Vahid Əhmədov: “Rusiya istəyir ki, müəyyən təzyiqlər vasitəsi ilə burada özünə yaxın və sərf edən şəxsi hakimiyyətə gətirsin”
Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibə:
- Mən iqtisadiyyatla peşəkar məşğul olan şəxsəm. Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvüyəm. 2008-ci ilin sentyabrında dünyada böhran baş verdi. Böhran Amerikadan gəlsə də, 2011-ci ildə özünü Avropada büruzə verdi. Böhran indi də davam edir. İrlandiya, İspaniya, Portuqaliya kimi dövlətlərdə büdcəyə bərabər borc yaranıb. Hələ borcu 150 faizə çatan dövlətlər də var. Ancaq diqqətlə izləsəniz görərsiniz ki, bu mərhələdə Azərbaycanda ciddi problem yaranmadı. Nə ciddi nöqsanlar yarandı, nə də manatın məzənnəsi aşağı düşdü. Manatın məzənnəsinin qorunub saxlanması çox ciddi məsələdir. Bəzi ekspertlər bunu yaddan çıxarırlar. Amma nəzərə alın ki, ölkədə gedən iqtisadi böhranın əsas obyektindən biri milli valyutanın qiymətdən düşməsidir. Əgər milli valyutanın məzənnəsini saxlamaq mümkün olursa, deməli, orada böhran nisbətən yumşaq keçir. Əlbəttə, mən demirəm ki, Azərbaycanda hər şey yüksək səviyyədədir. Amma proseslər göstərir ki, Azərbaycan bu böhrandan digər dövlətlərlə müqayisədə yumşaq keçdi. Onu da deyim ki, bu böhran bütün dövlətlərə, o cümlədən, Azərbaycana da təsir edib. Azərbaycan prezidenti İlham Əliyev də göstəriş verdi ki, xaricdə saxlanılan valyuta ehtiyatımızdan üç milyard dollar ölkəyə gətirilsin, banklara verilsin və bank faizləri aşağı salınsın. Amma sonradan bu pulu ölkəyə gətirmədilər. Mən bilmirəm, niyə gətirmədilər, amma gətirmək lazım idi. Çünki bank faizləri bu saat 25-30-a qalxıb. Onu aşağı salmaq lazımdır ki, insanlar əziyyət çəkməsin. Ümumilikdə iqtisadi siyasətdə müəyyən üstünlükləri qeyd eləmək lazımdır.
- İddialar var ki, iqtisadi böhran əsasən daxildə ciddi istehsalı olan ölkələrə təsir göstərir. Azərbaycana böhranın təsir etməməsi isə bizdə daxili istehsalın olmaması ilə bağlıdır. Bu nə dərəcədə doğrudur?
- Mən bu məsələyə toxunacağam. Niyə bu böhranın Azərbaycana ciddi təsiri olmadı? Azərbaycan neft ölkəsidir. Dövlət büdcəmizin təxminən 70 faizi neft və qazdan daxil olan gəlirlər hesabına formalaşır. Bu sərvətlər boru vasitəsilə xaricə ötürülür, satılır və s. Yəni, bunun qarşısı alınmır və proses gedir. Əlbəttə, mən də düşünürəm ki, qeyri-neft sektorunda istehsalat zəifdir. Son iki ildə bu sahədə istehsal təxminən 11 faiz artıb. Amma yenə də müəyyən problemlər var. Yəni, bu sahədən dövlət büdcəsinə daxil olan gəlirlər aşağıdır. Bununla belə neft və qaz hasilatı artdığı üçün Azərbaycan böhran zamanı problem yaşamadı. Həm də Azərbaycanın o zaman 26 milyarddan çox valyuta ehtiyatı var idi. Manatın məzənnəsini saxlamaq üçün hər il maliyyə bazarına 1,5-2 milyard manat buraxılır. Əgər bu pullar olmasaydı, manatın məzənnəsini saxlamaq da mümkün olmazdı. Ona görə də mən bu məsələnin üzərində dayandım. Yəni, insanlar əziyyət çəkmədi. Daha az təminatlı əhali yuxudan durub görmədi ki, çörək 1 manatadır. Azərbaycan iqtisadiyyatında ən ciddi problem onun neftdən asılılığıdır.
- Bəs siz Milli Məclisin İqtisadiyyat Komitəsində bunu əvvəlcədən proqnozlaşdırmırsınız?
- Biz hesab edirik ki, 2013-2014-cü illərdə 1 barel neftin qiyməti 90-100 dollar arasında olacaq. Amma məsələ ondadır ki, iqtisadiyyatımız neftdən və qazdan asılıdır. Əslində bu bütün neft-qaz ixrac edən ölkələrə xas əlamətdir. Amma 2012-ci ildə neftin hasilatı 5 faiz aşağı düşdü. Mən ehtimal edirəm ki, 2013-cü ildə də hasilat aşağı düşə bilər. Odur ki, Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı ciddi məsələdir. Sənaye, kənd təsərrüfatı, turizm və insan kapitalı amilindən biz ciddi istifadə etməliyik. Dövlət büdcəsinin 60-70 faizi bu sahələr hesabına dolmalıdır.
- Deputat Qüdrət Həsənquliyev də hesab edir ki, xaricdə olan valyuta ehtiyatlarımızın bir hissəsi ölkəyə gətirilərək banklara verilməlidir. Sonda bankın kredit faizləri aşağı düşəcək ki, bundan da hər kəs yararlana biləcək. Siz də bu məsələni ilk qaldıran şəxslərdən birisiniz. Niyə bu məsələ ləngiyir?
- Mən Milli Məclisin iclasında bir sıra məsələlər, xüsusilə bank sektoruna toxundum. Bu gün Azərbaycanda 46 bank var. Azərbaycan dövləti üçün 46 bank çoxdur. Bu banklar bəzən müəyyən qüvvələrə xidmət edirlər, istədikləri faizləri qoyurlar, istənilən əməliyyatları aparırlar. Bunun Azərbaycan vətəndaşına heç bir xeyri yoxdur. Bankın özünün Azərbaycan vətəndaşına və sahibkarına kredit verməsi üçün yaxşı dövriyyə vəsaiti olmalıdır. Əgər o kiçik bankdırsa və əmanət hesabına kredit verəcəksə, şübhəsiz ki, uzun müddətli yaşaya bilməz. Bankların nizamnamə kapitalını artırmaq lazımdır ki, onlar birləşsin. Nəticədə ölkəmizdə 15-20 bank yaransın. Onlar da insanlara kredit verəndə fikirləşsinlər, bu krediti 25 faizlə deyil, 10 faizlə versinlər ki, insanlar da onu geri qaytara bilsin. Bu da ölkəmizin iqtisadiyyatı üçün ciddi məsələdir. Bank sistemində müəyyən problemlər var. Bankların sayı çox olduğundan neqativ hallar da baş verir. Fikir verdinizsə, bəzi banklarda neqativ hallar oldu, hətta iki bank bağlandı. Amma nizamnamə kapitalı yuxarı olanda bankın dövriyyə vəsaiti böyük olur və bank normal işləyir. Bu zaman verdiyi kreditlərin də faizlərini azaldır. İkincisi, bank sistemində ən problemli məsələ əmanətlərin sığortalanmasıdır. Vətəndaş əmanətini banka qoyur ki, 5 ildən sonra uşağını evləndirsin və ya mənzil alsın. İndi bizdə SSRİ-dən qalma əmanətlərin qaytarılması cənab prezidentin göstərişi ilə həyata keçirildi. Amma biz 2006-cı ildə qanun qəbul etdik. Bu qanuna görə, 30 minə qədər olan əmanətlər qorunur. Yəni Sığorta Fondu yaranır və müqavilə əsasında əmanətlər sığortalanır. 30 mindən yuxarı əmanətlər isə sığortalanmır. Amma 2006-cı il üçün 30 min böyük pul idi, indi isə bu məbləğ azdır və məsələyə bir də baxmaq olar. Bank sisteminin genişlənməsi və güclənməsi çox vacibdir.
- Vacib məsələlərdən biri də iri şəhərlərin özlərini maliyyə ilə təmin etməsi ilə bağlıdır. Nədən bizim iri şəhərlərimiz özlərini maliyyə ilə təmin etmirlər və dövlət büdcəsinə köklənirlər?
- Biz bu məsələni 2005-ci ildən qaldırmışıq. Niyə biz rayonlara və şəhərlərə dotasiya ayırırıq? Bu da ciddi məsələdir. Rayonlarımıza milyonlarla dotasiya veririk ki, get iqtisadiyyatı inkişaf etdir, müəssisələr, sexlər qur, kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdir. Amma sonra dövlət büdcəsindən 600-650 milyon manata yaxın vəsaiti dotasiya kimi rayonlara veririk. Milli Məclisdə bunu ciddi şəkildə qoymuşuq, hətta komitənin iclasında mübahisəmiz də oldu. Son zamanlar bu istiqamətdə müəyyən irəliləyişlər var. Məsələn, 2012-ci ildə Abşeron rayonu dövlət büdcəsindən 1 manat da dotasiya almadı və özü-özünü maliyyələşdirdi. Mən də təklif etdim ki, bu rayonun təcrübəsini bütün rayonlar öyrənsinlər. 2013-cü ildə isə Şirvan və Sumqayıt şəhərləri dövlət büdcəsindən dotasiya almayacaq. Onlar öz fəaliyyətləri və daxili resursları hesabına maliyyələşəcəklər. Mən də təklif etdim ki, vergi sisteminə baxıb rayonlarda olan vergi rüsumlarının müəyyən hissəsini elə orada saxlamaq lazımdır. Çünki biz vergini mərkəzə toplayıb yenidən rayonlara göndəririk. Hazırda bu proses gedir və genişlənir.
- Sizcə, ölkəmizin bütün rayon və şəhərləri daxili resursları hesabına özünü maliyyələşdirə bilərmi?
- Maliyyələşdirməlidir! Bir şərtlə ki, vergi sistemində islahat olmalı və vergi rüsumlarının müəyyən hissəsi rayonların özündə saxlanılmalıdır. Daha rayonların gözü dövlət büdcəsində olmamalıdır. Açığını deyim, dövlət büdcəsindən rayonlara ayrılan vəsaitin xərclənməsinə nəzarət çətindir. Düzdür, Samir Şərifov Maliyyə Nazirliyinə gələndən sonra müsbət addımlar atılıb, struktur islahatları aparılıb. Amma bütün hallarda nəzarət etmək çətindir. Biz özümüz belə dövlət büdcəsinin müzakirəsi zamanı birinci nəzarət mexanizminin olmaması məsələsini qaldırırıq. Hətta deyirik, nəzarət haqqında qanun layihəsi qəbul edilməlidir ki, büdcəyə nəzarət formasını şəffaflaşdıraq.
- Siz Milli Məclisdə Gürcüstandakı soydaşlarımızın məsələsini qaldırdınız. Bu problem yenə də qalır. Çıxış yolunu nədə görürsünüz, hansı addımlar atılmalıdır?
- Məni bir tədbirə dəvət etmişdilər, orada Gürcüstandan gələn ziyalılar, İvanaşvilinin partiyasından deputat seçilən soydaşımız da iştirak edirdi. Oradakı problemlərdən biri viza ilə bağlıdır. Bu məsələyə hazırda baxılır və əminəm ki, dövlət problemi yoluna qoyacaq. Mən hesab edirəm ki, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana gəlib-getməsi ilə bağlı viza sistemini sadələşdirmək lazımdır. Onlar bura rahat gəlib-getməlidirlər. İkinci problem gömrük və sərhədlə bağlıdır. Mən bunu da Milli Məclisdə qaldırdım və xahiş etdim ki, problemi yoluna qoysunlar. Üçüncüsü, İvanaşvili hakimiyyətə gələndən sonra Tbilisidə Azərbaycanla bağlı başqa sözlər danışırdı, amma Bakıya gəlib-gedəndən sonra dedi ki, biz strateji müttəfiqik. Ümumiyyətlə, Gürcüstan dövləti başa düşmür ki, onun taleyi Azərbaycandan asılıdır. Mən xatırlayıram, 1993-cü ildə baş nazirin I müavini idim. Heydər Əliyev məni yanına dəvət edib dedi ki, Gürcüstana getmək lazımdır, onların bizə borcu var. Dedim ki, borcları çoxdur. Rəhmətlik Heydər Əliyev dedi ki, get Gürcüstanda vəziyyətə bax, gör necədir. Getdim, Şevardnadze və başqa şəxslərlə görüşdüm. Bakıya qayıtdıqdan sonra da onlara kömək etdik. Bu gün də Gürcüstanı dolandıran Azərbaycandır. Bizim bütün strateji layihələrimizdə bu ölkə iştirak edir. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstana yeganə kömək edən ölkə də Azərbaycan olub. Dövlət başçısı riskə gedərək Gürcüstana hər cür kömək etdi. Amma bunu onlar da başa düşməlidir. Biz çalışmalıyıq ki, Gürcüstanda olan azərbaycanlı əhali çoxalsın, nəinki köçüb bura gəlsin. Bu gün də orada azərbaycanlılarla bağlı problemlər var və onlar həll edilməlidir. Bizim də ora ilə əlaqələrimiz var və daima ünsiyyətdəyik. Bu, Gürcüstan dövlətinin problemidir və bizim dövlət də bu məsələyə bir qədər dərin yanaşmalıdır.
- Azərbaycan-Rusiya münasibətlərində hansı problemlər var?
- Azərbaycan Rusiya, İran və digər qonşu dövlətlərlə münasibətlərinin yüksək səviyyədə olmasına çalışmalıdır. Sizə bir misal deyim. 1992-ci ildə bizdə taxılla bağlı ağır vəziyyət hökm sürürdü. Türkiyədən gətirdiyimiz taxılın müəyyən hissəsini Naxçıvana verirdik, müəyyən hissəsini isə Poti limanında gürcülər götürürdü. Ciddi problemlər var idi. O zaman rəhmətlik Əbülfəz Elçibəy məni yanına dəvət edib söylədi ki, taxıl qıtlığı var və buna görə Rusiya ilə danışıqlara getmək lazımdır. Elçibəy mənə dedi ki, Moskvaya gedib danışıqlar aparım. Mən Moskvaya gedib baş nazir Çernomırdinlə, vitse-prezidentlə görüşdüm, prezident Yeltsinin birinci köməkçisi ilə müzakirələr apardım. Açığını deyim ki, heç taxıl almağa pulumuz da yox idi. Moskvadan 7 milyard kredit aldıq, sonra Azərbaycana taxıl alıb gətirdik və beləcə böhrandan çıxdıq. Mən Əbülfəz bəyə dedim ki, Yeltsinə zəng vurub təşəkkür eləyin, bizə köməklik etdi, vəziyyətdən çıxdıq və s. Amma onu məcbur edə bilmədim ki, Yeltsinə zəng vursun. Dedi, vurmayacağam. O vaxt Rusiya, İran və Türkmənistanla vəziyyət həmişə gərgin olurdu. İndi də Rusiya ilə münasibətlərin səviyyəsi bir sıra məsələlərlə bağlıdır. Bildiyiniz kimi, Elçibəyin vaxtında rus ordusu ölkədən çıxarıldı və yeganə Qəbələ RLS qaldı. Elçibəyin adı çəkiləndə hər kəs onu rus ordusunu Azərbaycandan çıxaran şəxs kimi qiymətləndirir. İkinci belə bir addımı İlham Əliyev atdı. Yəni Qəbələ RLS-nin bağlanmasına elə-belə baxmaq olmaz. Bu ciddi və dərin siyasi məsələdir. Bu da münasibətlərə təsir elədi. Nəhayət, 2013-cü il prezident seçkiləri ilidir. Hamı istəyir ki, Azərbaycanda öz adamını oturtsun. Rusiya da istəyir ki, müəyyən təzyiqlər vasitəsi ilə burada özünə yaxın və sərf edən şəxsi hakimiyyətə gətirsin. Amma indi Azərbaycan 1990-cı ilin Azərbaycanı deyil. Azərbaycan başqa bir Azərbaycandır. Onun ordusu, silahlı qüvvələri var və istənilən təzyiqin qarşısını almaq olar. Biz də çalışmalıyıq ki, qonşularımızı çox imtahana çəkməyək. Yumşaq siyasi davranışla məsələləri yoluna qoyaq. (gündəlik teleqraf)