı tələb elədi. Yenə ağlamaq məni boğdu və oxumadım. Oxuya bilmədim, izah da eləyə bilmədim, çünki izah eləmək üçün mən o adı çəkməli idim, müəllimə göstərməli idim. Əslində heç müəllim niyə oxumadığımın, niyə belə yana-yana ağlamağımın səbəbini soruşmadı da, dörd dərsin dördündə də məni döydü. Mənimsə gücüm ağlamağa çatdı...

Əziz müəllimlər! Müəllimin despotluğu ucbatından mən onda, bəlkə də, həyatın ən ağır zərbələrini aldım və o zərbələrin yeri indi də ağrıyır. Zərbənin biri Allahın qisməti idi, qəzavü qədər idi. Amma ikinci – mənə, bəlkə də, daha ağır təsir edən zərbə olmaya da bilərdi. Əziz müəllimlər! Sizə demək istəyirəm ki, uşaqlarınızı – istər şagird, istər bakalavr, istər magistr olsun – tanıyın yaxından tanıyın. Liseydə direktor müavini işləyəndə bir şagirdin atası rəhmətə getdi. Uşaq şagird yoldaşlarının bunu bilməsini istəmədi. O qırılmasın deyə, iki il həm lisey uşaqlarından, həm də müəllimlərdən hadisəni gizlətdim. Bu yaxınlarda çoxdan bizdə magistraturanı qurtarmış, amma indi də mənimlə tez-tez əlaqə saxlayan (telefonla, internetlə) qızlardan biri profilinə atası ilə çəkdirdiyi fotosunu qoymuşdu. Mən də ürəyimdən gələn bir komment yazdım: "Qızım, nə nurlu atan var. Maşaallah, Allah saxlasın!” Qız inboxuma yazdı ki, müəllim, atam iki ildir, rəhmətə gedib. Çox utandım, çox xəcalət çəkdim. Mən əslində bunu bilməli idim. 
Həmişə çalışmışam ki, tələbələrimi tanıyım, Məndə, adətən, böyük uşaqlar (magistrantlar) olur. Elə səmimi ab-hava yaratmağa çalışıram ki, məndən heç nəyi gizlətməsinlər."














İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az