Gözəl səsi, həzin ifası ilə ürəklərə nüfuz edən muğam ustası Mənsum İbrahimov müsahibimizdir.
-Muğam sizin üçün nəyi ifadə edir?
-Muğam mənim həyatımın bir parçasıdır, muğamsız həyatımı təsəvvür etmirəm. Axı, bütün həyatım muğamın içində yoğrulub. Ağlım kəsəndən dinləmişəm, demək olar ki, mən muğamın içərisində böyümüşəm.
-Mənsum müəllim ifaçı olmasaydı hansı ixtisası seçərdi?
-Mənim kimi insanlar harda olmaqlarından asılı olmayaraq özünü tapacaqdılar. Çünki yaradıcı adamlar olduqları hər yerdə seçilməyi bacarırlar. Mənim xanəndəliklə yanaşı, həkimliyə də çox böyük marağım vardı. Yəqin ki, yaxşı cərrah olardım.
-Sizi ilk dəfə kim kəşf elədi?
-Buna ehtiyac yox idi ki. Mən qarabağlıyam və hamı bilir ki, Qarabağın daşını dilləndirsən onun da səsi çıxar. Bizim kənddə hər kəs oxuyur. Bəzən kütləvi şəkildə, ağsaqqalı, qocası, cavanı, ziyalısı, fəhləsi-fərqi yoxdur, hər kəsin səsi var və burda seçilmək arıq hünər istəyir. Mən sadəcə zamanı gələndə hiss elədim ki, artıq mənim səsimi seçirlər. Bir də baxdım ki, mən artıq bu sənətdəyəm. Uşaq vaxtı toylarımızda oxuyan böyük xanəndələrdən eşitdiklərimizi qoyun-quzu otaranda oxuya-oxuya püxtələşdik.
-Özünüzün zövq alaraq dinlədiyiniz ifaçılar...
-Mən ovqatımdan asılı olaraq istənilən yaxşı tərzə qulaq asıb zövq ala bilirəm. Fərqi yoxdur hansı tərz musiqidir. Əgər keyfiyyətlidirsə, zövqümü oxşayırsa, mən onu dinləyirəm. Ən çox da korifeylərimizi dinlədikcə hər dəfə yeni nəsə kəşf edirəm. Məsələn: Əbülfət Əliyevdən zövq alıram. İstənilən ifasını dinləyəndə elə bilirəm o mənim ürəyimi oxuyur. Mütəllim əmi, Zülfü əmi, Xan əmi də ki, sənətimizin xanıdır. Dünyasını dəyişmiş bu sənətkarların lentlərini dinlədikcə mən muğama yenidən bağlanıram. İlahi, nə böyük sənətkarlar olublar, nələr yaradıblar.
-Neçə dəfə canlandırmısız Məcnunu?
-Yüz on yeddi dəfə. İyirmi ildir oynayıram. Muğam oxuyan adam oxuduğunun içində yanır, yana-yana da bu yanmağından zövq alır. Mən də eləcə. Götürək Leyli-Məcnunu. Hər dəfə tamaşadan çıxanda beynim də, cismim də yorğun olur. Eyni zamanda Leyli-Məcnunun psixoloji bir çəkisi də var. Tamaşa boyu sözün əsl mənasında Məcnuna dönürəm. Səhər oyananda dizimdə, qolumda əziklərin, sıyrıqların olduğunu görürəm. Onları tamaşa zamanı hiss eləməmişəm. Tamaşaçının tamaşadan ağlayıb getməsi, növbəti dəfə, bəlkə də onuncu dəfə eyni həvəslə gəlməsi mənə zövq verir.
-Muğama dövlət qayğısı haqda nə deyə bilərsiz?
-Mən sizə deyim, muğamımız heç vaxt bu günkü qədər inkişaf dövründə olmayıb. Muğamımıza heç vaxt bugünkü qədər gənc nəsil ifaçı gəlməyib. İndi axınla gəlirlər. İndiyəcən üç muğam müsabiqəsi keçirilib və hər dəfə də iyirmi ifaçıı sənətimizə gəlib. Müsabiqədən kənardan da muğama gələnlər var və artıq yüzə yaxın ifaçı sənətə gəlib. Baxın, bizim sabahımız bunlardır ki, bu da məhz Heydər Əliyev Fondunun diqqətidir. Mehriban xanım son on ildə bəlkə də yüz ilin işini görüb. Əslində bunu hər bir kəs eləməlidir. O demək deyil ki, hamı maddiyyat ayırsın, xeyr, hər kəs əlindən gələni etməlidir. Dırnaqarası jurnalist gedib nəyinsə müqabilində bir bayağı musiqini təbliğ edəndə, kanallarımızda əcayib musiqilər mütəmadiyən səsləndiriləndə onda işlər düz gəlmir.
Vətəni sevən, özünü azərbaycanlı hesab edən hər bir kəs öz milləti, mədəniyyəti yolunda işlər görməli, dünyada tanıtmalıdır.
Nigar İsfəndiyarqızı