Telemarafonlar sayəsində Ermənistan və Dağlıq Qarabağa ianələr yığılır
Beynəlxalq maliyyə resurslarından aldığı borcların sayəsində Ermənistanın dövlət borcu 7.3 milyard dolları ötmüşdür. Kütləvi şəkildə xaricə miqrasiya axınlarının sayəsində ölkə əhalisinin sayı 1 milyon 700 min nəfər qalmışdır. Kredilər və ianələrin sayəsində bölgədə proseslərin haraya qədər davam edəcəyi əslində Ermənistanın bəlirsiz taleyi deməkdir. Bütün bunlar azmış kimi hər il noyabr ayında Avropa, ABŞ və Kanada üzrə ümumerməni telemarafonu keçirməklə dünyaya yayılmış 8 milyonluq diaspordan pul dilnəməyə də üz tutulur. Ötən 15 il müddətində erməni diasporu və fondları tərəfindən olunan maliyyə yardımlarının da miqdarı azalmağa başlamışdır. 2008-ci il prezident seçkilərindən sonra, erməni diasporu iki düşərgəyə ayrılmışdır. Zəngin erməni fondları yardımlarını durdurmaqla indiki rejimin əleyhində olduqlarını dolayı yolla təsdiq etmişlər.
Ermənilərin bəlirsiz gələcək taleyi
2003-cü ildə İraqda diktator Səddam Hüseyn rejimi devrilən zaman buradakı 100 min nəfərlik erməni əhalisi ölkədəki vətəndaş savaşından yaxa qurtarmaq üçün miqrasiya etməyə məcbur oldu. Onlardan cəmi 200 ailə Ermənistana köçdü. Digərləri İspaniya, Uruqvay, Boliviya, Argentina, ABŞ, Kanada, Panama, Çili, Rusiya, Avstraliya və digər ölkələrə üz tutdular. 2008-ci ildən bu yana Misir, Tunis, Əlcəzair, Liviya, Yəmən və digər Orta Doğu ölkələrində baş vermiş inqilablar zamanı həmin dövlətlərdəki azsaylı erməni diasporu iraqlı ermənilərin izilə miqrasiya etdilər. Suriyada ilyarımdır ki, davam edən vətəndaş savaşı nəticəsində burada yaşayan 190 minlik erməni əhalisi də miqrasiyaya üz tutmuşlar. Onların 500 nəfəri Ermənistana, digərləri isə başqa ölkələrə köçmüşlər. Hal-hazırda İranın blokadaya alınması ucbatından burada yaşayan 200 minlik erməni əhalisi də “çemodan”larını yığmağa hazırlamışlar. Orta Şərqdə ermənilər üçün son qala hesab olunan Livanda da gündəmə gələn proseslər xoşagələn deyildir. Orta Asiya ölkələrindən və Gürcüstandan miqrasiya edən ermənilərin böyük əksəriyyəti isə Rusiya və Şərqi Ukraynada məskunlaşmaqla yetinməyi məqbul sayırlar. Bununla da tədricən Şərqi Avropa ölkələrində yeni erməni diasporu yaranmaqdadır. Çox maraqlı hal odur ki, Orta Doğu, Orta Asiya və Qafqazdan miqrasiya edən ermənilərin çoxu Türkiyəyə üz tutmağı daha çox məqbul sayırlar. Ermənistandan xaricə gedənlərin say nisbətində indki məqamda Türkiyə ilk sırada yer tutur.
Ötən gün İrəvanda həftə “Regional Tədqiqatlar Mərkəzi”nin sədri Riçard Kirakosyan mətbuat konfransı keçirərək bunları etiraf etmişdir: “Korrupsiya və legitim olmayan iqtidarın sayəsində Ermənistandan əhalinin miqrasiya axınları 2013-cü il prezident seçkilərindən sonra daha da artacaq. Yaranmış boşluğu isə Türkiyə dolduracaq. Türkiyə kapitalının gücü indiki məqamda bütün Qafqazda ən üstün mövqelərə çıxmışdır. 2008-ci il prezident seçkilərindən sonra dünya erməni diasporu da iki cəbhəyə bölünmüşdür. Elə bu fakta görə, indi zəngin erməni fondları Ermənistana, nə də Dağlıq Qarabağa yardım etmirlər. “Linsi”, “Tüfəngçiyan”, “Gülbəkyan” və digər varlı fondlar İrəvandakı bürolarını belə qapatmışlar. Bütün bunların əsas səbəbini isə demokratiyanın yoxluğu, vətəndaş cəmiyyətinin olmaması, regional və beynəlxalq proseslərin düzgün qiymətləndirilməməsi və bizim bütün qonşu xalqlarla münasibətlərimizdə hələ də davam edən problemlərin həll edilməməsində axtarmaq lazımdır”.
Donorlar və dotasiya ölkəsi
Parlamentdə “Erməni Ümumerməni Milli Konqresi”ni təmsil edən eks baş nazir Hrant Bəhramyan bildirmişdir ki, hal-hazırda Ermənistanın xarici borcları 7.3 milyard dolları ötmüşdür. Bu rəqəm ölkənin daxili resurslarının ümumi dəyərinin 70 faizi deməkdir. Beləliklə 2013-cü ildə iflasa uğramış ölkələr siyahısında Yunanıstandan sonra ikinci yerdə Ermənistan duracaqdır. Artıq Göyçə gölü, Ağrı dağı belə bu borcların qarşılığında turizm mərkəzi adı altında satışa çıxarılmaqdadır. İqtidar isə daha da artmaqda olan borcların miqdarı və qarış-qarış satışa çıxardığı ölkənin resursları barəsində bütün bunları gizlətməkdədir.
Ermənistan Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı, Dünya Bankı, Avropa Birliyi, Rusiya, Almaniya, Fransa, Yaponiya, Çin, Kanda, İsveç, İsveçrə, İtaliya, Ukrayna, Qazaxıstan, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Qətər, Küveyt, Hindistan və digər dövlətlərdən borclar almaqda hələ də davam edir. Bütün bunlarla yanaşı ölkə banklarının xarici borcları da artmaqdadır. Ermənistan Dövlət Statistika Xidmətinin açıqlamasına görə 2012-ci ilin 3-cü rübündə yerli bank sektorunun borcları 1.041 milyard dollara çatmışdır. Bu ölkənin banklarının borclu olduğu ölkələr sırasında dünyanın ən cırtdan ölkə olan Lüksemburq ilk sırada gedir. Bank sektorunun 44.8 faizi yüksək risqə malik faizlə həmin borcları almışlar. 30 sentyabr tarixinə kimi Ermənistanda 32 kredit təşkilatı və onların 90 filialı qeydiyyata alınmışdır. Bütün bu maliyyə şəbəkəsi tamamilə borclar içindədir. Hakimiyyət alınan xarici borcların sayəsində milli valyutanın stabilliyinin qorunmasına çalışır. 409.47 erməni dramının 1 dollar kursunda saxlanılması şərtilə istənilən risqlərə getməkdədir. Yerli mütəxəssislərin fikrincə əslində milli valyuta dramın real məzənnəsi 850-900 dram arasında olmalıdır. Xaricdən kreditlər və borclar almaqla milli valyutanın məzənnəsinin stabilliyini süni şəkildə qorumaqla iqtidar əslində gözlənilən siyasi inqilabi şəraitin qarşısını almaqla məşğuldur.
Ermənistan tərəfi dünya birliyi qarşıısnda aldığı kredit borclarını ödəmək gücündə olmadığını yaxşı dərk etdiyi üçün “kasıb ölkələrin borclarının silinməsi” taktikasından bu dəfə də istifadə etmək üçün hərəkətə keçmişdir. ABŞ Ermənistanın 436.1 milyon dollarlıq borcunu silmişdir. Yaponiya isə 622.7 milyon dollar, Fransa 24.9 milyon dollar xarici borcları qapatmışdır. Parisdə 2008-ci ildə keçirilən “kasıb ölkələrin xarici borcları” problemləri məsələsində Ermənistanın bəxti gətirmişdi. Çünki, həmin ərəfədə ölkənin üst-üstə qalanmış 823 milyonluq dollar xarici borcları silinərək əfv olunmuşdu. Ancaq, bütün bunlardan dərs götürməyən Ermənistan yenidən dövlət borclarına girmişdir. Artıq dünyanın elə bir maliyyə mərkəzi yoxdur ki, bu ölkənin onlara borcu qalmasın. Bütün bunlarla yanaşı, Ermənistan hər il beynəlxalq xristian təşkilatlarından və fondlarından ianə şəklində yardımlar da alır. Dağlıq Qarabağ və müharibə məsələsini qabardaraq “məzlum xristian” bölgəsi cildinə girsə də ötənlərdən fərqli olaraq ianə və yardımların miqdarı ilbəil azalmaqdadır. Bunun əsas səbəbi isə Gürcüstanda demokratik mühtin dərinləşməsidir. Beynəlxalq xristian təşkilatları qeyd edirlər ki, qonşu Azərbaycan, Türkiyə və İranın müsəlman ölkəsi olmasını anlaqlı qarşılasaq da, bəs nədən qonşunuz xristian gürcülərdən örnək götürmürsünüz, deyərək iradlarını bildirirlər. Digər yandan isə miqrasiya problemlərinə toxunaraq, ermənilərin “müqəddəs xristian torpaqları”nı tərk etdiklərini başa düşmədiklərini də bildirirlər. Bir yandan donorların və digər yandan isə xarici borcların sayəsində öz mövcudluğunu saxlamaqla prosesləri bu həddə çatdıran Ermənistanı 2013-cü ildə daha ağır sınaqlar gözləyir. Çünki, onlara olunan güzəşt limitinin imkanları artıq tamamlanmaq üzrədir.
“Panarmenian marafonları”na maraqlar nədən azalmışdır?
1992-ci ildə Ermənistanın indiki sabiq prezident Levon Ter-Petrosyan “Ümumerməni Fondu”nu yaratmaqla Ermənistan və Dağlıq Qarabağa dünya ermənilərinin yardımlar etməsini milli strateji hədəfə çevirmək istəmişdi. Bu proses 1998-ci ilin noyabrına kimi davam etsə də, həmin il baş vermiş dövlət çevrilişi nəticəsində Robert Köçəryanın rəhbərliyi altında hərbi xunta hakimiyyətə gəldi. Bölücü Dağlıq Qarabağın müdafiə nazirləri olmuş Köçəryan və Serj Sarqsyan 1998-ci ildən növbə ilə Ermənsitanı idarə etmişlər. Elə buna görə ölkənin daxili və xarici siyasət kursu həbri xuntanın marağının əsas prioriteti hesab olunur. 2008-ci il 19 fevral tarixində hərbi xunta prezident seçkisini öz mənfəəti əsasında yönəltdiyi üçün, beynəlxalq birlik tərəfindən Ermənistana olan maraqlar da azlamağa başladı. Bununla da erməni diasporu da ikiyə bölündü. Ənənəvi erməni siyasi partiyalarından olan Hnçak, Daşnaksütyun və Ramkavar Azatakanın da beynəlxalq səviyyədə erməni milliyyətçiliyi üzərində köklənmiş təbliğatlarının faydasız və nəticəsiz qalmasına səbəb oldu. Eçmiədzin Kilsəsi, Kilikiya Patriarxlığı və Erməni Katolik Kilsəsi, eləcə də Rusiya, Ukrayna, Fransa, Livan, İran, ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrədki erməni kilsələri yeparxiyalarının da belə təsir dairəsi azalmışdır. Çünki, 1998-ci ildəki xuntanın etdiyi dövlət çevrilişindən sonra, miqrasiya axınlarının artması və Ermənistandan, Dağlıq Qarabağdan köçmüş ermənilərin bir sıra həqiqətləri etiraf etmələri “pararmenian humanitar yardımları” hərəkatına çox böyük mənada sarsıdıcı zərbələr vurdu. “Panarmenian marafonu”na AGBU, ARF kimi nüfuzlu erməni fondları, eləcə də ABŞ-ın 22 ştatında yaradılmış filiallar, Kanadanın Toronto və Monreal şəhərlərində, Fransa, İngiltərə, Almaniya, Avstriya, Hollandiya, İcveç, İsveçrə, Avstraliya, Braziliya, Livan, Argentina, Yunanıstan, Kipr (rum kəsimi), Suriya, Uruqvay, Rumıniya, Rusiya və digər ölkələrdə ianə yardımları 2009-cu ildən başlayaraq hər il azalmaqda davam etməkdədir. 2008-ci ildə marafonlar zamanı 35 milyon dollar ianələr toplanmışdısa, 2009-cu ildə bu rəqəm 13.5 milyon dollar olmuşdur. 2010-cu ildə isə marafonlardan əldə olunan vəsait 11.8 milyon dollar təşkil etmişdir. Avropa erməniləri tərəfindən bu il keçirilən telemarafon təbliğatının nəticəsində 1.4 milyon dollar ianə əldə olunmuşdur. Armenia TV, Şant TV, Erkir-Media tərəfindən aparılan genişmiqyaslı təbliğat “panarmenian marafonu” təşkilatçılarını məyus etmişdir. Xaricdə yaşayan sadə ermənilərin məntiqinə görə indi Ermənistanı oliqarxlar idarə edirlər. Əslində ölkənin bütün problemlərini də onlar həll etməlidirlər. Nədən Ermənistan və Dağlıq Qarabağ uğrunda bizlər alın tərimizlə qazandıqlarımızı ianə şəklində oraya verməliyik. Robert Köçəryan acından ölənin biri idi. İndi ən zəngin ermənilər sırasında adı çəkilir. Serj Sarqsyan da malik olduğu sərvətilə son vaxtlar qürrələnməyə başlayıb. Çünki, növbəti prezident seçkilərində artıq hərbi xuntanın bunca xarizmatik lideri yoxdur ki, hakimiyyət növbəsi bu dəfə ona çatsın. Erməni strateji tədqiqatçılarının fikrincə: “Bölgədə mülki cəmiyyət qurulmayınca hər hansı bir uğur da olmayacaq, ölkədən miqrasiya dalğası daha da artacaqdır. Bizləri ən çox qorxudan əsas faktor müdafiə nazirinin bu dəfə də prezident seçilməsidir. Demokratik təsisatların indiki məqamda susdurulması, onlara qarşı sərt repressiv tədbirlərin güclənməsi şübhələrimizi doğrultmaqdadır.”
Ənvər BÖRÜSOY