İraqın Azərbaycandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Bakıda səfərdə olan keçmiş türkman millət vəkili, Türkman Ədəbiyyatı və Yazarlar Birliyinin başqanı Əsət Ərbil, həmçinin Türkman Reform Radiosunun başqanı Riyaz Dəmirçi ziyalılar, millət vəkilləri və digərləri ilə görüşlər keçiriblər. Onlar həmçinin Azərbaycan Yazıçılar Birliyinə üzv seçiliblər. Əsət Ərbilin bizə verdiyi müsahibəsini təqdim edirik. O, bizimlə söhbətində İraq türkmənlərinin problemləri və digər məsələlərdən danışdı.
- Türkmanların çəkdiyi əziyyətin kuliminasiya nöqtəsi Səddam Hüseynin hakimiyyəti illərinə təsadüf edir. O zaman edamlar, sürgünlər, qovulmalar və digər dəhşətli cəzalar yaşanırdı.
- Məsələn ola bilərdi ki, mənim ailəmdən biri Avropaya gedib. Onda mənim ailəmdəki bütün kişilərin edam olunması hər an baş verə bilərdi. Bunu da müxtəlif bəhanələrlə əsaslandırırdılar. Səddamdan sonra isə amerkan idaretmə üsulu başladı. Burada da şiə, sünni və kürd qrupları yarandı və bunlardan liderlər seçdilər. Bu da bir il çəkdi. Ondan sonra isə seçkilər keçirildi. İlk dəfə azad, demokratik parlament seçkiləri baş tutdu. O dövrdə İraq türkmanları sadəcə parlamentdə 3 yer qazandı. Çünki siyasəti bilmirdik. Şimali İraq parlamentində isə biz yer qazana bilmədik. Çünki türkmanlarla kürdlər ortaq məxrəcə gələ bilmədilər. İkinci seçkilərdə İraq çapında türkmanlar böyuk qruplara daxil oldular və nəticədə parlamentdə 10 yer qazandıq. Bundan başqa 2 nazirliyin idarəetməsi də türkmanlara tapşırıldı. İcraat nazirliyi ilə İdman və Gənclər Nazirliyi türkmanlara verildi. İraq parlamentinin 375 üzvünün 10-u türkmandır. Bizim qruplarımız ilk dəfə olaraq mən də daxil omaqla Şimali İraqda seçkilərə qatıldıq və 4 yer qazandıq. Şimali İraqda 2 nazirlik-dövlət nazir və sənaye naziri də türkmanlara verildi. İkinci seçkilərdə də sayımız 5-ə yüksəldi, nazirimizin sayı isə 1-ə endi. Bunun da səbəbi nazirliklərdə ixtisarların aparılması idi. Əvvəl 45 nazirlik var idisə, indi onların sayı 23-ə enib. Belə olan halda ən önəmli 2 nazirliyi birləşdirərək Sənaye və Ticarət Nazirliyini bizə verdilər. Hazırda sənaye və ticarət naziri İhsan Doğramacının bacısı oğludur. Bağdad yönətimində isə 10 parlament üzvü və 2 nazirimiz var. Kürdlərin isə İraq üzrə 35 millət vəkilləri, Şimali İraq Paprlamentində isə 111 deputatları var.
- İraq türkmanlarının toplum olaraq intellektual potensialı və milli kimliyini dərki hansı səviyyədədir?
- Səddam Hüseyn dönəmi ilə indiki dövrü müqayisə etsək böyük bir fərqin şahidi olarıq. O zaman biz, özümüzü türkman olaraq tanıda bilmirdik. Səddam Hüseyn öz dili ilə demişdi ki, İraq ərəb və kürdlərdən ibarətdir. O, İraqda türkmanların yaşadığını etiraf etmirdi. Amma indi türkmanlar öz milli mənsubiyyətlərini açıq ifadə edirlər. İraqda hazırda 3 milyon yarım türkman var. Siyasi aktivliyimiz də inkişaf edir. Amma istənilən səviyyədə deyil. Bizim arzularımız daha böyükdür. Amma türkmanların aktivləşməsindən narahat olan qüvvələr də var. Fikirləşirlər ki, türkmanların siyasi aktivliyi artarsa onlar Türkiyənin nəzarəti altına keçərlər. Amma biz türkman xalqı olaraq millətimizin rifahı naminə fəaliyyət göstəririk. 1992-1993-cü illərdə türk məktəbləri açdıq. İndi Ərbildə 13, Kərkükdə 78 türk məktəbi var. Ərbildə Universitetimiz var və onun türk bölümü fəaliyyət göstərir.
- İraq türkmanları daha çox Azərbaycan türklərinə yaxındırlar. Bu özünü fiziki baxımdan da daha çox büruzə verir. Orada Azərbaycan haqqında nə qədər məlumat var?
- Bütün türkmanlar özlərini Azərbaycanın bir hissəsi sayırlar. Azərbaycan bizim ata, Türkiyə isə ana yurdumuzdur. Çünki bizim babalarımız buradan İraqa köçüblər. Hər kəs bunu bilir, tarix də bu faktı təsdiqləyir. Azərbaycanın həsrətindəyik. Mən qəzetiniz vasitəsilə Azərbaycan yetkililərinə səslənirəm. Azərbaycanın Bağdadda bir səfirliyi açılsın. Belə olarsa, bir körpü qurular. Biz, Bağdada gedərək viza alıb, Azərbaycana rahat gələ bilərik. Əgər Bağdad təhlükəlidirsə, Kərkükdə, Kərkük də güvənli deyilsə, Ərbildə səfirlik açılsın. İraqda ən təhlükəsiz yer Ərbildir. Türkiyənin Bağdada səirliyi, Mosulda, Kərkükdə, Ərbildə isə konsulluğu var. Biz asanlıqla həmin nümayəndəliklərdən viza alıb Türkiyəyə gedə bilərik. Azərbaycanda İraq səfirliyi var. Niyə Azərbaycanın da İraqda səfirliyi olmasın? Belə olarsa biz, bir birimizə daha yaxın olarıq. Mən bura gəlməzdən öncə Azərbaycanı xəyalən tanıyırdım. Amma indi əglib insanları gördüm, ziyalılarla görüşdüm və bir sıra müzakirələr apardıq. Bu başlanğıc bizim üçün çox önəmlidir və ümid edirəm ki, davamlı olacaq. Qarşılıqlı səfərlərimiz gerçəkləşəcək.
- İndi kürdlərlə türkmanlar arasında problemlər yaşanırmı?
- Hazırda bizim kürdlərlə münasibətlərimiz normaldır. Amma əvvəllər elə deyildi. Kürdlərlə münasibətlərmizin normal olmaması bizə problemlər yaradırdı və bu tendensiya əleyhimizə işlədi. İnsanlarımız parlamentdə təmsil olunmurdular, nazirliklərdə və digər dövlət idarələrində çalışmırdılar. Kürd bizsiz olmaz, biz də kürdsüz olmarıq. Biz, dövlət idarəetməsində və parlamentdə millətimiz naminə fəaliyyət göstəririk. Bir təhsil və bir mədəniyyət şöbələrimiz az idi. Amma bu kürd idarəetməsinin nəzarəti altında idi. Biz parlamentdə olduğumuz zaman bu məsələni qaldırdıq. Niyə bizim ali rəhbərlikdə təmsilçiliyimiz olmasın? İndi bizim təhsil və mədəniyyət sahəsində 2 baş idarəmiz var. Ərbil baş mədəniyyət idarəmizdə böyük bir tədbir keçirdik və bütün İraqdan tədbirə nümayəndələr qatıldılar.
Həqiqətən biz, hazırda kürdlərlə normal münasibətdəyik. Öncədən münasibətlərimiz normal deyildi və buna görə də hər şeydən məhrum idik. Bu çox önəmli məsələdir. Fikirləşdik ki, bu problemlər həm kürdlərin, həm də bizim ziyanımızadır. Ona görə də bir masa ətrafında problemlərin həlli istiqamətində müzakirələr aparmağa qərar verdik. Düşündük ki, axı niyə biz, bir yerdə yaşaya bilməyək? Qərar verdik və düşmənçiliyə son qoyuldu. İndi dostluq içində yaşayırıq.
- Amma İraqda Kürdüstan dövlətinin qurulması məsələsi var idi ki, bu da türkmanların narazılığı ilə qarşılanırdı. Yəni türkmanlar bu dövlətin onların torpaqları üzərində qurulmasına qarşı idilər. İndi bu məsələ ilə bağlı vəziyyət nə yerdədir?
- Bu məsələ ilə bağlı Kərkük və Ərbil Bütövlükdə İraq və Kürdistan bölgəsində problem olaraq qalır. Kürdlər iddia edir ki, Kərkük onlarındır, türkmanlar isə deyirlər ki, türklərindir. Təbii ki, Kərkükün türk torpağı olmasına heç kimin şübhəsi yoxdur. Amma bu məsələ ilə bağlı böyük qüvvələr arasında çəkişmələr gedir. Maliki, Məsud Bərzani ilə Cəlal Tələbaninin qrupları arasında fikir ayrılıqları, mübahisələr var. Bu çəkişmələr 1991-ci ildə başlayıb və indi də davam edir. Hətta kürd liderləri Kərkükü yaxın şərqdə Qüdsə bənzətmişdilər. Kərkükü kürdlərin Qüdsü adlandırırdılar. Amma ümumilikdə Kərkük xalqına nəzər yetirsək orada hansısa ayrı-seçkiliyin olmamasını görəcəyik. Türk, kürd, ərəb və digər millətlər, eləcə də dinlər arasında heç bir ayrı-seçkilik yoxdur. Həmişə bir yerdə qardaşcasına yaşamışıq. Bizim tələbimiz nədir? Bildiririk ki, Kərkükün probleminin həlli Kərkük xalqının öz ixtiyarına buraxılmalıdır, hökumətlər arasında razılaşmaya görə bu xalqın taleyi həll olunmasın. Əgər Kərkük xalqı istəyirsə Kürdüstanın tərkibinə keçsin, onda qoy bu belə də olsun. Yox, əgər bunu istəmirlərsə, ayrıca muxtariyyət istəyirlərsə və digər tələbləri varsa bu, referendum yolu ilə öz həllini tapsın. Kəpkükdə türk, kürd, xristian, müsəlman, sünni, şiə - müxtəlif cür millətlər, dinlər, məzhəblərdən olan insanlar var. Ona görə də bu xalq özü bizlərdən və hökumətdən problemin çözümünü daha yaxşı bilirlər. Onlar üçün hansı variant yaxşıdırsa, onu da seçsinlər. Yəni seçimi xalqa buraxmaq lazımdır.
Firudin