Firudin Cəlilov :"Bütövlük məsələlərində dövlət həm müxalifətin, həm də iqtidarındır. Burda dövlət adından manipulyasiya etmək olmaz".
Baş nazirin sabiq müavini, keçmiş Təhsil Naziri, Azərbaycanın görkəmli türkoloq alimi Firudin Cəlilov “PİA.az”ın sualların cavablandırıb. “Vətəninfo.az” olaraq müsahibənin maraqlı olduğun diqqətə alaraq təqdim edirik.
- Firudin bəy, siz AXC hakimiyyəti dönəmində Baş nazirin müavini və nazir işləmiş adamsınız, xalq hərəkatında yaxından iştirak edən bir ziyalı kimi bu hansısa siyasi partiyaya yaxınlığınız və yaxud da siyasi mənsubiyyətiniz varmı?
- Heç bir siyasi partiyada yoxam. Heç sovet dövründə də çox saylı təkliflərə baxmayaraq Kommunist partiyasına da üzv olmamışam. Yalnız 1996-97-ci illərdə AMİP-in üzvü olmuşam və 2 ildən sonra istefa vermişəm. AMİP-dən ayrılmağım heç bir şəxsi və yaxud siyasi narazılıqla əlaqədar olmayıb. Sadəcə elmi işlərim çox idi. Buna görə də partiyasız, müstəqil olaraq həm siyasətimi apardım, həm də kitablarımı hazırladım.
- Axı deyəsən, AXC-nin də üzvü olmusunuz? İcra Aparatında fəaliyyət göstərmisiniz?
- AXC müstəqil Azərbaycanın ilk siyası təşkilatı idi. Təəssüf ki, onun da üzvü olmamışam. Amma AXC-də olan dostlarla hər zaman təmaslarım olub. Çünki AXC-dən qabaq Milli Azadlıq Hərəkatının fəalları olmuşuq və AXC hakimiyyəti dövründə də mən komandada təmsil olunmuşam. Amma Azərbaycanda yaranan ilk qeyri-leqal siyasi təşkilatların birincisini demək olar ki, biz yaratmışıq. Rəhmətlik Elçibəy, mən, İsmayıl Tarık Beyman vardı Güneydən, Pişəvərinin əsgərlərindən idi - üçümüz bizim evdə oturub həmin qeyri-leqal «Varlıq» təşkilatını yaratmışdıq. Bakıda da ilk mitinqləri “Varlıq” təşkilatı keçirirdi. Sonra “Çənlibel”, “Xətai”, “Ana dili” və başqa ictimai təşkilatlar yarandı. “Çənlibel” leqal olduğu üçün biz fəaliyyətimizi dayandırıb ağırlığı ora yüklədik. Artıq mitinqləri də “Çənlibel” təşkil etdi. O illərdə aktiv siyasətdə olmuşam. Xalq hərəkatının öndə gedənlərindən biri olmuşam, bütün proseslərdə iştirak etmişəm. “Xalq Hərəkatı” hakimiyyətə gələndə də o hərəkatda təmsil olunmuşam. İşlədiyim 1 illik dövr də xalqın gözü qarşısında olub. İmkanım daxilində islahatları, əsasən də təhsillə bağlı islahatları ı, həyata keçirməyə çalışmışam və bu da xalqın gözü qarşısında olub. Təhsildə ilk islahatı da biz keçirmişik. Biz bir ilin içində təhsildən rüşvəti tamam qaldırdıq. Bunu bacarmaq heç də asa niş deyildi.
- Qarşıdan prezident seçkiləri gəlir, aktif siyasətə qayıtmaq niyyətiniz varmı?
- Əslində mən heç vaxt siyasətdən kənarda olmamışam. Məşğul olduğum işlərin hamısı, ya birbaşa, ya da dolayısıyla siyasətlə bağlıdır. Yəni gənclərimizə, millətimizə milli kimliyimizi anlatmağın özü də siyasətdir. Son 10-15 ildə də ən çox Güneylə bağlı məsələlərlə məşğul olmuşam, hesab edirəm ki, bu da siyasətdir. Amma aktiv siyasətə qayıtmaq, partiya yaratmaq kimi planım yoxdur. Düzdür, təkliflkər olunur, mən gənclərlə tez-tez görüşürəm, həm müxalifət, həm iqtidaryönlülərlə. Onların aktif olmaları məni bir az ruhlandırır. Həmin söhbətlərdə gənclik illərimdə keçirdiyim milli fəalliğım yadıma düşür. Buna görə də ümidliyəm. İnanıram ki, Azərbaycanda böyük dəyişikliklər olacaq. Çünki bu gün müxalifətdə olan qüvvələr bir az reytinqini itirsə də, amma bunun arxasıyca güclü gənclik gəlir.
- Siyasətin bir görünən tərəfi, bir də alt yapısı var. Ziyalı təbəqə hər zaman alt yapıda olur. Məsələn, «Ziyalılar forumu» yarandı. Bu ziyalıların, üzdə olan şəxslərin partiyalara təsiri nə dərəcədədir? «Ziyalılar forumu» olaraq sizin partiyaların birləşməsi və ya müəyyən koalisiyalar yaratmasında nə qədər rolunuz var?
- “Ziyalılar Formu»nda ölkənin tanınmış ziyalıları təmsil olunur. Onların əksəriyyəti ilə mənim yaxın münasibətlərim var, onların arasında ölkənin çox tanınmış, hörmətli ziyalıları var. «Ziyalılar forumu»nun nəinki, Azərbaycanda, Qafqazda, MDB-də tanınanları, hətta bütün dünyada da tanınan üzvləri var. Hərəsi öz sahəsinin tanınmış uzmanıdır. Əgər bunlar bir araya gəlirsə, deməli buna səbəb var. Bu səbəblər kifayət qədərdir. Ölkəmiz müstəqildir, amma demokratikləşmə prosesi çox ləng gedir, korrupsiya azalmaq əvəzinə artır. Sosial-iqtisadi, insan haqqları sahəsində çox böyük qüsurlar var, ziyalılar da bunlagrı görüb, birləşiblər. Bir çox tədbirlərinə məni də dəvət edirlər, iştirak edirəm. Amma «Ziyalılar forumu»nun təşkilatçılarından olmadığım üçün onların adından danışa bilmərəm. Məndə olan informasiyaya görə, bu yaxınlarda İctimai Palata ilə «Ziyalılar Forumu» arasında danışıqlar olacaq. Bildiyimə görə, artıq hər 2 tərəfdən nümayəndələr də ayrılıb. O danışıqların da nəticələrini yəqin mətbuatdan oxuyarıq.
- Sizcə, Azərbaycan müxalifətinin zəifliyi nədədir? Hadisələrin önünə keçib onu yönləndirə bilmir, hər zaman hiss edirsən ki, hadisələrin arxasınca gedir. “Ərəb baharı” eyforiyası oldu və s. Müxalifət özünü isbatlaya bilmir. Bunun səbəbini nəylə izah edirsiniz?
- Mən o proseslərin içində olmadığım üçün əsas səbəbləri deyə bilmərəm, yalnız müşahidələrimi deyə bilərəm. Mənim müxalifətə münasibətim çox aydındır. Bizdə 2 müxalifət var, biri son 20 ildə meydandan çıxmayan klassik müxalifət, o biri isə hökumətə yaxın “müxalifət”. Hakimiyyətə yaxın olan müxalifət haqqında danışmaq istəmirəm. Burda məsələ aydındır. Klassik müxalifətə gəlincə isə məncə, müxalifətin əsas problemlərindən biri gəncləşmək problemidir. Bu günkü müxalifətin şüarları 20 il əvvəlki şüuarlardan demək olar ki, heç fərqlənmir. Müxalifət problemlərə 20 ilin o tayından baxır. Amma bu da faktdır ki, Azərbaycan artıq müstəqildir. Ona görə də müxalifət daha çox sosial problemlərin üzərində ağırlaşmalıdır. Mən anlamıram, indiki zamanda «Azadlıq» şüuarının nə əhəmiyyəti var. Biz bir ölkə və xalq olaraq müsqəilik. Söhbət vətəndaş azadlığından gedirsə, bu açıq şəkilə gətirilmədidir. Yoxsa elə təəssurat aranır ki, müxalifət 20 il əvvəldə «Azadlıq» qışqırırdı, indidə. Vətəndaş azadlığının konsepsiyası olmalıdır. Davamlı olaraq Qeyri Hökümət Təşkilatları, siyasi partiyalar vətəndaş azadlığı uğrunda mübarizə aparmalıdır. Ölkədə vətəndaş cəmiyyətiinin yaradılması siyasi partialar üçün prioritet məsələ olmalıdır. Lakin bu hiss olunmur. Hiss olunmur ki, tutaq ki, İctimai Palata vətəndaş azadlığı uğrunda davamlı mübarizə aparır. Müxalifət öz siyasətini daha çox fraqmentlər üzərində qurur. Yəni sistemli və ardıcıl mübarizə effekti yarada bilmir. Bəzən eyforiyaya qapılır, bəzən isə susqunluq nümayiş etdirir. Yəni müxalifətin yürütdyüyü xəttdə ardıcıllıq hiss olunmur. Ona görə də müxalifət zəif görünür.
Digər tərəfdən hakimiyyət müxalifəti daim basqı altında saxlayır. Daha anlamaq istəmirlər ki, güclü dövlət olmaq üçün, inkişaf etmiş ölkəyə çevrilmək üçün güclü müxalifətə ehtiyacları var. Bu da rejimin mahiyyətindən irəli gəlir. Ona görə də müxalifət hakimiyyəti devirməkdən daha çox rejimin mahiyyətini dəyişmək imkanları haqqında düşünməlidir. Bunun üçün sistemli mübarizə aparmalıdır. İnqilab etmək və yaxud da inqilaba can atmaq heç də o demək deyil ki, sabah rejimin mahiyyəti dəyişəcək, demokratik cəmiyyət qurmaq mümükün olacaq. Bir çox hallarda bunun əksi baş verir.
- Siz müstəqil Azərbaycanın ilk Təhsil naziri olmusunuz. Təhsilin indiki vəiyyətini necə qiymətləndirirsiniz?
- Bu ölkədə ayrılıqda hansısa qurumu dəyişdirmək, onu korrupsiyadan azad etmək mümkün deyil. Çünki hər şey rejimin mahiyyətindən doğur. Tutaq ki, təhsilədəki, səhiyyədəki vəziyyət həmişə ciddi tənqid olunur. Amma ortada heç bir nəticə yoxdur. Ola da bilməz.
Hər şey rejimin xarakterinə uyğun olaraq inkişaf edir. Tutaq ki, təhsildə günahı konkret olaraq Misir Mərdanovun boynuna yıxmaq düz olmaz. Düzdür, onun günahı çoxdur, çünki cavabdehdir. Amma rejim onu çıxılmaz vəziyyətdə saxlayır. Yadınızdadırsa, mən Baş nazirin müavini olduğum zaman, hələ nazir olmamışdan əvvəl, təhsilin kurasiyası məndə olub. O vaxt mən test imtahanı təklif etdim ki, rüşvət yığışdırılsın. Bunları xalq gördü, yeni təhsil qanunu hazırladıq ki, təhsilin səviyyəsini artıraq. Çox təəssüf ki, 10 il bu qanunu işlətmədilər. Dəfələrlə gündəmə gətirildi, amma təhsil qanunu hazırlamadılar. Həmin qanun layihəsində yazılmışdı ki, rektorlar seçki yolu ilə seçilsin, amma görürsünüz ki, hələ də bu, yoxdur. İndi son qanuna da rejimin xarakterinə uyğun əlavə etdilər - yenə inzibati yolla, təhsilin idarə olunmasına qərar verdilər ki, rüşvət və korrupsiya yerində qalsın. Yəni bütün sistemi düzəltməmiş təhsili düzəltmək mümkün deyil...
Bu günkü iqtidar təhsilə arxasını çevirib. Elə bilir ki, məktəb binası tikməklə hər şey düzələcək. Axı binanı tikib onun içərisindəki hadisələrdən xəbərsiz olacaqsansa, onda təhsilin keyfiyyəti necə olmalıdır ki?! Əsas məsələ budur.
Test imtahanını mən gətirmişəm. Onda məqsədim bu idi ki, qəbulda rüşvət yığışsın, sonra testi ümumiyyətlə ləğv edək. Qəbul imtahansız olsun. Dünyada bunun kifayət qədər örnəyi var. Baxın, bizim təhsildə başladığımız bu islahat da, başqa islahatlar kimi yarımçıq qaldı. Ona görə də təhsilimiz bu günə düşüb...
- Firudin bəy, bir qədər əvvəl YAP müxalifəti Avropa birliyinin Ramil Səfərovla bağlı qətnaməsinə birgə cavab hazırlamaq üçün çağırdı. Bəzi insanımız buna çox pis baxdı, dedi ki, müxalifət ora getməli deyildi. İsa bəy dedi ki, biz doğru addım atmışıq. Sizin şəxsi fikriniz nədir, müxalifətlə iqtidarın dialoqu necə olmalıdır?
- Bu məsələyə dialoq kimi baxsaq, mən müsbət dəyərləndirirəm. Elə məsələlər var ki, orada ayrılıq olmamalıdır. Bütövlük məsələlərində dövlət həm müxalifətin, həm də iqtidarındır. Burda dövlət adından manipulyasiya etmək olmaz. Bu məslələrin başında Qabağ məsləsi dayanır. Ona görə də müxalifətin addımına haqq qazandırıram. Amma Ramil məsələsinin özünə mənim fərqli münasibətim var. Bu işi müxtəlif yollarla həll etmək olardı. Ortada taktiki yanlışlıqlar oldu və əlbəttə ki, bizi istəməyən qüvvələr bundan istifadə edəcəkdilər, elədilər də. Ümumilikdə Avropa parlamentinə sərt cavab verilməsinin tərəfdarıyam. O sənəddə iqtidar və müxalifətin bircə imzasının olması mühüm əhəmiyyət daşıyır. Əslində, Ramil məsələsi epizoddur. Sabah Qarabağ uğrunda müharibəyə başlasaq, belə təpkilər çox gələcək. Bunun qabağında millət olaraq dayanmalıyıq, iqtidar, müxalifət olaraq bölünməməliyik.