“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun “vətəninfo”ya müsahibəsi
- Elxan bəy, bu günlərdə Ermənistandan Azərbaycana bir qrup erməni millət vəkilinin səfəri gözlənilir. Sizcə, “xalq diplomatiyası” və ya belə görüşlərin münaqişənin həlli üçün hansısa müsbət təsiri varmı?
- Erməni deputatların, ümumiyyətlə ermənilərin Bakıya gəlişinin əleyhinə deyiləm. Gəlsinlər, görsünlər, Bakı ilə İrəvan arasındakı fərqi anlasınlar. Onu da anlasınlar ki, separatçılıqları onlara necə baha başa gəlib, nələri itiriblər. Əlbəttə, bu o demək deyil ki, ermənilərlə görüş və ya onların Bakıya gəlişləri Dağlıq Qarabağ münaqişəsinin həllinə köklü surətdə təsir edə bilər. Buna baxmayaraq, dialoq lazımdır və bu davam etməlidir. Biz dialoqdan qaçmamalılıyıq. Çünki biz haqlı tərəfik və bu haqlı mövqeyimizi Bakı və ya İrəvan olsun, ermənilərin özlərinə izah etməliyik. Əgər biz bu kimi görüşlərdən yayınsaq, beynəlxalq aləmdə yanlış təsəvvür yarana bilər ki, biz nədənsə ehtiyat edirik.
- Bu günlərdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke açıqlamasında belə bir fikir bildirib ki, münaqişə ilə bağlı tərəflər arasında böyük fikir ayrılığı var. O, açıqlamanı verərkən nəyi nəzərdə tutur?
- Bunu bilmək üçün Robert Bradtkenin açıqlamasını gözləməyə ehtiyac yoxdur. Azərbaycan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasını və qaçqınların yurdlarına qayıtmasını tələb edir. Erməni separatçıları isə ilkin mərhələdə bölgənin statusunu müəyyənləşdirəcək referendumun sənədə salınmasını istəyir. Tərəflər arasındakı bu ciddi fərq illərdir ortadan qaldıırlmayıb. Bu məsələ həll olunmayana qədər də münaqişənin həllində irəriləyiş gözləmək əbəsdir.
- Rusiyada yenidən prezidentlik vəzifəsində Vladimir Putin gəlidi. Necə düşünürsünüz, onun hakimiyyətə gəlməsi, Dağlıq Qarabağ məsələsinin həllinə hansısa təsiri olacaqmı?
- Vladimir Putinin prezidentliyinin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyini düşünmürəm. Tam əksinə. Rusiyanın hələ ki, hazırki prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanla görüşərkən, Putin Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryanla Moskvada bağlı qapılar arxasında fikir mübadiləsi aparırdı. Köçəryanın Ermənistanda heç bir dövlət vəzifəsi olmadığı halda Putinin niyə onunla belə tez-tez görüşməsi ciddi şübhələr doğurur. Digər elə bir fiqur tanımıram ki, Putin son illərdə Köçəryanla görüşdüyu qədər onunla görüşsün. Fikrimcə, bu görüşlər Putin-Köçəryan cütlüyünün Medveyev-Sərkisyan cütlüyünə bir növ xəbərdarlığı idi. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün razılaşmanın qarşısını almaq idi. Putin-Köçəryan cütlüyü hədəflərinə çatdılar, Medvedyevin 3 illik vasitəçiliyi nəticə gətirmədi, saziş imzalanmadı. Rəsmi Bakının Medvedyevə müəyyən qədər inam var idi ki, o xoş niyyətini ortaya qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin sürətləndirəcək. Olmadı. Azərbaycanın arxasınca Köçəryanla fikir mübadiləsi aparan Putindən isə müsbət heç nə gözləməyə dəyməz. Əgər onun Qarabağ münaqişəsinin həlli ilə bağlı xoş niyyəti olsaydı, bunu prezident olduğu 8 ildə əyani göstərərdi. Putin özü üçün siyahı tərtib edib və həmin siyahıda konkret müttəfiq, dost və qonşu dövlətlərin adı salınıb. Putinə görə Ermənistan müttəfiq – foprost ölkədirsə, Azərbaycan sadəcə qonşu ölkədir. Putin forpostu qoyub, qonşunun istəyini yerinə yetirməz. Buna görə də biz də planlarımızı buna uyğun tərtib etməliyik. Qarşımızdakı başlıca hədəf Dağlıq Qarabağ danışıqlarını Moskvanın inhisarından çıxarmaqdır. Bəlkə də buna indidən, Putinin andiçmə mərasimini gözləmədən başlamalıyıq.
Söhbətləşdi: Elnur Eltürk